Kriminal
Binəqədidə yaşayış binasının yanmasında təqsirləndirilən şəxslərə bəraət istənilib
Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Akif Əlibəyovun, Qəzənfər Novruzov və Ağacavad Məmmədovun vəkilləri çıxış edib. Onlar müdafiə etdikləri şəxslərin barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Digər təqsirləndirilən şəxslərin vəkilləri çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər.
Natiq Kərimovla bağlı cinayət işi məhkəməyə göndərildi
Nardaran hadisələri ilə bağlı dövlətə xəyanətdə təqsirli bilinən Nardaran qəsəbə sakini Natiq Kərimovun barəsindəki cinayət işi məhkəməyə göndərilib. Vəkil bildirib ki, cinayət işi üzrə ibtidai istintaq başa çatıb və təqsirləndirilən şəxs istintaq materialları ilə tanış olub. Cinayət işinin materialları baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İttihama görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub.
Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb
Rusiyada axtarışda olan şəxs Azərbaycanda yaxalanıb. Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci (quldurluq) maddəsi ilə axtarışda olan Rusiya Federasiyası vətəndaşı Rafiq Musayev tutulub. Bu barədə Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir.
Diaspora sədrinə hökm oxundu
Rusiyanın Tümen şəhərində fəaliyyət göstərən "Dostluq-Drujba" təşkilatının sədri Cəmşid Fətullayev məhkum olunub.
Ruhi xəstə intihar etdi
Abşeronda ruhi-əsəb xəstəliyindən əziyyət çəkən ahıl kişi özünü asıb. Məlumata görə, hadisə rayonun Güzdək qəsəbəsində baş verib. Belə ki, 1942-ci il təvəllüdlü Baloğlanov Əlövsət Gülmalı oğlu yaşadığı evin həyətində özünü asaraq intihar edib. Ə.Baloğlanovun uzun illərdir ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
3 mütəşəkkil qrup ifşa edilib
Ölkə ərazisində valyuta dövriyyəsində manipulyasiya hallarına, “qara bazar” adlandırılan və rəsmi valyuta məzənnəsi ilə hesablaşmayan alternativ valyuta bazarının fəaliyyətinə dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə araşdırılarkən hər biri 10 milyonlarla ABŞ dolları məbləğində xarici valyutanın qanunsuz alqı-satqısını həyata keçirərək qanunsuz sahibkarlıq yolu ilə külli miqdarda gəlir əldə etmiş 3 mütəşəkkil qrupun silsilə cinayət əməlləri ifşa edilib, hüquqazidd fəaliyyətlərinin qarşısı alınıb.
Abşeronda mağaza yanıb
Abşeron rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 120 m² olan ərzaq mağazasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə mağazanın yanar konstruksiyaları 90 m² sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Avtomobil yolu keçən qızı vurub
Dekabrın 27-də Sabunçu rayonunda yol nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, yolu keçmək istəyən piyadanı avtomobil vurub. Hadisə Sabunçu rayonu şəhər sossesində qeydə alınıb. Yolu keçmək istəyən Fərzəliyeva Zülfiyyə Ramiz qızını Vaz 2106 markalı avtomobil vurub. Hadisədən sonra sürücü özü yaralını xəstəxanaya gətirib. Həkimlər ona tibbi yardım göstərib. Zülfiyyə Fərzəliyevanın həyatı üçün təhlükə olmadığı bildirilib. Polis əməkdaşları sürücünün ifadəsini alıblar. Avtomobil cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar avtotexniki ekspertiza təyin olunub. Ekspertlərin rəyindən sonra sürücünün əməlinə hüquqi qiymət veriləcək.
Oğurluğa cəhd edən dəstə zərərsizləşdirilib
Sabirabad rayonunda oğurluğun qarşısı alınıb. DİN-dən verilən məlumata görə, dekabrın 26-da Sabirabad rayonunun Osmanlı dəmir yolu stansiyasının ərazisindən 70 ədəd rels birləşdiricisini oğurlamağa cəhd göstərmiş Şirvan şəhər sakini Məhərrəm Orucov və Sabirabad rayon sakini Şahin Mustafayev Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq Şirvan Xətt Polis Şöbəsinə təhvil veriliblər.
Abşeronda evi qarət edənlər saxlanıb
Abşeron rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Kriminalistik Təhqiqatlar İdarəsi və Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 19-da İsa Rüstəmovun evindən 9500 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Sənan Bəndəlizadə və Gürcüstan vətəndaşı Vüqar Bayramov tutulublar. Araşdırma aparılır.
Paytaxtda qətl törədənlərdən biri tutulub
Bakıda qətl törədən şəxslər müəyyən edilib. DİN-dən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 23-də Bakı şəhər sakini Elşad Əmirovu qətlə yetirməkdə şübhəli bilinən paytaxt sakini Elçin Həsənov tutulub. Daha bir nəfər isə müəyyən edilib.
Bakı sakininin pilləkəndən yıxılaraq ölməsi ilə bağlı cinayət işi açılıb
Bakı sakininin pilləkəndən yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi açılıb. Bakı şəhər prokurorluğundan verilən məlumata görə, 9 dekabr 2016-cı il tarixdə saat 16 radələrində paytaxtın Sabunçu rayonu ərazisində fəaliyyət göstərən “Küləfirəngi” restoranının qarşısında Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Qaraxan Ağayevin təxminən 3 metr hündürlüyündə pilləkəndən yıxılaraq aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilməsi və dekabrın 21-də orada vəfat etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
“AZƏRTAC”-ın rəhbərinin vəsiqələri satışa çıxarıldı - FOTOFAKT
47 il Azərbaycan teleqraf agentliyinə (Azerinform) rəhbərlik etmiş Yefim Qriqori Qurviçin medalları, deputat nişanı, bileti və ona aid bir çox sənədlər, təbrik məktubları auksiona çıxarılıb.
Akif Çovdarov: "Tağı Əhmədov adama heç 3 manat verməz"
Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.
Rusiyada həbs olunan qadın azadlığa buraxıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs olunan Xatirə Həsənovanın cəzasının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsi məsələsinə baxılıb. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. X. Həsənovanın cəzasının çox hissəsini çəkdiyi nəzərə alınıb və o, məhkəmə zalından azadlığa buraxılıb.














