Jerar Depardye Azərbaycana gəlib
Bakıda “Aleksandr Düma Azərbaycanda” sənədli filminin çəkilişi aparılır
11 Sentyabr 2012 19:00 MədəniyyətFransanın dünyaca məşhur aktyoru Jerar Depardye Azərbaycanda səfərdədir. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov APA-ya bildirib ki, məşhur aktyorun ölkəmizə səfəri film çəkilişi ilə bağlıdır. Fransa kino xadimləri tərəfindən "Aleksandr Düma Azərbaycanda" sənədli filminin çəkilişləri aparılır və Jerar Depardye bu filmdə fransız aktyoru olaraq özünü oynayır. Filmin çəkilişləri Bakı ilə yanaşı, Azərbaycanın regionlarında da aparılacaq. Filmin çəkilişləri Aleksandr Dumanın Azərbaycandakı marşrutu üzrə həyata keçiriləcək. Səfər çərçivəsində fransız aktyorun bir sıra görüşlərinin keçiriləcəyi nəzərdə tutulur.
Jerar Depardyenin də daxil olduğu filmin yaradıcı heyətinin Azərbaycana səfəri sentyabrın 15-də yekunlaşacaq. Həmin gün aktyorun və Fransadan gələn heyətin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü nəzərdə tutulur.
Bu gün filmin çəkilişləri Bakı Caz Mərkəzində baş tutub. Filmin çəkiliş prosesində Azərbaycanın gənc cazmeni, əməkdar artist Emil Əfrasiyab da iştirak edib. Həmyerlimizin ifası fransız aktyorunun marağına səbəb olub və aktyor azərbaycanlı musiqiçiyə film üçün musiqi yazmağı təklif edib.