“Bakı gecələri - 2012” başlayır

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən "Bakı gecələri - 2012" Estrada Mahnı Festivalına start verildi.
ANS PRESS-in məlumatına görə, festivalın məqsədi mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, estrada ifaçılarını dəstəkləmək, Azərbaycanı beynəlxalq müsabiqələrdə layiqincə təmsil edəcək estrada ifaçılarını yetişdirmək və estrada mahnı janrını inkişaf etdirməkdir.
Bu il "Bakı gecələri - 2012" Estrada Mahnı Festivalının keçirilməsində bir sıra yeniliklər tətbiq olunacaq. Festivalda iştirak etmək üçün mahnıların qəbulu elan olunduğu gündən başlayaraq noyabr ayının 1-ə kimi davam edir. Festivala təqdim olunmuş mahnılar Təşkilat Komitəsi tərəfindən qəbul edilir, araşdırılır və efir proqramına daxil ediləcək mahnılar seçilir.
"Bakı gecələri" Estrada Mahnı Festivalının I mərhələsində Təşkilat Komitəsi tərəfindən seçilmiş mahnılar sentyabr ayının 20-dən etibarən festivalın rəsmi informasiya dəstəyi olan "Araz FM - 103.3" radiosunun efirində həftə içi hər gün səsləndiriləcək. Saat 16:00 - 17:00 arası (1 saat) "Bakı gecələri saatı" non stop musiqi saatı efirə çıxacaq və səsvermənin gedişi haqda məlumat veriləcək. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin və "Araz FM - 103.3" radiosunun "facebook" səhifələrində festivala qatılmış mahnılar və səsvermənin gedişi haqda məlumatları əldə etmək mümkün olacaq.
Festivala təqdim olunan mahnılar SMS və www.baku-art.az saytında keçirilən onlayn səsverməsində iştirak edirlər. Səsvermə noyabr ayının 20-ə kimi davam edir və hər iki səsvermənin nəticələrinə görə ən çox səs qazanmış 21 mahnı "Bakı gecələri" Estrada Mahnı Festivalının qalibləri elan edilir. Qalib mahnılar 24 dekabr Heydər Əliyev Sarayında keçirilən Qala-konsertdə tamaşaçılara təqdim olunurlar.
Qaliblər arasından mükafatçıları müəyyən etmək üçün Qala-konsertdə iştirak edən 21 mahnı noyabr ayının 25-dən dekabr ayının 15-ə kimi yenidən səsverməyə çıxarılır və "Araz FM - 103.3" radiosunun efirində səsləndirilir, ən çox səs toplamış 3 mahnı mükafatlandırılır.

I Yer - Diplom və 5000 manat
II Yer - Diplom və 3000 manat
III Yer - Diplom və 2000 manat

Xatırladaq ki, 2008-ci ildən etibarən hər il keçirilən "Bakı Gecələri" Estrada Mahnı Festivalı tamaşaçılar tərəfindən səbirsizliklə gözlənilir və böyük rəğbətlə qarşılanır. Xatırladaq ki, "Bakı Gecələri" Estrada Mahnı Festivalının qalibi 2008-ci ildə Cəlal Abbasovun ifa etdiyi Eldar Mansurovun "Taleyim" mahnısı, 2009-cu ildə isə Natəvan Həbibi və İntizar Məmmədov duetinin ifa etdiyi Murad Arifin "Sevdiyini söylə" mahnısı, 2010-cu ildə isə ilə Leyla Ramazanlının ifa etdiyi musiqisi İsmayıl Əsədova, sözləri Arzu Əsədova aid olan "Qələbə" mahnısı oldu.
2011-ci ildə estrada janrında yazılan mahnıların az olduğunu nəzərə alaraq, Təşkilat Komitəsi festivalın 2 ildə bir dəfə keçirilməsini qərara aldı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31