"İndi mən çox arzulayıram ki, Natavan tezliklə ailə qursun, Röya isə 2-ci və 3-cü övlad dünyaya gətirsin"

Müğənni Elnarə Xəlilovanın Milli.Az-a müsahibəsi.

"Buna görə də Röya ikimizdən də çox çatdırdı nəsə eləməkdə".

- Ərköyün qızcığaz Elnarədən ana olmaq çətin alınmadı ki?

- Üç kərə ana olmuşam və heç bir çətinliyim yoxdur, çox şükür. Bundan sonra da qəti qorxusu yoxdur... (gülür) Mərcə girsəm, dördüncüsünü də dünyaya gətirərəm.

- Şou-biznesimizdə "üç uşaq anası" statusunu daşıyan müğənnilərdən biri də Nuradır. Sizcə, siz öz formanızı daha çox qorumusunuz, yoxsa Nura?

- Məncə, hər ikimiz. Düzdür, onun yaşda məndən böyük olması məsələni bir az çətinləşdirir, amma mən təbii yolla dünyaya üç uşaq gətirmişəm və nə üzümdə, nə də bədənimdə heç bir plastik əməliyyat keçirilməyib.

- Şou-biznesdə olan qadınlar adi həyatda olan qadınlardan ailə başçısı kimi hansı xüsusiyyətləri ilə fərqlənirlər?

- Ən başlıcası - pul qazanmaq xüsusiyyətləri ilə fərqlənirlər. Daha sonra isə əhatə dairəsi və ictimai fiqur olmaları ilə seçilirlər. Bu da qadın üçün çox önəmlidir.

- Deyirlər, Elnarə yola getməyən adamdır. Bəs qayınananızla yola gedirsiniz?

- Bizim evin qarşısındakı yolu hal-hazırda təmir edirlər. Çoxlu traktor və ekskavatorlar işləyir. İmkan verirlər ki, adam yol gedə?! (gülür)

- Müğənni Mina sizin doğma xalaqızınızdır?

- Bəli, müğənni Mina mənim dost-doğma xalamın qızıdır.

- Bir vaxtlar bacınız da oxumaq istəyirdi. Nə oldu onun aqibəti? Siz qoymadınız oxusun, yoxsa necə?

- Bəli, bir vaxtlar bacım da oxumaq istədi. Amma sonra Azərbaycan Dövlət Tibb Universitetini bitirdi. Bir müddət ixtisası üzrə farmasevtika şirkətində işlədi. Hal-hazırda isə ailəlidir və ana olmağa hazırlaşır.

- Sizə elə gəlmir ki, tamaşaçılar yenə o Elnarəni görmək istəyirlər?

- Nə olub ki indi mənə? Əvvəlki Elnarə qaldı subay vaxtlarında. İndiki statusuma elə bu obrazım yaraşır.

- O qədər imicinizi dəyişirsiniz ki, düşünürlər ki, hələ siz özünüzü axtarıb tapa bilmirsiniz.

- Xeyr. Siz, sadəcə, məni tünd-şabalıdı uzun saçlarda, tineycersayağı geyimlərdə görməyə alışmışdınız. İndi isə artıq cilddən-cildə girən Elnarəyə alışın (gülür). İslanmışın yağışdan nə qorxusu? Bunun özümü axtarmağım ilə heç bir əlaqəsi yoxdur. Mən özümü çoxdan tapmışam və kifayət qədər də qəbul olunuram.

- İndi yenidən "W-trio"da oxuyardınız?

- Hə, oxuyardım.

- Hal-hazırda "W-trio"da oxusaydınız, qrupun tərkibini dəyişərdiniz, yoxsa köhnə həmkarlarınızla oxuyardınız?

- Dəyişməzdim, əlbəttə ki. Qızlar üçün hərdən çox darıxıram.

- Deyirlər, siz "W-trio"nun vaxtında da bir-birinizlə yola getməmisiniz. Düzdür?

- Evdə bir də görürsən, ana ilə bala da yola getmir, bir də görürsən, bacı-qardaş bir-birini qırır. Sizcə, müxtəlif həyat tərzi, təcrübəsi və alışqanlığı olan üç müxtəlif xasiyyətli gənc qızın sözü çəp gəlməsin? Əlbəttə, olub ki, yola getməmişik, amma orada da hər şey unudulub.

- Natavanla siz niyə Röya kimi soloda parlamadınız? Röyanın sizdən fərqi nədir ki?

- Qrupdan ilk ayrılan Röya oldu. Ondan il yarım sonra mən çıxdım, il yarım sonra da Natavan ayrıldı. İl yarım zaman kəsiyi, əslində, çox böyük bir fasilədir. Təbii ki, buna görə də Röya ikimizdən də çox çatdırdı nəsə eləməkdə. Ondan sonra mən də parladım. Amma ailə qurmaq və uşaqların dünyaya gəlməsi mənim karyeramdan xeyli vaxt aldı. Hələ üstəlik, Milli Konservatoriyanı da oxuyub bitirdim. Bir sözlə, Röya ilə Natavan mahnı yazdırıb, klip çəkdirib, konsert verəndə mən ali məktəbdə oxuya-oxuya uşaq dünyaya gətirirdim (gülür). Amma hər şey öz vaxtında gözəldir. İndi mən çox arzulayıram ki, Natavan tezliklə ailə qursun, Röya isə 2-ci və 3-cü övlad dünyaya gətirsin, mən də bu vaxtdan istifadə edib bol-bol klip çəkdirib, konsert verim (gülür).

- Çox sərbəst xarakterli insansınız. Həyat yoldaşınız gözünüzün odunu alır?

- Bəli, çox sərbəstəm, amma yiyəsiz deyiləm (gülür). Allaha şükürlər olsun ki, ailə münasibətlərimizdə hər şey öz qaydasındadır.

- Hansısa qadın həmkarınız sizin arxanızca danışanda onun cavabını necə verirsiniz?

- Elələri var ki, ümumiyyətlə onları "iqnor"a qoyuram, cavab vermirəm, amma elələri də var ki, cavabını verirəm. Sadəcə, baxır kimə və necə (gülür).

- Özünüzə hansı titulu verərdiniz?

- Səhnəmizin Divi, Məlikməmmədi, Əjdahası, Tıq-tıq xanımı, Pişiyi, Göyçək Fatiməsi və Təpəgözü olduğuna görə mənə nağıl qəhrəmanlarından ad qalmadı (gülür).

- Səsiniz olmasa, nə edərsiniz?

- Səsim olmasa, dissertasiya yazaram.

- Heç metronun altından paltar almısınız?

- Bəli (gülür). Londonda bir dəfə metronun altından paltar almışam.

- Siz də Röya kimi bahalı brend geyimlər geyinirsiniz?

- Yox, qayınanam "vosmoyun bazarı"ndan kilosu 2 manata mənimçün paltarlar alır (gülür).

- Çox iddialı qayıtdınız sənətə. Bundan sonra nə planlarınız və yenilikləriniz var?

- Yazıq canım, mən heç yerə getməmişdim ki. Sadəcə, pop musiqisindən bir az aralandığım və ciddi musiqi ilə məşğul olduğum vaxtlar oldu. Ona görə elə də populyar olmadım. Amma mənim sənətdə elədiklərimi eləyən ikinci bir həmkar tanımıram. Odur ki, yeniliklərim hələ çox olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31