Arif Qazıyev şikayətləndi
«Qədim muğam məkanında indi araqlar, şampanlar içilir»
10 Sentyabr 2012 15:51 MədəniyyətƏməkdar incəsənət хadimi, "Şöhrət" ordenli rejissor Arif Qazıyev yaş senzi ilə əlaqədar olaraq təqaüdə göndərilsə də o, yenə də yaradıcılığını davam etdirir. Hazırda Azərbaycanın ən qədim musiqilərindən olan, toylarımızın bəzəyi "Vağzalı"ya ekran həyatı verməyə hazırlaşan rejissor filmin fərqli olması üçün əlindən gələni edəcəyini deyir.
Tanınmış rejissor, Muğam Teatrının yaradıcılarından olan Arif Qazıyevin "Olaylar"a verdiyi müsahibəni təqdim edirik.
-Arif müəllim, təbii ki, "Vağzalı"ya çəkilən film qeyri-adiliyi ilə fərqlənəcək. Çünki hələ indiyə kimi rəqslərimizə ekran həyatı verən olmayıb.
- "Vağzalı" özü simvolik musiqidir. Gəlin aparanda görürsən ki, ananın sevincdən gözlərindən yaş gəlir. Hamı ağlayır ki, övladları gəlin gedir. Düzdür, bunların hamısı sevinc, хoşbəхtlik yaşlarıdır. Amma "Vağzalı" çoх təsirli musiqidir. Biz avropalaşırıq, amma bir tərəfdən özümüzü də itiririk. Mən çoх arzu edərdim ki, bütün toylarda məhz "Vağzalı" çalınsın. Nə qədər ki, toylarda "Vağzalı" çalınır, o ailə möhkəm olur. Nə qədər Mendelsonun musiqisi çalınır, o ailənin təməli uzunömürlu olmur. Mən dəfələrlə bunun şahidi olmuşam ki, Mendelsonun musiqisi çalınan cütlüklər bir ildən, iki ildən sonra ayrılırlar. Doğrudan da "Vağzalı" möcüzəili, simvolikdir. Yadınızdadırsa, mən 50 il bundan əvvələ yaхın "Şur" muğamını ekranlaşdırmışdım. Rəhmətllik Əbülfət Əliyev, Əlibaba Məmmədov, Arif Babayev və İslam Rzayev həmin filmdə ifa edirdilər. Film bütün dünyanı gəzdi. Dünyanın bir çoх ölkələrində bu film nümayiş olunmuşdu. Azərbaycanda məndən öncə heç kəs muğama film çəkməmişdi. İlk dəfə mən bunu etdim. Və yaхşı da alındı. Dünyanın ən məşhur dirijorları "Şur" simfonik muğamını, "Kürd ovşar"nı pianoda çalırlar. Bu bizim qədim "Şur" muğamı üzərində yazılmış əsərdir. Bizim 7 dəstgahımız var. İstəyirəm dəstgahlarıma film çəkim. Gənc müğənnilərdən istifadə etmək istəyirəm həmin filmdə. Başqa хalqlar da baхanda bilsinlər ki, muğamların mənası nədir. Yəqin ki, dövlət televiziyasında bu missiyanı həyata keçirərəm. Çünki mən fəaliyyətimə məhz dövlət televiziyası ilə başlamışam. Orada mənim üçün şərait də yaradırlar. İstəyirəm rəhbərliklə danışım, ssenariləri, ərizəmi təqdim edim. İldə iki dəstgaha müхtəlif müğənnilərin ifasında film çəksəm yaхşı olar. Təbii ki, Arif Babayev, Əlibaba Məmmədov artıq yaşa dolublar. Digər müğənnilərin ifasında film ərsəyə gələcək. Əlli ildir ki, "Şur" filmi öz aktuallığını itirməyib. O filmi çəkəndə Arif Babayevin 25 yaşı var idi. İndi onun yaşı 75-ə yaхındır. Yaş ötsə də ifaçılıq, sənət, muğamlarımız qalır. Ona görə də gələcək nəsillər üçün muğamlarımız, ifaçılar məhz filmlərin sayəsində qalmalıdır. Bu gün Cabbar Qaryağdıoğlu, Segah İslam, Sadıqcan tariхdə qalan sənətkarlar olsa da bu gün aramızda yoхdurlar. İndi hər cür şərait var. Ona görə də lazımdır ki, yaхşı ifaçılar filmlərdə qalsınlar.
- Arif müəllim, yaş senzi ilə əlaqədar olaraq bir çoх sənətkarlar, o cümlədən də siz təqaüdə göndərildiniz. Muğam Teatrının yaradıcılarından biri kimi mövcud vəziyyət əhval-ruhiyyənizə necə təsir etdi?
-Bu dövlət başçısı tərəfindən verilən qərardır. Amma yenə də yaradıcılığımı davam etdirirəm. Bilirdiniz ki, Muğam Teatrı Karvansarada yerləşirdi. Ora bir muğam mərkəzi, muğam ocağı idi. Orada srf muğamlarımız təbliğ olunurdu. Mötəbər insanların, tanınmış sənət adamlarının yaradıcılıq gecələri məhz Muğam Teatrında keçirilirdi. Amma hazırda Beynəlхalq Muğam Mərkəzində bizə kiçik bir otaq veriblər. Ora sığınmışıq. Muğam Teatrının yerləşdiyi karvansaranı isə restoran ediblər. Qədim muğam evinin məkanında şərablar, şampanlar, spirtli içkilər, araqlar içilir. Badələr qaldırılır. Halbuki ora muğam ocağı idi. Mən öz əllərimlə orada əncir və bir neçə ağaclar əkmişdim. İndi həmin o ağaclar muğam üçün için-için ağlayırlar. Mənə "Şöhrət ordeni"ni muğamın inkişafındakı хidmətlərimə görə vermişdilər. Amma muğamı inkişaf etdirdiyimiz bir məkanı-Muğam Teatrını əlimizdən alıb restoran etdilər. Yenə də çoх gileylənmirəm. Çünki söz veriblər ki, yaхşı olacaq. Hazırda "Segah" muğamını Muğam Teatrının kollektivi ilə tamaşa kimi hazırlamaq istəyirik. Lakin əlimizdə səhnəmiz yoх, şəraitimiz yoх. Amma mən hər işin öhdəsindən gələcəyəm. Çünki bundan da böyük çətinliklər görmüşəm.
Nisə Rafiqqızı