“Ruslan çox soyuqqanlıdır” – Sevda Yəhyayeva
13 Sentyabr 2012 16:11 Mədəniyyət"Qafqazinfo" Azərbaycanın tanınmış müğənnisi Sevda Yəhyayevanın Sportal.az saytına müsahibəsini təqdim edir
- Futbol üzrə Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsindəki son oyunlarına baxmaq imkanınız olubmu?
- Milli komandamızın oyunlarını izləyirəm, vaxt olanda maraqlanıram. Məncə bunu hər kəs etməlidir. Çalışacam ki, bundan sonra da maraqlanım.
- Azərbaycanın İsrail yığması ilə keçirdiyi görüşü izlədiniz?
- Canlı izləmək imkanım olmayıb. Çünki mənim son vaxtlar işlərim çoxdur. Konsert proqramım reallaşdı, qarşıda isə daha möhtəşəm layihələr var, onların hazırlıqları ilə məşğulam. Amma milli komandamızın İsraillə görüşdə 1-1 hesablı bərabərə qaldığından və yaxşı oynamasından xəbərim var.
- İsraillə görüşdə Ruslan Abışov fərqləndi. İstərdinizmi Portuqaliya ilə görüşdə də belə hal təkrar olunardı?
- Ruslanın vurduğu qol məni çox sevindirdi. Əlbəttə, səfərdə də qol vursaydıq yaxşı olardı, amma nə edək ki, alınmadı. Mən millidə təkcə Ruslana deyil, bütün futbolçulara uğurlar arzulayıram.
- Yığmamız Portuqaliya ilə görüşdə məğlub oldu. Bu oyun sizdə nə kimi təəssüratlar yaratdı?
- Bu görüşdə millimiz 3-0 hesabı ilə uduzub. Təbii ki, bu nəticə bizi heç də qane etmədi. Amma unutmaq olmaz ki, rəqib çox güclü idi. İlk hissədə futbolçularımız yaxşı təsir bağışlayırdılar. İkinci hissədə meydan amili öz sözünü dedi və portuqaliyalılar qələbə qazandı.
- Ruslan Abışovun hansı futbolçu keyfiyyəti sizi qane edir?
- Çox soyuqqanlıdır, meydanda hər işi peşəkar səviyyədə görür. Ruslan Azərbaycan futbolunda sayılıb-seçilən futbolçulardandır.
- Ruslan Abışov İsrailə qarşı qol vuranda ona zəng edib təbrik etdinizmi?
- Yox, etməmişəm. Burdan təbrik edirəm.
- Niyə etməmisiniz?
- Həm mənim vaxtım olmur, həm də o bu ölkədən digər ölkəyə gedirəm. Səhv etmirəmsə, qarşıda Rusiya və Şimali İrlandiya ilə görüşlər var.
- Son vaxtlar stadionlara gəlmirsiniz. Bunun səbəbi nədir?
- Vaxt azlığı ən başlıca səbəbdir. Digər tərəfdən də stadiona gəlirsən və sonda məyus olursan. Bu, bir az adama pis təsir edir.
- Yenidən hansısa futbolçu ilə klip çəkdirmək niyyətiniz varmı?
- Hələ ki, yoxdur. Amma gələcəkdə belə bir layihə olsa, əlbəttə, edərəm. Elə futbol sahəsində ilk işlərdən birini də mən görmüşəm və Ruslan mənim klipimdə yer alıb.