“Azərbaycanda Avropa tipli teatr inkişaf edir”
Mirsahib Ağayev: “Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynayıb”
11 Mart 2015 14:25 MədəniyyətAzərbaycanda Milli Teatrın yaradılmasından 142 il keçir. Milli səhnədə oynanılan ilk əsərlər Mirzə Fətəli Axundovun 10 mart və 17 aprel 1873-cü il tarixdə tamaşaya qoyulmuş "Lənkəran xanının vəziri" və "Hacı Qara" komediyalarıdır. Milli teatrımızın yaradılmasında Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlovun müstəsna rolları olub. İlk teatr binasını tikdirən isə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev olub. Sonrakı illərdə bu sahədə yetişmiş Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Möhsün Sənani, Fatma Qədiri, Münəvvər Kələntərli, İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Rza Əfqanlı, Mərziyə Davudova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Səyavuş Aslan, Yaşar Nuri, Nəcibə Zeynalova kimi incəsənət xadimləri Azərbaycan teatrının inkişafına öz töhfələrini veriblər. Şərqdə ilk peşəkar teatrın Azərbaycanda yaranması milli-mənəvi dəyərlərimizin qorunmasında, təbliğində, estetik zövqün formalaşmasında, maariflənmənin sürətlənməsində mühüm rol oynadı. Teatr yaranmasından çox qısa zaman sonra Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsinə çevrilə bildi.
"Azərbaycan teatrının çoxşaxəli qolları var"
"Yuğ" Teatrının rejissoru Mirsahib Ağayev Azərbaycan teatrının səmərəli yol keçdiyi qənaətindədir. Azərbaycanın peşəkar teatr tarixinin Mirzə Fətəli Axundovdan başladığını deyən M.Ağayev, ölkə teatrının Avropa əsasları üzərində təməl atdığını bildirib: "Lakin Azərbaycanın teatr ənənələri daha qədimlərə gedir. Qədim tarixə malik "Sayaçı", "Novruz", "Gəvsəç" kimi mərasimlərdə, toy mərasimlərində ifa olunan "Xan-xan", "Mütriblərin rəqsi", "Gəlinlə qayınananın deyişməsi" və sair epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, "Zorxana" səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan "Yuğ" mərasimində də meydan teatrı ünsürləri güclü olub. Səfəvilər dövründən "Şəbih" dini tamaşası geniş yayıldı. "Şəbih"lər Azərbaycanda professional teatrın yaranmasına səmərəli təsir göstərməklə yanaşı bir çox sənətçilərin səhnəyə gəlməsinə müəyyən imkan yaradıb. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynayıb. Bütün bu ənənələri nəzərə alsaq, bu günkü Azərbaycan teatrının çoxşaxəli qolları var. Lakin təəssüflər olsun ki, hazırda bizdə əsasən Avropa tipli teatr inkişaf edir. Amma buna alternativ teatrlar olub, indi də var. Buna misal olaraq "Yuğ" teatrını göstərə bilərəm". Mirsahib Ağayev bu sahədə məvacib problemlərinin olduğunu deyir. Rejissor inkişafa nail olmaq üçün yaradıcılığa stimulun verilməli olduğunu qeyd edib.
"Əyalətlər və Bakı arasında ciddi fərq yoxdur"
Mirsahib Ağayev Bakı və region teatrları arasındakı fərqlərdən də danışıb. O, region və paytaxt teatrları arasında elə də ciddi fərqlərin olmadığını bildirib. Ümumilikdə Azərbaycan teatrının tamaşaçı probleminin olduğunu vurğulayıb. "Bu problem əyalətlərdə də var, Bakıda da. Lakin insanların teatra gəlmələri üçün asudə vaxtları Bakıda daha çoxdur. Əyalətlərdə isə bu məsələ o qədər də əlverişli deyil. Yaradıcılıq baxımından müəyyən fərqlər var. Ümumi götürəndə isə, elə bir köklü fərq yoxdur" - deyə M.Ağayev vurğulayıb. Son illərdə gənclər arasında incəsənətə marağın artdığını deyən rejissor hesab edir ki, bu meyillər təkcə İncəsənət Universitetiylə məhdudlaşmır: "Müxtəlif təbəqələrdən olan insanlar, digər ixtisas sahələrini bitirən tələbələr teatra üz tuturlar. Peşəkar təhsil almayan insanlar var ki, teatrda peşəkar fəaliyyətlə məşğul olurlar. Xüsusən teatra meyl gənclər arasında daha böyükdür".
Mənsur