İran nefti qıtlıq təhlükəsini azaldır: Azərbaycan büdcəsini hansı ssenarilər gözləyir? – ÖZƏL
12:12 İqtisadiyyat"İran neftinin dünya bazarına daha böyük həcmdə qayıtması ilk növbədə təklif tərəfini genişləndirən amil kimi qiymətləndirmək olar. Hörmüz boğazından keçidlərin bərpası və ixrac imkanlarının artması qlobal bazarda risk əlavəsini azalda bilər. Son günlər Hörmüzdə tanker hərəkətinin bərpa olunduğu və regiondan enerji daşımalarının artdığı barədə məlumatlar yayılıb".
Bu sözləri iqtisadçı ekspert Asif İbrahimov deyib. İqtisadçı bildirib ki, neft qiymətlərinə təsir İranın ixracı artdıqca bazara əlavə milyonlarla barel daxil ola bilər. Əgər bu artım sabit və uzunmüddətli olarsa, Brent markalı neftin qiymətində aşağı istiqamətli təzyiq yarada bilər. Amma qiymətin kəskin düşməsi təkcə İran faktorundan asılı deyil. OPEC+ siyasəti, qlobal tələb, ABŞ hasilatı və geosiyasi risklər də əsas rol oynayır. Yəni İran nefti bazara qayıtsa, qıtlıq təhlükəsi azalır, bu isə qiymətlərdə müəyyən yumşalma yarada bilər. Azərbaycan üçün belə xəbərlər çox önəmlidir.Beləki, Azərbaycan iqtisadiyyatı neft gəlirlərindən əhəmiyyətli dərəcədə asılı olduğu üçün neft qiymətinin aşağı düşməsi iki istiqamətdə təsir göstərə bilər. Birincisi Dövlət Neft Fondunun gəlirləridir. Neftin orta ixrac qiyməti aşağı düşərsə, SOCAR və hasilat layihələrindən daxilolmalar azala bilər. Dövlət Neft Fondundan transfer imkanları zəifləyə bilər və büdcə planlamasında daha ehtiyatlı yanaşma tələb oluna bilər. Məsələn, neft qiymətində hər 10 dollar/barel azalma uzun müddətdə böyük həcmli ixrac edən ölkələr üçün milyardlarla dollar gəlir fərqi yarada bilər. İkincisi isə büdcəyə təsirdir. Azərbaycan büdcəsində neft gəlirləri azaldıqda əlavə qeyri-neft gəlirlərinin əhəmiyyəti artır, xərclərin prioritetləşdirilməsi lazım olur və valyuta daxilolmalarının azalması manat bazarına təsir edə bilər.
Ekspertin sözlərinə görə, bu mərhələdə ciddi risklər var, amma onları kritik səviyyədə qiymətləndirmək üçün bir neçə amilə baxmaq lazımdır: "Birincisi Azərbaycan öz neftini əsasən uzunmüddətli müqavilələrlə və müxtəlif bazarlara çıxarır. İkincisi Dövlət Neft Fondu müəyyən maliyyə buferi yaradır və əsas risk neftin qısa müddətli ucuzlaşmasından çox, uzun illər ərzində yüksək qiymət dövrünün bitməsi ola bilər. Ən böyük strateji risk isə İran neftidir. Bazarda digər istehsalçıların hasilat artımı və enerji keçidi fonunda dünya bazarında ucuz neft dövrü formalaşarsa, neftdən asılı iqtisadiyyatların gəlirlərini azalda bilər. Yəni İranın bazara qayıtması Azərbaycan üçün birbaşa təhlükə deyil, amma neft qiymətlərinin uzunmüddətli aşağı düşməsi ssenarisi Dövlət Neft Fondu və büdcə gəlirləri üçün əsas çağırış ola bilər".
Səidə Ramazanova