Bizə həyat dərsi keçən manıslar və yaxud pişiklərin meyitini soyuducuda saxlayan rəqqasə
25 Sentyabr 2012 10:43 MədəniyyətCavid Ramazanov
Uzun illərdir ki, bizə müğənniləri, manısları, şou-biznesi təbliğ edirlər. Biz onları hər gün televiziyada, radioda, toyda, nişanda - hər yerdə görürük. Ömründə bir kitab oxumayan bu dünyagörüşsüz, savadsız, zövqsüz adamlar (əksəriyyəti) bizə necə geyinməyi, necə yaşamağı, necə sevməyi, necə tərbiyəli olmağı, necə istirahət etməyi, necə vətənpərvər olmağı, necə xalq sevgisi qazanmağı, seçkilərdə kimə və necə səs verməyi öyrədirlər.
Onlar üçün hər cür şərait yaradılıb. Azərbaycan hakimiyyəti onları bizə qəhrəman kimi təqdim edir, onlara xalq artisti, əməkdar artist kimi titullar paylayır. "Pulum yoxdur", - deyib bir kitaba, qəzetə pul vermək istəməyən, bir yazıçıya, intellektuala, ziyalıya dəstək olmaq istəməyən camaatımız da bu manısların toyda yarım saat çıxış etməsi üçün onların başından aşağı pul tökür, dəstək olur, gecə-gündüz televiziyada onların məsləhətlərini dinləyir.
Torpaqlarının 20 faizi işğal edilən, əhalisinin böyük əksəriyyətinin yoxsulluq içərisində yaşadığı ölkənin ən çox pul qazanan, ən populyar, ən hörmətəlayiq təbəqəsi şou-biznes əhlidir. Çünki sağolsun, hakimiyyət onları təbliğ edir, camaatımız da sağolsun, onları toyuna çağırır, onlara astronomik pullar xərcləyir, dəstək olur. Problem harda yoxdu ki? "Za to" biz regionun lider dövlətiyik...
Bəzi qəzetlərdən, saytlardan Azərbaycan şou-biznes nümayəndələri barədə ən çox oxunan xəbərləri topladım. Bu xəbərlərin hamısı bü günlərdə mətbuatımızda nəşr edilib. Mövzu qıtlığından əziyyət çəkən mətbuatımızda belə xəbərlərin getməsi normaldır, çünki bu xəbərlərə camaatımız arasında tələbat var. Bəlkə də bu xəbərlər sizə zarafat kimi, mənim şəxsi fantaziyam kimi görünəcək. Ancaq "Google"da, yerli saytlarda, qəzetlərdə xırda axtarış aparmaqla bu xəbərlərin doğruluğuna, həqiqiliyinə əmin ola bilərsiniz. Xəbərlərdə adları keçən bu şəxslər Azərbaycanın xalq, əməkdar artisləri, populyar müğənniləri, rəqqasələri, prodüsserləridir. Qısası televiziyada, radioda, qəzetlərdə, saytlarda, toyda, nişanda bizə həyat dərsi keçən qəhrəmanlar, məşhur şəxslərdir.
Buyurun oxuyun:
Dəvə kimi tüpürməklə hədələyən əməkdar artist
Aygünlə Elza Seyidcahan torta görə bir-birlərini təhqir etdilər
Azərbaycanın əməkdar artisti, bəstəkar-müğənni Elza Seyidcahan və xalq artisti Aygün Kazımova arasında insident yaşanır. Tanınmış xəz-dəri şirkətinin şərəfinə qurulan tədbirdə Aygün Kazımovanın şirkətin siması olaraq kəsdiyi tortdan Elza Seyidcahana verməməsi bəstəkar-müğənninin özündən çıxarıb.
Elza xanım bunu özünə qarşı hörmətsizlik kimi qəbul edərək, yerli saytlara açıqlamasında Aygün Kazımovanın ünvanına, "Aygün Kazımova şərəfsiz, ləyaqətsiz və şeytanlaşmış adamdır. O, tortu mənə ona görə təqdim etməyib ki, xəyanətkardır, xaindir, xalqını sevməyən biridir", "Aygün elə bilir ki, o, hamıdan üstündür. İstədiyi şəxsi tapdalayıb keçə bilər. Ancaq bilsin ki, Elza Seyidcahan nə qədər məsum göyərçin kimi görünürsə, bir gün o dəvə olub Aygünü üzünə elə tüpürəcək ki..." kimi sərt ifadələr işlədib.
Xalq artistinin cavabı özünü çox gözlətməyib. Aygün Kazımovanın ünvanına işlətdiyi təhqiramiz ittihamlar qarşı tərəfi daha kəskin açıqlama ilə çıxış etməyə məcbur etdi və gecədən başlayan bu söz-söhbətə olan münasibətini olduğu kimi təqdim edirik:
"Bu qadın nə danışdığını bilmir. Dəvədir, qara qarğadır, ağ göyərçindir - özü bilər. Görəsən, o, qanuni və ya qeri-qanuni, ünvanıma işlətdiyi ittihamların arxasında dayana biləcək? Mənə çox maraqlıdır. Sevinsin ki, Bakıda yoxam. Digər tərəfdən, belə cəsarəti var idisə, narazılığını tədbir zamanı üzümə deyərdi. Daha üstündən bir neçə saat keçəndən sonra saytlara niyə zəng edib, müsahibələr verir?"
Özümə deyərdi, cavabını da alardı ki, iy verib, iylənir. Hə, bir də ona diş məcunu və fırça almaq lazımdır ki, özünü səliqəyə salsın. Dişlərini yusun və səhnəyə də elə məcunla və fırça ilə çıxsın. Axı o, mənasız ideyaları ilə özünü orijinal sayır".
"Facebook"dakı ağsaqqal müğənnini qınadı
Leyla Ramazanlı qınandı
Gənc müğənni Leyla Ramazanlı "facebook" sosial şəbəkəsinin aktiv istifadəçilərindəndir. Sənətçi vaxtaşırı olaraq öz səhifəsində dostları ilə yaradıcılıq yenilikləri ilə yanaşı, yeni fotolarını da paylaşır. Vaxtilə olduqca təvəzökar olan Leyla xanımın bu fotolarda get-gedə daha sərbəst görünməsi də diqqətdən yayınmır.
Lakin zəmanənin nəbzini tutaraq günü-gündən müasirləşən L. Ramazanlının bu cəsarətli hərəkətinə görə tənqid edənlər də tapılır. Belə ki, müğənninin dostlarından biri, eyni zamanda, onun ailəsi ilə yaxından tanış olan bir ağsaqqal növbəti şəkillərdən birinə belə şərh yazıb: "Bu şəkilləri sənə və ailənə yaraşdırmıram. Bir az ağır ol". ("Reytinq" qəzeti. 16.09.2012)
Pişiklərin meyitini soyuducuda saxlayan rəqqasə
İlona pişiklərlə dostluq edir
Rəqqasə İlona Tağıyevanın ən böyük hobbisi pişiklərlə bağlı imiş. Hətta pişik həvəskarı olan rəqqasənin bununla bağlı qəribəlikləri də varmış. Belə ki, o, yiyəsiz pişik görən görən kimi, yazığı gələrək onu "qanadı altına" alır. Rəqqasənin evində 20-yə yaxın pişiyin saxlandığı vaxtlar da olub.
Bu yaxınlarda İlona xanım pişik "təsərrüfatını" işlətdiyi gözəllik salonunda da genişləndirmək qərarına gəlib. Nəticədə, pişikləri gözü götürməyən salon sahibəsi rəqqasəni töhmətləndirərək, bir daha həmin məkanda pişik görmək istəmədiyini bildirib.
Sənətçinin kirayə qaldığı evin sahibəsi ilə də arası bu səbəbdən dəyib. Hətta deyilənə görə, qışın ən soyuq vaxtlarında həyətdə şaxtadan donan 3 pişiyin meyitini İlona xanım soyuducuya qoyaraq, havaların istilənməsini gözləyib ki, onları aparıb basdırsın. Ona bir çox problemlər yaratsalar da, sənətçi yenə məstanları çox sevir. ("Reytinq" qəzeti. 16.09.2012)
Müğənniləri cücə adlandıran məşhur klipmeyker
Zorik özünə birinci deyən müğənniləri "cücə" adlandırdı
Qalmaqallı klipmeyker Zöhrab Ağayev şou-biznes əhlini "ağ yuyub, qara sərdi". Rejissor özlərinə birinci deyən bəzi müğənniləri "cücə" adlandırdı. Zorik hətta onları geyindiyi coraba belə layiq görmədi. Açıqlama verən Ağayev bunları dedi:
"Yerdən çıxan cücələr özlərini birinci hesab edirlər. Ancaq bilmirlər ki, nömrə 1 olmaq üçün yeni-yeni mahnılar yazdırıb klip çəkdirməli, konsertlər verməlidirlər. Hətta Azərbaycanı xarici ölkələrdə də təmsil etməlidirlər. Eyni zamanda da özlərini ulduz hesab edən müğənnilərin şəxsi stilistləri və prodüsserləri olmalıdır. Çanta daşıyanları yox. Yoxsa kreditə götürdüyü maşını, 5 gün keçməmiş əlindən alırlar. Sonra da deyirlər ki, bizdən yoxdur. Mən ulduzam. Əksəriyyəti ulduz yox, ancaq mənim corabım ola bilər". ("SİA.Az" 18.09.2012)
"Siz bilirsiniz mən kimin qızıyam?"
Tanınmış müğənni gecə klubunda dava saldı
Bu gün Bakının tanınmış gecə klublarının birində maraqlı hadisə yaşanıb. Məşhur müğənni Səidə Dadaşova gecə klubunun çıxışında dava salıb. Klubdan çıxan müğənni ona sataşan 2 gənc oğlanı təhqir edib. Münaqişəni şahidi olan post patrul xidmətinin işçiləri hadisə yerinə gəlib və hər iki tərəfi polis bölməsinə aparmağa cəhd göstərib.
Vəziyyətinin çıxılmaz olduğunu görən müğənni Səidə Dadaşova "Siz bilirsiniz mən kimin qızıyam, mən Rafael Dadaşovun qızıyam" deyərək polisə hədə qorxu gəlib və polis bölməsinə yalnız oğlanların gedəcəyini deyib.
Maraqlıdır ki, post patrul xidmətinin əməkdaşları Səidə Dadaşovanı yox, məhz gəncləri bölməyə aparıb. Şahidlərin dediyinə görə, mübahisəyə səbəb müğənninin oğlanları pis təhqir etməsi olub. (Azxeber.az)
ANN.Az