Milli Məclis muğam haqqında qanun qəbul edəcək
18 Sentyabr 2012 16:38 MədəniyyətMilli Məclisin 2012-ci il payız sessiyasında Mədəniyyət komitəsinin qanunvericilik işlər planına iki qanun layihəsi daxil edilib. Bu barədə MM-in mədəniyyət məsələləri komitəsindən "Olaylar"a verilən məlumata görə, bunlar "Mədəniyyət haqqında" və "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihələridir. "Mədəniyyət haqqında" qanun layihəsi ötən sessiyada parlamentin plenar iclasının birinci oxunuşundan keçib. Onu da xatırladaq ki, "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihəsi adıçəkilən komitənin üzvü, professor Rəfael Hüseynov tərəfindən hazırlanıb. Həmin qanun layihəsinin komitə müzakirəsindən sonra payız sessiyasında birinci oxunuşa çıxarılması gözlənilir. Məlumatda o da bildirilir ki, mədəniyyət komitəsinin MM-in yaz və növbədənkənar sessiyalarında iki iclası keçirilib və həmin iclaslarda 3 məsələ müzakirə olunaraq parlamentin plenar iclasına çıxarılıb və qəbul edilib. Bundan əlavə, komitədə ayrı-ayrı vətəndaşlar, habelə idarə və təşkilatlardan daxil olan 80 məktub, təklif, ərizə və şikayətə baxılıb. Həmçinin, ötən dövrdə komitə sədri tərəfindən 18 vətəndaş qəbul edilib.