Yüz ilin düşmənlərinin barışması haqda xəbər yayıldı
“İlhamə Quliyevanın həyatında Flora Kərimova adlı bir insan yoxdur”
11 Sentyabr 2012 18:08 MədəniyyətXalq artistləri Flora Kərimova və İlhamə Quliyeva artıq düşmənçiliyə son qoyublar. "Qafqazinfo"nun e-mail ünvanına İlhamə Quliyevanın prodüsseri Lamiyə Ələkbərovanın adından daxil olan məlumatda Flora Kərimovanın illərdir küsülü olduğu həmkarını gizli şəraitdə, gec saatlarda ziyarət etdiyi və ona gül dəstəsi bağışladığı qeyd olunur.
Hətta məlumatda onların mehriban şəkildə bir yerdə görən tibb bacıları və növbətçi həkimin də xeyli təəccübləndiyi bildirilir. Daha sonra qeyd olunur ki, xalq artistləri artıq düşmənçiliyə son qoyublar və barışıblar: "İlhamə xanım xəstəxanadan çıxandan sonra Flora xanım onu evində də ziyarət edib. Xalq artistləri birlikdə duet oxuyub klip çəkdirməyə qərar veriblər. Mahnının adı hələlik gizli saxlanılsa da bircə bu mahnının retro mahnı olduğu deyilir".
Bu barədə "Qafqazinfo"ya açıqlama verən, sözügedən məlumatda adı çəkilən İlhamə Quliyevanın prodüsseri Lamiyyə Novruzova xəbərin kökündən yalan olduğunu bildirib: "Bu xəbər yalandır. İlhamə xanım təzə əməliyyatdan çıxıb. Belə məsələlərə görə onu narahat etməyə dəyməz. İlhamə xanımın həyatında Flora Kərimova adlı bir insan yoxdur".
Lamiyyə Novruzova həmçinin onun adından göndərilən e-mail ünvana da münasibət bildirib: "Ümumiyyətlə, mənim e-mailim yoxdur".