Opera və Balet Teatrından Firəngiz Əlizadəyə cavab gəldi

Şükufə Ağamirzəyeva: “Nə qədər tələbat var, bu tamaşalar göstəriləcək”

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin yerli  saytların birinə  verdiyi müsahibə böyük qalmaqal yaradıb.  Opera və Balet Teatrının repertuar siyasətindən danışan bəstəkar belə deyib:   ""Koroğlu", "Leyli və Məcnun" nə qədər olar? Onlar gözəl, dahi əsərlərdir. Amma biz bunları artıq əzbərləmişik. Operamızda yalnız əzbərlədiyimiz əsərlər oynanılır. Cahangir Cahangirovun "Xanəndənin taleyi", Məmməd Quliyevin "Aldanmış ulduzlar", Ramiz Mustafayevin "Vaqif", Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operası niyə səhnədə yoxdu?"

Firəngiz Əlizadənin fikirlərinə münasibət bildirən  Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevanın açıqlamalarını  olduğu kimi təqdim edirik: "Əvvəla onu deyim ki, bu Firəngiz xanımın şəxsi fikirləridir. Onun dediklərindən xəbərdarıq. Amma Opera və Balet Teatrının repertuarı heç də onun söylədiyi kimi deyil. Keçmiş və indiki nəsillər "Koroğlu", "Leyli və Məcnun"-u görüblər. Və gələcək nəsillər də bu operaları görməli və tanımalıdır. Onu da deyim ki, bu operalara tamaşaçıların hər zaman tələbatı olub. Elə gün olmayıb ki, zəng vurub bu operaların nümayiş vaxtı ilə maraqlanmasınlar. Biz repertuarı çox vaxt tamaşaçıların tələbatı ilə hazırlayırıq. "Leyli və Məcnun", "Koroğlu" operaları Azərbaycan milli opera sənətinin nadir incilərindəndir. Nə qədər tələbat var, bu tamaşalar göstəriləcək. O cümlədən də Q.Qarayev, F.Əmirov, X.Mirzəzadə, P.Bülbüloğlu və çoxlu sayda bəstəkarların opera və balet tamaşaları Opera və Balet Teatrının səhnəsində müntəzəm olaraq oynanılır. Həmçinin də klassik, dünya və müasir bəstəkarların əsərləri repertuara daxil edilir".     

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31