Ulvira: "Öz qızını illərlə zirzəmidə zorlayıb, 5-6 uşaq doğuzduran "ata"nın..."

ANS insanlara "İkinci həyat" şansı yaradacaq

ANS yeni televiziya mövsümümdə bir neçə yeni layihələrlə efirə çıxacaq. ANS PRESS-in məlumatına görə, sözügedən layihələrdən biri Ulvira Qarayevanın təqdim edəcəyi "İkinci həyat" verilişi olacaq. Layihə müxtəlif problemlər ucbatından həyatları məhv olmuş, hər yerdən ümidləri kəsilmiş əlacsız insanlara ikinci həyat yaşamaq şansı yaradacaq.Samirə Səfərəliyevanın rəhbəri olduğu layihədə Azət Rahilqızı və Şahin Əsədov kimi təcbürəli prodüserlər çalışır. Azərbaycan telekanalında yeni, özəlliyi ilə seçilən layihənin komanda üzvləri həddən artıq gərgin bir vəziyyətdə işləyirlər. Komandanın məqsədi bəzi kanallar kimi sadəcə şou yaratmaq deyil. Əsas məqsəd insanları narahat edən problemləri müzakirəyə çıxarmaqdır. Bu layihədə elə problemlərdən söz açılacaq ki, bəlkə də indiyədək bunlar barədə danışılmayıb. Eyni zamanda da bu veriilişə pənah gətirəcək insanlara yol göstərmək, gələcək talelərini izləmək və bununla da onlara kömək göstərməkdir.ANS "İkinci Həyat" layihəsində Azərbaycanda daha bir ilkə imza atacaq. Veriliş boyu baş verən hadisələr titrlər vasitəsilə tamaşaçılara çatdırılacaq. Düzdür, digər kanallarda da verilişlərdə titrlər yazılır. Amma "İkinci həyat"da veriliş gedə-gedə, yəni tamaşaçılara canlı olaraq eyni zamanda titrlərlə tamaşaçıların ixtiyarına veriləcək. Yəni studiyada və pərdə arxasında baş verənlər həmin andaca titrlarda öz əksini tapacaq. Beləcə, efirə yeni qoşulan tamaşaçı söhbətin nədən getdiyindən hali olacaq.Aparıcı Ulvira Qarayeva "İkinci həyat"ın nə dərəcədə əhəmiyyətli layihə olduğundan söz açdı: "Bəlkə də mən televiziyaya gələndən bəri həyata keçirmək istədiyim layihələrdən biridir. Qadın proqramıdır, bura ən çox müraciət edənlər qadınlar olacaq. Deyə bilərsiz ki, nəyə görə məhz qadınlar? Bütün təcrübə bunu göstərir ki, bütün dünyada ən çox əzilən təbəqə qadınlardır. Avstriyada öz qızını illərlə zirzəmidə saxlayıb, zorlayıb, 5-6 uşaq doğuzduran "ata"nın da nümunəsində bunu göstərmək olar. Qadınlar öz hüquqlarını qoruya bilmirlər. Xüsusən də Azərbaycanda. Bizim xanımlar, xüsusən də rayonda yaşayan qızlarımız təhsil almaqdan çox ərə getməyi düşünürlər. Fikirləşirlər ki, bir parça çörəyimi ərimin evində yeyəcəmsə bəsimdi. Savadsızlıq ucbatından özləri ilə bərabər uşaqlarının da hüquqlarını qoruya bilmirlər. Düşünmürlər ki, ər atıb gedə bilər, xəstələnə bilər, ölə bilər. Amma sənin təhsilin, sənətin, bacarığın həmişə səninlədi və ayaq üstə qalmaqda yardımçın olacaq. Xanımlarımız öz hüquqlarını bilmədən müxtəlif əyri yollara getməyə məcbur olurlar. İş axtardıqda ədəbsiz təklilərlə qarşılaşırlar və əksər hallarda da bu təkliflə razılaşmağa məcbur olurlar. Çünki, təklifdən imtina daha pisdir. Onu evdə ac gözləyən uşağın gözünə baxmaq bu cəzadan daha ağırdır. Ona görə də, bu proqramın dəstəyinə xanımların daha çox ehtiyacı var. Bir sözlə, bu və ya digər problemlərlə üzləşən xanımları "İkinci həyat"da gözləyirik. Böyük komanda ilə işləyirik və çalışacağıq ki, bizə üz tutan hər bir xanımın problemini həll edək. Amma bununla yanaşı bəylərin də problemləri işıqlandırılacaq. Bir sözlə, hər hansı sosial problemlər bizim layihədə öz həllini tapacaq. Yəni, biz problemi işıqlandırmaqla kifayətlənməyəcəyik, onun həllinə nail olmağa çalışacağıq".Aparıcı "İkinci həyat"a üz tutan şikayətçi qadının dərdini bizimlə paylaşdı: "Birinci verilişimizdəki qadının problemi çox acıdır. Ana üçün övladından ayrılmaq başqa bir dərddir. Övlad ayrılığı ata-ana, qardaş-bacı, bir sözlə başqa bütün əzizlərlə ayrılıqdan daha ağırdı. Bu qadını balasının əlindən alıb ər evindən qovublar və üstəlik ərinin çox yaxın kişi qohumundan çox ədəbsiz təklif alıb. İlk efirimizdə Azərbaycan efirində indiyədək səslənməyən açıqlamalar olacaq. Buna görə də ANS-in tamaşaçılarını həftənin bazar ertəsin saat 17:00-da televiziyanın qarşısına əyləşib bizi izləməyə çağırıram. 2 saat efirdə olacağıq. Bizi izləyin, peşman olmazsız".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31