Nüşabə Ələsgərlinin yol polisi ilə videosu yayıldı - QALMAQAL
11 Sentyabr 2012 14:02 MədəniyyətBu hadisə bir neçə ay bundan əvvəl baş verib.
Tanınmış müğənniyə məxsus "Mercedes" markalı avtomaşın zooparkın yaxınlığındakı işıqforun qırmızı işığına məhəl qoymadan keçdiyinə görə, yol polisi əməkdaşı tərəfindən saxlanıb.
Videodan da görünür ki, həmin vaxt avtomaşını Nüşabə Ələsgərlinin mühafizəçisi və sürücüsü idarə edir. Lakin müğənni özü də avtomaşında olub. Üstəlik, onun yanında başqa bir qadın da var.
DYP əməkdaşı avtomaşını saxlasa da, təxminən yarım saat sürücünün müqaviməti ilə üzləşir.
Sənədləri yol polisi əməkdaşına təqdim etməyən sürücü hətta maşını işlək vəziyyətdə saxlayaraq oradan uzaqlaşmağa çalışır. Amma polis əməkdaşı maşının qarşısında dayanaraq bunun qarşısını alır və hadisə yerinə əlavə qüvvə çağırır. Yalnız bundan sonra sürücü və Nüşabə Ələsgərli avtomaşından düşür.
DYP əməkdaşı ilə kobud rəftar edən müğənni başqa maşina əyləşərək oradan uzaqlaşır. Bütün bunlar Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" layihəsi çərçivəsində quraşdırılan kameralar vasitəsiylə qeydə alınıb. Həmin görüntüləri oxuculara təqdim etməkdə məqsədimiz odur ki, başı toylardan açılmayan bir müğənninin qanunlara bu qədər açıq-aşkar hörmətsizlik nümayiş etdirməsinə qiymət verəsiniz.
Qeyd etmək yerinə düşər ki, bu hadisə Nüşabə Ələsgərlinin yol polisi ilə birinci problemi deyil. Bir il bundan əvvəl müğənni kobud qayda pozuntusuna yol verdiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılmışdı. O yenə də kobudluq edərək, həm polisləri, həm də hadisə yerinə gələrək onun fotolarını çəkən jurnalistləri təhqir etmişdi.