İsa Hüseynovun Asif Ataya münasibəti niyə mənfidir?
3 Sentyabr 2012 15:25 Mədəniyyət
İşıqlı ATALI
Mütləqə İnam Ocağının Yükümlüsü
Bugünlərdə "Kulis.az" saytında yazıçı İsa Hüseynovla müsahibə yayımlanıb. Müsahibədə 85 yaşlı yazıçıya verilən suallardan biri Asif Atanın onun yaradıcılığında başlıca obazlardan olan Cəbrayılla bağlıdır. Həmin sual-cavabı təqdim edirəm: "Sual: - Asif Ata Cəbrayılı şərin təcəssümü adlandırır, ancaq onu da vurğulayırdı ki, İsa Hüseynov Cəbrayılı hansı mühitin yetişdirdiyini yazmayıb. Cavab: - Asif Ataya münasibətim mənfidir. Çünki Asif Ata Saf Ağ elmini öz adına çıxır. Halbuki Rəsul Rzanın gətirdiyi materiallarda da Saf Ağ elmi yox idi. Mən bunu Nəsimidə kəşf elədim və Azərbaycanda bu barədə yazan ilk adam mənəm. Asif Ata bunu öz adına yazdı. Şagirdlərini çox pis yolla apardı. Asif Ata ziddiyyətli yazır. O, çox ziddiyyətli tənqidçi idi. "Tütək səsi" əsərində Cəbrayılın mühiti çox geniş verilib. Baş verənlər Cəbrayılı dəyişdirmişdi, o, insana nifrət edirdi".
Çox "maraqlı" cavabdır. İsa Hüseynov suala konkter cavab verməmişdən öncə "uzaqlardan gəlir", elə bəri başdan Asif Ataya qarşı acıqlı olduğunu bildirir. Görəsən, bu acığın səbəbi nədir? Oradadakı "ittihamlara" keçməmişdən qabaq Asif Atanın yazıçı İsa Hüseynovun yaradıcılığına özünəməxsus yanaşmasına qısaca da olsa göz ataq.
Ümumiyyətlə, Azərbaycan ədəbiyyatına Asif Atanın tamam fərqli yanaşması ədəbiyyatdan az-çox baş çıxaranların hamısına aydındır. Asif Atanın hamıdan fərqli yaradıcılıq yolunun - fəlsəfi-bədii tənqidinin olmasını da bilməmiş deyillər. Ata bütün tənqidi əsərlərini öz üslubunda yazıb. Hələ gəncliyindən onun üslubu, hadisələrə filosof olaraq yanaşması Atanı sevməyənləri də heyrətləndirib.
Asif Atanın duyumu o çağların (elə indiki çağların da) istedad ölçülərinə kəsinliklə sığmırdı. Bu anlamda illər boyu (Ata həyatdan gedəndən sonra da) onun düşüncələrinə yanaşma birmənalı olmayıb. Əslində Asif Atanın fəlsəfi-bədii tənqidi onun filosofluğunun ilkin dönəmidir. Ata həmişə tənqidçiliyini özünün "ayağı" adlandırırdı.
Asif Atanın hələ 1970-ci illərin sonlarında Azərbaycan televiziyasındakı "Zirvələr" verilişi o çağın tamaşaçılarının yaxşı yadındadır. Ancaq ictimai çevrədə o zaman "filosof-tənqidçi Asif Əfəndiyev" imzasıya tanınan Asif Atanın ürəyində, ağlında hansı ağır aqibət yükünü gəzdirdiyindən insanlarımızın, ilk olaraq yazarlarımızın, aydın sayılanlarımızın nə dərəcədə xəbəri vardı? Asif Ata özü demişkən, qonorar dəlisi deyildi, qrupbazlıqla məşğul olmurdu, tanışlığa görə hansısa yazıçının, şairin əsərini öyüb göylərə qaldırmırdı. Onun idraklı qırımı cəmiyyətdə yalnız öz adıyla, bənzərsizliyi ilə bağlıydı. Bilirdilər ki, Asif Ata güzəştsizdir, bəyəndiyi ədəbi əsəri düzgün dəyərləndirir. Asif Atanın zamana boyun əymədiyini bilməyən yoxdur.
***
Asif Atanın fəlsəfi-bədii tənqidçiliyinin ilk çağından İsa Hüseynovun yaradıcılığına yanaşması ciddi olub. Bir neçə tənqidi əsərində İsa Hüseynovdan ayrıca danışıb. Asif Atanın yazıçı İsa Hüseynovun əsərlərinə qiymət verməsi onun xoşbəxtliyidir. Bundan sonra heç bir qələm adamı İsa Hüseynov haqqında elə dərin təhlillərə əsaslanan söz deyə bilməyəcək. Təki deyəydilər...
***
Buradaca bir məqamı vurğulamaq istərdim: Asif Atada "tənqid" anlayışı yoxdur əslində, təhlil var. Onun yaradıcılığında başlıca məsələ heç vaxt tənqid olmayıb. Asif Atanın tənqidçiliyində başlıca məsələ insan mövzusudur və o, bu tələbə cavab verən ədəbiyyat örnəklərini təqdir edib, həm də çatışmazlıqlarını göstərib: görəsən, həyatın, cəmiyyətin, şəraitin, mühitin əzdiyi insanı ədəbiyyat nə dərəcədə yüksəldə bilir? Əgər ədəbiyyat insanı yüksəldə bilmirsə, deməli, o, əbədiyyətə bərabər ola bilmir.
Asif Atanın yazıçı İsa Hüseynovun yaradıcılığına münasibətinə də beləcə yanaşmaq gərəkdir. Onun ayrı-ayrı əsərləri haqqında bir neçə yazısında yazıb: "Sənət və Şəxsiyyət" əsərinin "Mühit və Şəxsiyyət" bölümündə "Yanar ürək" romanı, "Tütək səsi" povestini, "Sənət və özünüdərketmə" əsərinin "Müqəddəslik" bölümündə "Quru budaq" povestini təhlil edib. (Hər iki əsər "Müdriklik səlahiyyəti" kitabında çap olunub. Bakı, Gənclik, 1976) .
"İnsan Haqqı" əsərinin "Burulğan" bölümündə yazıçının "İdeal" romanını təhlil edib ("Azərbaycan" jurnalı, 2008, noyabr), "Tarixə Çatmaq" əsərinin sonunda yenə də "İdeal"dan danışıb ("Uluyurd Aqibəti - Bütöv Azərbaycan", "Adiloğlu", 2007). Düşünürəm ki, buna sevinmək gərək idi.
***
Varlığını hərtərfli təsdiq etmiş Asif Atadan öyünərək danışmaq istəmirlər, əksinə, mümkün olduqca onun varlığını danmağa çalışırlar. Asif Atanı dərk etmək çətindir, ona görə ki, Asif Ata heç bir gerçək ölçüyə sığmır, dünyanın heç bir proqramında onun gəlişi yoxdur. Bənzərsizlik, Əlçatmazlıq, Gözlənilməzlik elə budur.
İsa Hüseynov isə müsahibəsində Asif Atanın özünəməxsusluğunu görmək istəmir. Təbiidir ki, biz Asif Atanın mütləq dəyərini toplumdan gözləmirik. Çünki toplumun hansı ölçü əsasında yaşadığını bilirik.
***
İndi gələk müsahibədə vurğulanan məqamlara.
Sualda vurğulanır: "Asif Ata Cəbrayılı şərin təcəssümü adlandırır, ancaq onu da vurğulayırdı ki, İsa Hüseynov Cəbrayılı hansı mühitin yetişdirdiyini yazmayıb".
Əslində burada Asif Atanın yazıçıdan umduğu tələb böyük deyil. Ancaq İsa Hüseynovla bağlı sonrakı yazılarında Atanın təhlilləri daha da dərinləşir: "Onu da qeyd edək ki, İsa Hüseynovun əvvəlki əsərlərində bütün dolğunluğuyla təsvir olunan və "İdeal"da gözəlləşdirilən Qılınc Qurbanlar, Sultan Əmirlilər bu iqlimin yaradıcıları idilər və bu səbəbdən də insan haqqını tapdalamaqda onların şəksiz xidmətləri var; "Yanar ürək" romanından imtina etmək mümkün deyil, o, həyatımızın müəyyən dövrü haqqında həqiqi bədii hekayətdir, həmin dövrü ömrümüzdən silə bilmədiyimiz kimi, həmin əsəri də duyğularımızdan, təsəvvürlərimizdən silə bilməyəcəyik" (Asif Ata "İnsan haqqı" əsərindən).
İsa Hüseynovun yaradıcılığı haqqında Atanın təqdir və iradlarını burada geniş təqdim etməyi gərək duymuram.
***
Müxbirin sualına cavabında İsa Hüseynov deyir: "Asif Ataya münasibətim mənfidir. Çünki Asif Ata Saf Ağ elmini öz adına çıxır (?)"
Doğrudanmı, İsa Hüseynov dediyinə inanır? Bəs indiyə kimi niyə bununla bağlı heç yanda deməyib, yazmayıb? Ən başlıcası isə Ataya deməyib?
Bəlkə bu "həqiqəti" Atanın zəhmindən çəkindiyinə görə deməyib? Yazıçı bu düşüncəsini, iddiasını sübut edəcək bir əsər, yazı yazıbmı? Ümumiyyətlə, İsa Hüseynovun Asif Atanın sırf Mütləqə İnam dünyabaxışını, fəlsəfəsini əhatə edən "On Kutsal Bitiq"indən xəbəri varmı? Görünür, ümumiyyətlə, yoxdur, olsaydı, belə danışmazdı.
Üstəlik, Asif Atanın uzun illər çəkən gərgin yaradıcılığının, axtarışlarının, vəcdli, vəhyli idrak eşqinin, özünə qədərki bütün dünya biliyini öyrənməyinin bir sonucu varmış ki, yazıçı İsa Hüseynovun Saf Ağ "elm"ini öz adına çıxsın...
Asif Atanın yazıçı İsa Hüseynovun Saf Ağ "elm"inə ehtiyacı yoxdur! Əgər indi bu "elm"lə yazıçının özündən başqa yaşayan varsa, qoy İsa Hüseynov onu bizə göstərsin. Ancaq Azərbaycanda 34 ildir Asif Atanın Mütləqə İnamı dünyabaxışı əsasında yaşayanların, gününü İnamla başlayıb İnamla da bitirənlərin yetərincə olduğu hamıya aydındır. (Bunun üçün sadəcə www.asifata.com saytımıza baxmaq yetər.)
Asif Ata heç zaman heç kəsin fikrinə möhtac olmayıb! Daha onu demirəm ki, özünəməxsus, bənzərsiz İnam yaradan Asif Ata ilə öyünmək ucalığına yetməmək istənilən aydın üçün itki sayıla bilər.
Və daha bir məqam:
Asif Ata "ayağı" adlandırdığı fəlsəfi-bədii tənqidçiliyi çağında da heç zaman hansısa yazıçının, şairin təsirində olmayıb, təsirə qapılmayıb, təsirdən üstün olub, əksinə, özü onları təsirə salıb. Bu gün də belədir. Azərbaycan ədəbiyyatının ayrı-ayrı nümayəndələrinə onun verdiyi dəyəri kimsə verə bilməyib. Asif Ata dünyaya yeni yön verən, elmə, biliyə, fəlsəfəyə, ruhaniyyata əsaslanan Mütləqə İnamını özü yaradıb!
İsa Hüseynovun Nəsimiyə özünəməxsus yanaşması başadüşüləndir. Onun Nəsimisi - öz Nəsimisidir. Asif Atanın Nəsimisi isə - Asif Atanındır.
Yazıçının Atayla "davası"nın Nəsimidən qaynaqlandığını açıqca sezmək olur: "Halbuki Rəsul Rzanın gətirdiyi materiallarda da Saf Ağ elmi yox idi. Mən bunu Nəsimidə kəşf elədim və Azərbaycanda bu barədə yazan ilk adam mənəm. Asif Ata bunu öz adına yazdı".
Götürün, Asif Atanın "İnam və Şübhə" kitabındakı "Vəcdli idrak" (Nəsimilik) yazısını, habelə Atanın "Hürufiliyimiz-Ənəlhəqliyimiz" içsəsini. Burada İsa Hüseynova oxşarlıq haradadır?
İsa Hüseynov daha sonra deyir: "Şagirdlərini çox pis yolla apardı. Asif Ata ziddiyyətli yazır. O, çox ziddiyyətli tənqidçi idi"...
Belə çıxır ki, yazıçı İnsanlaşmağın pis yol olduğunu düşünürür. Belə isə niyə İsa Hüseynov özü yaxşı yol yaratmadı və heç olmasa bircə nəfəri arxasınca aparmadı? "Bəşərin nicatı İnsanlaşmaqdadır! İnsanlaşın, İnsanlaşdırın!" harayına bərabər görəsən, bəşər neçə dəqiqə yaşaya bilib?
Görəsən, yazıçı Asif Atanın "ziddiyyətli" olmasını nəylə sübut edir? 40 ildən çox gərgin yaradıcılıq dönəmində Ata dəyişmədi, həmişə bir sifətdə qaldı, həqiqətindən əl çəkmədi. Həqiqəti uğrunda basqılara uğradı, kimsədən mükafat ummadı. Azərbaycanda Asif Ata kimi dediyinə uyğun yaşayan varmı?
Asif Ata ziddiyyətli yazmayıb, o, Həqiqətçi olub, Həqiqəti yazıb. Həqiqətçi olmaq, Həqiqətdən yazmaq - yaşadığın çağa, gerçəkliyə qarşı, zidd olmaqdır, yaşamaqdır, ona sığmamaqdır. Bu isə Mütləq Kamillikdir. Asif Atanın belə bir halı İsa Hüseynov kimi həqiqəti sevdiyini deyən və bunu müəyyən mənada əsərlərində ifadə edən yazıçı tərəfindən sevgiylə qarşılanmalı idi. Təəssüf edirəm...
Atamız var olsun!
2 İnam günü, Ata ayı 34-cü il. (02.09.2012).