Tramp İranla bağlı açıqlamaları ilə həm rəqiblərinə, həm də daxili auditoriyaya mesaj verir-Politoloqdan açıqlama- ÖZƏL
16:19 SiyasətABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesuelada baş verənlərə bənzər proseslər İranda da yaşanır, lakin insanların bunu görmədiyini iddia edib. O, İranın təzyiq altında olduğunu söyləyərək, rəsmi Tehranla danışıqların davam etdiyini və ölkənin davranışından asılı olaraq ABŞ-ın siyasətinin dəyişdiyini vurğulayıb.
Trampın İrana dair bu açıqlamaları Vaşinqtonun Tehrana qarşı gələcək siyasəti ilə bağlı hansı siqnalları verir?Trampın Venesuela ilə İran arasında apardığı müqayisə geosiyasi baxımdan nə dərəcədə əsaslıdır?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Donald Trampın İranla bağlı son açıqlamalarını təhlil edərkən ilk növbədə qeyd etmək lazımdır ki, Donald Tramp vasitəçi ölkələrin xahişləri əsasında İrana endirilən zərbələrin dayandırıldığını bəyan etdi və İran tərəfi də qarşılıqlı olaraq atəşkəsə əməl etdiyini bildirdi.
Donald Tramp Venesuelada sürətli əməliyyat keçirərək öz hədəflərinə çatdı. Amma İranla bağlı bunu söyləmək hələ tezdir. Çünki İranla müharibə artıq beşinci aydır davam etməkdədir. Doğrudur, atəşkəs elan olunsa da, qarşılıqlı zərbələrin endirilməsi prosesi davam edir.
Yəni, Donald Trampın geosiyasi məqsədi ondan ibarətdir ki, ABŞ İranda da müəyyən hədəflərinə nail olsun. Buna nə dərəcədə müvəffəq olacağı isə hələ məlum deyil. Amerikanın əlində İrana qarşı kifayət qədər təsir rıçaqları var. Belə ki, xüsusilə boğazın bağlanması və digər təzyiq vasitələri ilə İrana qarşı müxtəlif addımlar ataraq onu zəiflətmək imkanları mövcuddur. Donald Tramp da bununla bağlı fikirlər səsləndirir.
Amma ümumən, ABŞ İranda öz hədəflərinə çatarsa, bu, onun dünyadakı mövqeyini daha da gücləndirə bilər. Çünki belə olduğu halda həm Qırmızı dəniz, həm Süveyş kanalı, eyni zamanda İranın enerji resursları üzərində Amerikanın təsir imkanları arta bilər. Bu da ABŞ-ın hegemonluq imkanlarını daha da genişləndirə bilər.
Amma digər tərəfdən nəzərə almaq lazımdır ki, hazırda İran müqavimət göstərir və Amerikanın rəqibləri də bu prosesdə İrana dəstək verirlər. O baxımdan, prosesin hələ bir xeyli zaman alacağı istisna olunmur.Bu baxımdan, Donald Trampın bu cür açıqlamaları bir çox hallarda real vəziyyətdən daha çox daxili auditoriyaya hesablanmış PR kimi də qəbul olunmalıdır"
Zeynəb Mustafazadə