Tahir Əkbər fəxri ad almasından danışdı
“Bu şad xəbəri mənə Eldar Mansurov dedi”
17 Sentyabr 2012 14:57 Mədəniyyət18 sentyabr-Milli Musiqi günü ilə əlaqədar olaraq dövlət başçısının sərəncamı ilə bir sıra incəsənət xadiminə fəxri adlar verilib. "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülən bəstəkar Tahir Əkbər təəssüratlarını eksklüziv olaraq bizimlə bölüşdü: "Fəxri ad mənim aləmimdə bir hesabatdır. Bu dövlətin sənə münasibətindən xəbər verir. Tutaq ki, xalq arasında insan bəyənilə bilər. Amma dövlət tərəfindən də bəyəniləndə, qiymət veriləndə bu sanki vəhdət yaradır. Fəxri ad yaradıcı insan üçün mənəvi qidadır. Axı incəsənət xadimləri kövrək qəlbli olurlar. Kiməsə cəmiyyətdə lazımsansa, sənətinə qiymət verilirsə bu xoşbəxtlikdir. Mən təbii ki, dövlət başçımıza minnətdaram ki, məni diqqətdən kənarda qoymadı. Çünki mən neçə ildir ki, bu sənətdəyəm. Məni səfərbər etməyə vadar edir ki, bundan sonra da canla-başla xalqım üçün çalışım. Fəxri ad almaq xəbərini mənə yaxın dostum, şəxsiyyətinə, sənətinə hörmət etdiyim Eldar Mansurov dedi. Xəbərim yox idi ki, mən ad almışam. Eldarın da "xalq artisti" adına layiq görüldüyünü eşidəndə çox sevindim. Çünki Eldar Mansurov dəyərli bəstəkardır. 1980-ci illərdə mahnı janrına eyni vaxtda gəlmişik. Düzdür, janrlarımız fərqli oldsa da bir-birimizin sənətinə bələd idik. Eldarın hər uğuruna sevinirəm. Hətta bizim sərhədlərimizi də vurub keçən musiqiləri artıq neçə ölkələrdə səslənir".