Yaşar Cəlilovdan qadağa VIDEO
Müğənni və rejissor qalmaqalı xoşagəlməz nəticələndi
21 Sentyabr 2012 16:10 MədəniyyətMüğənni Yaşar Cəlilov ona uğur gətirən "Bilməzdim" mahnısının yerli serialda sound-trek kimi istifadə olunmasına qadağa qoyub. Daha öncə serialın prodüseri və rejissor Mahir Cananovla "Satko" serialında əməkdaşlığa razılıq verən müğənni sonradan fikrindən daşınıb.
Müğənni çəkilişlərdə iştirak etdikdən sonra bu qərara gəlib. Yaşar və Mahir Cananov arasındakı işbirliyi qanuni şərtlərə uyğun olmadığı üçün ortaya müxtəlif problemlər çıxıb. Yaşar Cəlilov ANS PRESS-ə açıqlamasında narazılığın səbəbini açıqlayıb: "Əvvəlcə Mahir Cananov şəxsən özü musiqinin sound-trek kimi istifadə olunmasını təklif etdiyi halda qonorar verməkdən imtina etdi. Nə müqavilə, nə də qonorar təklif etmədən məni filmin çəkilişlərinə dəvət etdi. Ortaq dotlarımız olduğu üçün təklifə razılıq verdim"
Filmin tanıtımı musiqi çarxının çəkilişlərində iştirak edən müğənni həmin vaxt qeyri-dəqiq iş şəraiti ilə üzləşib və bu narahatlıqlar həll olunmadan davam edib: "Təsəvvür edin, çəkiliş saatı təyin olunduğu vaxt bütün işlərimdən imtina edib meydançaya gəlirəm, vaxt uzanır, pərakəndə çəkiliş gedir, rejissor həmin saatda başqa çəkiliş edir. Mən sənətçiyəm, extra tədbirlərim, studiyada yaradıcılıq işlərim var. Əgər mən qonorarımdan və əlavə gəlirimdən imtina edirəmsə, bu cür münasibət görməməliyəm. Indi peşmanam ki, müqavilə ilə işləməmişəm. Çünki, indi belə narahatçılıq da olmazdı. Ona görə də, "Bilməzdim" mahnısının "Satko" filmində sound-trek olmasına da qadağa qoydum"
Serialın prodüseri Mahir isə sound-trek üçün başqa müğənni ilə razılaşdığını və bunun üçün maddi vəsait aldığını da deyib. Mahir onu da əlavə edib ki, həmin müğənninin adını açıqlamaq istəmir.
Yaşar isə başqa mahnının filmə uğur gətirəcəyinə inanmadığını deyib: "Baxarıq, izləyərik. O özü mənə demişdi ki, "Bilməzdim" mahnısı bütünlükdə filmin motivini ifadə edir. Yeri gəlmişkən, "Bilməzdim" mahnısı "Youtube"də 2 milyona yaxın istifadəçi tərəfindən izlənilib. Məhz o mahnımın təbliğata ehtiyacı yoxdur. Yenə başqa mahnı olsaydı, deyərdim sağ olsun"
Hər iki tərəf aralarındakı münasibətin hələ də normal olduğunu desə də, bu normal münasibət özünü əməkdaşlıqda təsdiqləmədi.