Avropanın enerji təhlükəsizliyi təhdid altındadır?-Ekspert vəziyyəti dəyərləndirdi- ÖZƏL

"Equinor"un baş direktoru Anders Opedal "Reuters"ə bildirib ki, qlobal bazardakı gərginlik və Asiya ilə rəqabət səbəbindən Avropa bu payız qaz anbarlarını hədəflənən 80 faizlik səviyyəyə çatdıra bilməyəcək. Hazırda anbarların doluluğu 54 faizdir və bu, son 15 ilin ikinci ən aşağı göstəricisidir.

Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov Olaylar.az-a açıqlama verib:

" "Equinor" şirkətinin baş direktoru Anders Opedalın səsləndirdiyi fikirlər əslində son iki-üç ildə Avropanın enerji siyasətində müşahidə olunan əsas ziddiyyəti bir daha üzə çıxarır. Bir tərəfdən Avropa İttifaqı dekarbonizasiya siyasətini sürətləndirir, maliyyə institutları isə ESG prinsipləri çərçivəsində neft və qaz layihələrinin maliyyələşdirilməsinə daha sərt yanaşır. Digər tərəfdən isə enerji təhlükəsizliyi reallığı göstərir ki, keçid dövründə ənənəvi enerji resurslarından tam imtina etmək hələ mümkün deyil.  Qaz anbarlarının doluluq səviyyəsinin cəmi 54 faiz olması və hədəflənən 80 faizlik göstəriciyə çatmağın çətin görünməsi onu göstərir ki, Avropa qarşıdakı qış mövsümünə əvvəlki illərlə müqayisədə daha həssas daxil olur. Üstəlik, mayeləşdirilmiş təbii qaz (LNG) bazarında Asiya ilə rəqabətin güclənməsi Avropanın qaz təminatını daha da mürəkkəbləşdirir. Belə şəraitdə enerji təhlükəsizliyi yenidən iqlim siyasəti qədər prioritet məsələyə çevrilir.  Bu fonda sual yaranır ki, Avropa İttifaqı və Avropa bankları qazıntı yanacağı layihələrinə tətbiq etdikləri maliyyə və investisiya məhdudiyyətlərini yumşalda bilərmi?  Mən hesab edirəm ki, tam ləğvdən daha çox, yanaşmanın yenidən kalibrləşdirilməsi baş verə bilər. Çünki Avropa İttifaqının "Yaşıl Razılaşma" (Green Deal) və 2050-ci il karbon neytrallığı hədəflərindən imtina etməsi real görünmür. Bununla belə, enerji təhlükəsizliyi ilə bağlı risklər artdıqca, xüsusilə təbii qaz layihələri üzrə maliyyələşdirmə meyarlarının müəyyən qədər yumşaldılması istisna edilmir.  Artıq son illərdə Avropa Komissiyasının bəzi qərarları da bunu göstərir. Təbii qaz müəyyən şərtlərlə keçid enerjisi (transition fuel) kimi qəbul edilir və enerji təhlükəsizliyini təmin edən strateji layihələrə daha praqmatik yanaşma formalaşır. Yəni söhbət fosil yanacaqlardan tam imtinadan deyil, onların keçid dövründə rasional istifadəsindən gedir.

Bu baxımdan yaranmış vəziyyət Avropa banklarını da müəyyən mənada mövqelərinə yenidən baxmağa sövq edə bilər. Çünki bank sektoru yalnız ESG meyarlarını deyil, həm də iqtisadi sabitlik və enerji təminatını qiymətləndirir. Əgər enerji çatışmazlığı sənaye istehsalına, inflyasiyaya və iqtisadi artıma mənfi təsir göstərirsə, maliyyə institutları da daha balanslı investisiya siyasəti yürütməyə çalışacaqlar.  Məhz bu məqam Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə beynəlxalq platformalarda dəfələrlə səsləndirdiyi fikirlərlə üst-üstə düşür. Prezident İlham Əliyev vurğulayıb ki, neft və qaz layihələrinə investisiyaların süni şəkildə məhdudlaşdırılması gələcəkdə enerji çatışmazlığına, qiymət şoklarına və enerji təhlükəsizliyi risklərinin artmasına səbəb olacaq. Bu gün Avropada yaranmış vəziyyət həmin xəbərdarlıqların təsadüfi olmadığını göstərir. Əslində enerji keçidi ilə enerji təhlükəsizliyi bir-birinə alternativ anlayışlar deyil. Əksinə, uğurlu enerji keçidi yalnız enerji təhlükəsizliyi təmin olunduğu halda mümkündür. Əgər bazarda kifayət qədər qaz təklifi olmazsa, qiymətlər yüksələcək, sənayenin rəqabət qabiliyyəti zəifləyəcək və nəticədə yaşıl transformasiya üçün tələb olunan maliyyə resurslarının formalaşdırılması da çətinləşəcək.  Ona görə də yaxın illərdə Avropa İttifaqının enerji siyasətində daha praqmatik yanaşmanın güclənəcəyini gözləmək olar. Bu, yaşıl hədəflərdən imtina deyil, enerji təhlükəsizliyi ilə iqlim siyasəti arasında daha real balansın qurulması deməkdir. Məhz belə bir balans həm istehlakçıların enerji təhlükəsizliyini təmin edə, həm də uzunmüddətli dekarbonizasiya məqsədlərinin həyata keçirilməsinə xidmət edə bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31