Sabiq polis rəisi namus üstündə qətllərdə mental özəllikdən danışdı

Mahmud Hacıyev: "Çıxarılan hökmə genimizdən irəli gələn və düşüncəmizə təsir edən səbəblər də təsir edir"

Bakı Ağır Cinayətlər Məhkəməsində Seyidmalik Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakimlər kollegiyasının hökmünə əsasən, Seyidmalik Məmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror çıxışında Seyidmalik Məmmədovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. 60 yaşlı Seyidmalik Məmmədov bildirib ki, cinayəti namus üstündə törədib. Daha bir namus üstündə qanlı cinayətin araşdırılması Sumqayıt Apelyasiya Məhkəməsində sona çatıb. Hakim Nazim Mövsümovun sədrliyi ilə 1994-cü il təvəllüdlü Ruslan İbrahimovun apelyasiya şikayətinə baxılıb. R.İbrahimov xalası ilə ər-arvad münasibətində olan Ramil Şıxəliyevi ov bıçağı ilə vurub. O, cinayəti namus üstündə törətdiyini deyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə görə, 7 il müddətinə azadlıqdan məhrum edilən R.İbrahimovun cəzası 4 ilə endirilib. Eyni motivlə İsmayıllının Kürdmaşı kəndində də qətl qeydə alınıb. Kənd sakini Elçin Cəfərov həyat yoldaşı 1989-cu il təvəllüdlü C.S-ovanı odlu silahdan açdığı atəşlə öldürüb.

Belə cinayətləri, qətlləri doğuran səbəblər haqda sabiq polis rəisi Mahmud Hacıyevin fikirlərini öyrənmişik. Mahmud Hacıyev deyir ki, cinayətlərin törədilməsi səbəblərini öyrənən kriminalogiya elmi var: "Kriminalogiya 3-5, 8-10 illik dövrlərdə baş verən oxşar cinayətlərin başvermə səbəblərini öyrənir. Cinayət hansı zonada, hansı silahla, üsulla və s. məqamlar nəzərə alınmaqla araşdırılır. Hansı zonada bu və ya digər cinayətin artma səbəbləri öyrənilir. Hüquqşünaslar, psixoloqlar, psixiatrlar kompleks halında araşdırma aparırlar. Bu və ya digər cinayəti törətmiş şəxsin psixoloji durumu, yaşam tərzi, iş şəraiti və digər faktorlar nəzərə alınır. İnsan var ki, cinayəti psixoloji durumundakı naqisliklərə görə törədir. Mümkündür ki, şəxs emosional olsun və hər hansı bir hadisədən affekt vəziyyətə düşsün cinayət törətsin. Olur ki, şəxsdə ruhi pozğunluq var, amma bundan heç yaxınları da məlumatlı deyillər. Hansısa hadisənin təsiri altında belə pozğunluq özünü büruzə verir və cinayət törənir. Bu baxımdan hüquq-mühafizə orqanlarının niyə vaxtında tədbir görüb bu və ya digər cinayətin qarşısını almaması haqda ittihamlar həmişə haqlı deyil".

Mahmud Hacıyev deyir ki, cəmiyyət olan yerdə cinayət də var: "Cinayət varsa, cinayətkarlıqla mübarizə də var. Şəxs hər hansı bir səbəbdən cinayət törədirsə, onun cəza alacağı da gözləniləndir".

Sabiq polis rəisi namus üstündə qətl törədənlərə hüquq-mühafizə, prokurorluq-məhkəmə səlahiyyətlilərinin fərqli münasibətinin səbəblərinə də toxundu: "Qanuna görə, hakimlər müstəqil və sərbəstdirlər, qanuna tabedirlər. Qanunların sanksiya hissəsində törədilmiş cinayətə görə cəza təyin edilərkən konkret göstəriş yoxdur. Yəni filan cinayətə görə konkret olaraq 10 il, digər cinayətə görə 15 il cəza təyin edilsin göstərişi yoxdur. Cinayət əməlinə görə aşağı və ya yuxarı hədd var. Maddələrdə 10 ildən 15 ilə, 15-dən 25-ə qədər aşağı yuxarı hədd təyin olunur. Ona görə yuxarı-aşağı hədd müəyyən olunur ki, hakim özünün sərbəst hüquq düşüncəsini ortaya qoya bilsin. Hakim işi araşdırır və sonda özünün hüquq düşüncəsinə uyğun hökm verir. Məhkəmədə cinayət törədənin belə bir əməli hansı səbəbdən törətməsi, məhkumluğunun olub-olmaması, cavan olması, iş, yaşayış yerində necə xarakterizə olunması və s. nüansları nəzərə alır. Aydın məsələdir ki, genimizdən irəli gələn və düşüncəmizə təsir edən səbəblər də var. Hakimlər də baxırlar ki, cinayət qeyrət-namus üstündə törədilib. Hakimlərin içində də hamıda olduğu kimi, gendən gəlmə çağırışlar var. Hökm çıxararkən həmin gendən gələn çağırışlar təsir edir. Namus məsələlərində aşağı həddin təyini də əsasən bu məsələ ilə bağlıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31