"Öyle bir geçer zaman ki"nin Əli Kapitanı: "Serialdan getdim, axı..." - MÜSAHİBƏ
7 Sentyabr 2012 16:51 MədəniyyətTanınmış türk yazıçı Necati Cumalının "Dila hanım" romanı əsasında 1977-ci ildə çəkilən eyniadlı filmin baş rollarında Kadir İnanır və Türkan Şoray vardı.
İndi həmin film əsasında serial çəkilir.
"Dila hanım" serialında Kadır İnanırın yerinə Erkan Petekkaya, Türkan Şorayın əvəzində isə Hatice Şendil var.
Ərinin qatilindən intiqam almağa çalışan Dila heç tanımadığı adamla təsadüfən tanış olur, ona vurulur. Fəqət, sonra anlayır ki, bu adam onun ərinin qatilidir.
Milli.Az "Dila hanım" serialının baş rol oyunçusu, Bakıda səfərdə olarkın dilimizdə mahnı da oxumuş Erkan Petekkayanın Hürriyet-ə verdiyi müsahibəsini təqdim edir.
- Yeni serialınız xeyirli olsun. "Dila hanım"ın çəkilişləri Adanada aparılır...
- Bəli, təxminən bir aydır ki, buradayıq. Çəkilişlər avqusutn 13-də başlayıb.
- İstanbulu tərk edərək Adanaya yollanmaq asan olmaz.
- Çəkiliş meydançasındakı yeganə problem istilərdir. Bilirsinizmi, Adana çox isti şəhərdir. Məncə, adamlar da məhz bu səbəbdən qaçıb gedirlər. Amma yerdə qalan hər şey gözəldir. Çəkiliş qrupunda da az qala hamı bir-birini tanıyır.
Ən yaxşı səviyyədə iş görmək istəyirik. Həyəcan, təlaş, həzz, stress - hamısı bir yerdədir.
- Ailəniz də Adanadadır...
- Hə, evi toplayıb buraya köçdük. Arvadım zatən Adananı çox sevirdi, problem olmadı. Üstəlik, Adana ilə bağlı keçmişim də var. "Beyaz gelincik"i çəkəndə oradaydıq. Oğlum Cano onda 9 aylıqdı, Adananı tərk edəndə artıq 3,5 yaşda idi.
- Çəkilişləri seyr etdim. Çox çətin səhnələr də var. Məsələn, at minmək səhnələri var...
- Soruşmayın, at minəndə çox narahat idim. Bir at minməkdən, bir də motosiklet sürməkdən qorxuram.
- Sizi qorxudan atdır, yoxsa yıxılıb yaralanmaq?
- Yıxılmaq. Üstəlik, seriala da zərbə olar. Ya məni dəyişməli olarlar, ya ssenarini (gülür)...
- "Dila hanım"dasınız, amma hələ də hamı sizi "Öyle bir geçer zaman ki"nin Əli Kapitanı kimi xatırlayır. Hətta "Əli Kapitanın serialı başlayır" deyənlər də vardı. O rolu necə utunduracaqsınız?
- Gerçəkdən də, Əli Kapitan fenomen oldu. Bu da mənə ləzzət verir. Bizim peşəmizin bir yönü də budur. O rolu unutdurmağa gəldikdə isə... Düşünürəm ki, vaxt gələcək, məni "Dila hanım"ın Rıza bəyi kimi tanıyacaqlar.
- "Öyle bir geçer zaman ki" reytinq zirvələrində olanda serialdan ayrıldınız. Xalqın o seriala, Əli Kapitana sevgisi inanılmaz...
- Qismət budur. Rolu oynadım, bitdi. Artıq başqa roldayam, başqa serialda oynayıram. Təbii ki, "Öyle bir geçer zaman ki" mənimçün çox önəmlidir və o rol da vacibdi. Həm də çətindi...
- Nə baxımdan çətindi?
- Bıçaq tiyəsi kimi bir obrazdı. Kobudluq, pislik dozasını həddən ziyadə edə bilirdim.
- Siz Əli Kapitanı necə görürdünüz?
- Mən ona pis insan kimi baxmadım. Davranış pozuntuları, ruhi sarsıntıları olan insandı. Dediyim kimi, mənə çox şey verdi.
- Serial Əli Kapitansız necə olacaq?
- Mənim orada işim bitdi, başqa macəraya atıldım. Amma əminəm ki, serialdakı aktyorlar yollarına uğurla davam edəcəklər.
Mən də yeni seriyalara həvəslə baxacağam. Serialın yeni tanıtım reklamına baxanda gözlərim doldu.
- Maraqlıdır, heç "Əli Kapitan ölməsəydi..." fikirləşdiyiniz anlar oldu?
- Yox. O serialdakı missiyam bitmişdi, qalmağım işimi çətinləşdirərdi. Halın pis olar, bu da ekranda görünər, tamaşaçıya təsir edər. Bu, aktyorun karyerasını da təhlükəyə atar. "Dila hanım"a təklif gələndə də razılaşdım.
- "Dila hanım" filminə neçə dəfə baxıbsınız?
- Bu sualın veriləcəyini bilirdim. Açıq deyim - bircə dəfə baxmışam. Filmin ruhunu duymağım yetdi.
- Kadir İnanırın oynadığı roldasınız. Bu, sizə təsir edirmi?
- İnanır Türkiyənin ən yaxşı aktyorlarından biridir. Pərəstişkarıyam, sənətini çox sevirəm. Onunla mənim müqayisə edilməyim yersizdir. Məgər taxt və kətil müqayisə olunar?! O bir taxt, mən isə kətiləm...