Husilərin PUA hücumundan sonra Səudiyyənin ən böyük neft emalı kompleksi fəaliyyətini dayandırıb
18:34 DünyaYəməndəki husilərin pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumdan sonra Səudiyyə Ərəbistanında "Saudi Aramco" şirkətinin ən böyük neft emalı kompleksi fəaliyyətini müvəqqəti dayandırıb.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Gündə təxminən 400 min barel neft emal edən müəssisəyə edilən hücum nəticəsində kombinə edilmiş dövriyyəli qazlaşdırma kompleksi və rezervuar parkı zərər görüb. Təmir işlərinin avqustun 15-dən tez başa çatdırılması gözlənilmir.
Xatırladaq ki, "Reuters" agentliyi iyulun 17-də yazmışdı ki, İran ABŞ-nin ölkənin enerji infrastrukturu obyektlərinə zərbə endirəcəyi təqdirdə Yəməndəki husilərdən Qırmızı dənizin bağlanmasına hazırlaşmağı istəyib.
İyulun 20-də isə Yəmənin "Ənsar Allah" hərəkatının husiləri Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etdiklərini bildiriblər.