Putinin zəngi: Bakı-Moskva xəttində yeni siyasi siqnal
18:37 SiyasətRusiya Federasiyası Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi son dövrlər iki ölkə münasibətləri ətrafında yaranan müzakirələr fonunda xüsusi siyasi əhəmiyyət daşıyır.
Bu təmas Moskvanın Bakı ilə münasibətləri qarşıdurma deyil, dialoq və qarşılıqlı maraqlar əsasında inkişaf etdirmək niyyətində olduğunu göstərən mühüm siqnaldır.
Dövlət başçıları arasında birbaşa əlaqənin baş tutması onu deməyə əsas verir ki, ikitərəfli münasibətlər strateji maraqlar prizmasından qiymətləndirilir və mövcud fikir ayrılıqlarının dialoq yolu ilə həlli prioritet olaraq qalır.
Diqqətçəkən məqamlardan biri də məhz Vladimir Putinin Prezident İlham Əliyevə zəng etməsidir. Bu, Azərbaycanın regional siyasətdə artan nüfuzunun və Prezident İlham Əliyevin beynəlxalq müstəvidə formalaşdırdığı siyasi çəkisinin daha bir göstəricisi kimi qiymətləndirilə bilər.
Xatırlatmaq kifayətdir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan uzun müddət Rusiya Prezidenti ilə əlaqə yaratmağa çalışmış, yalnız müəyyən vaxtdan sonra bu telefon danışığı baş tutmuşdu. Mövcud fakt V.Putinin Prezident İlham Əliyevə etdiyi zəngi daha da diqqətçəkən edir.
Rəsmi Bakı: Əlaqələrin genişləndirilməsində qarşılıqlı maraq təsdiqləndi
Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, iyulun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Telefon danışığı zamanı liderlər ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə ediblər.
Söhbət əsnasında Azərbaycan-Rusiya münasibətlərinin konstruktiv xarakter daşıdığı, hökumətlər və aidiyyəti qurumlar arasında fəal dialoqun davam etdiyi vurğulanıb. Həmçinin qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsində hər iki tərəfin maraqlı olduğu bir daha təsdiqlənib.
Şuşa Forumunda verilən mesaj telefon danışığında praktik təsdiqini tapdı
Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər də dövlət başçılarının telefon danışığının siyasi mahiyyətini tamamlayan mühüm mesajlar sırasında yer alır. Prezident normallaşma, mövcud problemlərin qarşılıqlı hörmət və dialoq yolu ilə aradan qaldırılması, eləcə də ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğulamışdı. Son telefon danışığı göstərdi ki, bu yanaşma yalnız Azərbaycanın deyil, Rusiyanın da maraqları ilə üst-üstə düşür.
Başqa sözlə, Bakı münasibətlərin gələcəyini emosional ritorikada deyil, praqmatik əməkdaşlıq müstəvisində görür. Telefon danışığı da məhz bu siyasi xəttin praktik davamı kimi qiymətləndirilə bilər və iki ölkənin qarşılıqlı maraqlar əsasında əməkdaşlığı davam etdirmək niyyətini bir daha nümayiş etdirir.
Deputat: Dövlət başçılarının dialoqu münasibətləri pozmaq istəyən dairələrin planlarını iflasa uğratdı
Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov Trend-ə açıqlamasında bildirib ki, son günlər iki ölkə arasında ən yüksək səviyyədə həyata keçirilən siyasi təmaslar Azərbaycan-Rusiya münasibətlərinin sağlam məcrada inkişaf etdirilməsi istiqamətində qarşılıqlı iradənin mövcud olduğunu göstərir.
Onun sözlərinə görə, Prezident Vladimir Putinin Prezident İlham Əliyevə telefon zəngi də məhz bu siyasi iradənin konkret ifadəsidir və dialoqun alternativsiz olduğunu nümayiş etdirir.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda normallaşma, problemlərin konstruktiv həlli və əməkdaşlığın genişləndirilməsi ilə bağlı səsləndirdiyi fikirlər regionda sabitliyə, qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edən mühüm siyasi xəttdir.
V.İskəndərovun fikrincə, dövlət başçılarının telefon danışığı son dövrlər Rusiyada Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirməyə çalışan müəyyən dairələrin planlarını da puça çıxardı. O bildirib ki, bəzi jurnalistlərin, ekspertlərin, politoloqların, bloqerlərin və deputatların sərgilədiyi radikal ritorika dövlətlərin rəsmi mövqeyini əks etdirmir və münasibətlərin gələcəyini müəyyənləşdirə bilməz.
Deputat hesab edir ki, həmin şəxslər baş verənlərdən düzgün nəticə çıxarmalı, cəmiyyətlər arasında etimadı sarsıdan və münasibətlərə zərər vuran şou xarakterli, toksik çıxışlardan imtina etməlidirlər. Onun sözlərinə görə, Azərbaycan-Rusiya münasibətlərinin inkişafını dövlət rəhbərlərinin nümayiş etdirdiyi praqmatik siyasət müəyyən edir.
Radikal ritorika deyil, siyasi iradə münasibətlərin gələcəyini müəyyənləşdirir
Əslində, son hadisələr bir daha göstərdi ki, dövlətlərarası münasibətlərin istiqamətini sosial şəbəkələrdə və televiziya studiyalarında səsləndirilən emosional bəyanatlar deyil, ölkə rəhbərlərinin qəbul etdiyi siyasi qərarlar müəyyənləşdirir. Son dövrlər Rusiyada bəzi jurnalistlər, politoloqlar, ekspertlər, bloqerlər və deputatlar tərəfindən Azərbaycan əleyhinə sərgilənən sərt ritorika ikitərəfli münasibətlərə xələl gətirmək məqsədi daşısa da, Vladimir Putinin Prezident İlham Əliyevə etdiyi telefon zəngi həmin cəhdlərin nəticəsiz qaldığını açıq şəkildə nümayiş etdirdi.
Bu telefon danışığı eyni zamanda həmin dairələr üçün ciddi siyasi mesaj hesab oluna bilər. Azərbaycan-Rusiya münasibətlərinə zərər vuran, cəmiyyətlərdə qarşıdurma ovqatı formalaşdıran və toksik informasiya mühiti yaradan populist çıxışlar heç bir perspektiv vəd etmir. Əksinə, dövlət rəhbərlərinin nümayiş etdirdiyi dialoq iradəsi göstərir ki, iki ölkənin münasibətlərinin gələcəyi qarşılıqlı hörmətə, siyasi praqmatizmə və ortaq maraqlara əsaslanacaq.
Millət vəkili: Putinin zəngi radikal dairələrə verilən ən aydın cavablardan biridir
Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Şahin Seyidzadə isə Trend-ə açıqlamasında deyib, Azərbaycan-Rusiya münasibətlərində müəyyən çətinliklər mövcud olsa da, hər iki ölkənin siyasi iradəsi əlaqələrin inkişaf etdirilməsinə yönəlib.
Deputatın sözlərinə görə, Prezident Vladimir Putinin Prezident İlham Əliyevə telefon zəngi Moskvanın münasibətləri qarşıdurma deyil, əməkdaşlıq müstəvisində davam etdirmək niyyətini nümayiş etdirir.
Ş.Seyidzadə bildirib ki, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda normallaşma, problemlərin dialoq yolu ilə həlli və ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı səsləndirdiyi fikirlər həm Azərbaycanın milli maraqlarına, həm də qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Dövlət başçılarının son telefon danışığı da bu siyasi xəttin davam etdiyini təsdiqləyir.
Deputat vurğulayıb ki, Putinin telefon zəngi Rusiyada Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışan radikal dairələrin gözləntilərini doğrultmadı. Onun sözlərinə görə, bəzi jurnalistlər, ekspertlər, politoloqlar, bloqerlər və deputatlar tərəfindən səsləndirilən emosional bəyanatlar nə Bakının, nə də Moskvanın rəsmi siyasətini əks etdirir.
Ş.Seyidzadə hesab edir ki, bu hadisə həmin şəxslər üçün də mühüm nəticə olmalıdır. Onun fikrincə, münasibətlər şou xarakterli çıxışlar və populist ritorika ilə deyil, dövlət maraqları, qarşılıqlı hörmət və praqmatik əməkdaşlıq əsasında inkişaf etdirilməlidir.
Liderlərin dialoqu siyasi gündəmin əsas istiqamətini müəyyənləşdirdi
Azərbaycan-Rusiya münasibətlərinin gələcəyi ilə bağlı ən mühüm mesajı dövlət başçılarının özləri verdi. Bu təmas göstərdi ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, hər iki ölkə münasibətlərin inkişafında maraqlıdır və dialoq mexanizmlərini qoruyub saxlamaq niyyətindədir.
Eyni zamanda, son hadisələr bir daha təsdiqlədi ki, ikitərəfli münasibətlərin taleyini radikal ritorika, populist bəyanatlar və informasiya məkanında yaradılan süni gərginlik deyil, dövlətlərin strateji maraqları və liderlərin siyasi iradəsi müəyyən edir.
Bu baxımdan telefon danışığı təkcə iki ölkə arasında növbəti diplomatik təmas deyil, həm də münasibətlərin gələcək inkişaf istiqamətini göstərən mühüm siyasi mesaj kimi qiymətləndirilməlidir.