Türk serialı ingilisləri cin atına mindirdi
25 Sentyabr 2012 12:28 MədəniyyətAvropa Birliyinin müxtəlif ölkələrə ünvanladığı maliyyə yardımları Britaniyada yeni müzakirələrə səbəb olub. AB-nin müxtəlif proqramları və layihələri çərçivəsində Çin, Rusiya, İslandiya, Braziliya, Xorvatiya və Türkiyə kimi ödənən yardımlarla dünyanın ən yoxsul ölkələrinə AB-nin ünvanladığı maliyyə dəstəyi müqayisə olunub.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Britaniya Mühafizəkarlar Partiyasından olan millət vəkilləri yardımların dayandırılmasını və ya real ehtiyacı olan dövlətlərə yollanmasını tələb edirlər.
"Vətəndaşlarımızdan vergilər hesabına toplanan pulların bir qisminin yardımlar kimi Türkiyə, Çin, İslandiya və Rusiyaya yönlənməsi yolverilməzdir. Afrika və Asiyada yardıma ehtiyac duyulan ölkələrə dəstək olmaq əvəzinə, vəziyyəti pis olmayan dövlətlərə niyə pul veririk?" - millət vəkili Polin Lethem deyib.
Britaniyanın beynəlxalq inkişaf naziri Castin Qrininq də yardım proqramlarına yenidən baxılacağını deyib.
Avropa Birliyinin yardım etdiyi ölkələrdən biri də Türkiyədir. AB Ankaraya ötən il 1,2 milyard avro yardım edib.
Maraqlıdır ki, həmin yardım proqramlarından birinin çərçivəsində teleserial da çəkilib.
TRT1 telekanalında nümayiş olunan "Avropa Avropa" serialının yardımlar hesabına çəkilməsi britaniyalıları çox sinirləndirib.
"Türklər bizim pulumuza serial çəkir, insanların əksəriyyəti aclıq çəkən Maliyə isə ildə vur-tut 1,6 milyon funt-sterlinq yardım ayrılır. Bu, biabırçılıqdır", - Lethem deyib.