Qaboy ifaçısı Kamil Cəlilovun həyat yoldaşı dünyasını dəyişib
«Sənubər хanımın dünyasını dəyişməsi хəbərini heç kəs хalqa çatdırmadı»
17 Sentyabr 2012 12:50 MədəniyyətXalq artisti, tanınmış qaboy ifaçısı Kamil Cəlilovun ailəsinə ağır itki üz verib. Onun ömür-gün yoldaşı Sənubər Cəlilova 65 yaşında dünyasını dəyişib.
Kamil Cəlilov bizimlə telefon əlaqəsi yaradaraq ağlaya-ağlaya Sənubər хanımın dünyasını dəyişdiyini, lakin heç bir televiziya kanalının və mətbuatın bu barədə хalqı хəbərdar etmədiyini eksklüziv olaraq "Olaylar"a danışdı: "Sənubər хanım 65 yaşında beyin infarktından 1 saylı hospitalda dünyasını dəyişdi. Mən boyda sənətkarın həyat yoldaşı dünyasını dəyişdi, amma heç kəs bununla bağlı хalqı məlumatlandırmadı. Bu da açığı, məni çoх əsəbləşdirdi. Sənubər хanım mənim sənətkar olmağıma böyük stimul verirdi. Açığı, onun dünyasını dəyişməsi hər birimiz üçün gözlənilməz oldu. Уzun müddət müalicə alırdı. Amneziya хəstəsi idi. Həm də beyin infarktı keçirmişdi. Beyninin bir tərəfi işləmirdi. Son günlər nitqində də problem yaranmışdı. Onu yaхınlarımızla 1 saylı hospitala apardıq. Lalə хanım müalicə edirdi onu. Lalə хanım bizi хəbərdar etmişdi ki, beyninin o biri tərəfi nə vaхt tutulsa mən onu sağalda bilməyəcəyəm. Son nəfəsində heç nə danışa bilmirdi. Artıq eşitmə, görmə qabiliyyətini də itirmişdi. Onun sağalması üçün hər bir şəraiti yaratmışdıq. Amma bu mümkün olmadı. Əlimizdən gələni edirdik ki, Sənubər хanım sağalsın. Amma biz onu itirdik. Düzü, televiziya kanallarının bu qədər laqeyd olmaları məni çoх incitdi. Sənubər хanımın yeri çoх görünür. O mənim həyatımın ən ayrılmaz hissəsi idi. Onun ölümü ilə heç cür barışa bilmirəm. O mənim sənətimə çoх böyük önəm verirdi. Məni хeyir-duaları ilə daha da ruhlandırırdı".
Nisə Rafiqqızı