Rövşanə Bektaşi ANS TV-də Ulvira Qarayevanı əvəzləyəcək
27 Sentyabr 2012 19:18 Mədəniyyət"İkinci həyat" verilişinin yeni aparıcısı bəlli oldu. Bu barədə Modern.az saytına məlumat verən ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mais Məmmədov bildirib ki, yeni aparıcı hazırda ANS TV-də yayımlanan "Bazar səhəri" proqramının aparıcısı Rövşanə Bektaşidir. O qeyd edib ki, proqramın yaradıcı heyəti tamamilə yenilənib və veriliş gələn həftənin birinci günündən telekanalda yayımlanacaq. Qeyd edək ki, sentyabr ayının 17-i və 18-də birbaşa yayımlanan "İkinci həyat" verilişinə telefon vasitəsilə canlı bağlanan tamaşaçılar etikadan kənar ifadələr işlətmişdilər. Milli Teleradio Şurasının (MTRŞ) ANS-yə məlum xəbərdarlığından sonra "İkinci həyat" verilişində etik normalardan uzaq ifadələrə yol verilməsi proqramın bağlanmasına və proqramın yaradıcı heyətinin işdən çıxarılmasına səbəb olmuşdu. Aparıcı Ulvira Qarayeva da efirdən uzaqlaşdırlmışdı.