İstedad öz sözünü deyəndə...
11:32 SosialŞair haqqında yazmaq üçün təkcə onun yazdıqlarını oxumaq kifayət etmir. Bəzən bir misra oxucunu düşündürür və həmin duyğuları başqaları ilə bölüşmək istəyinə səbəb olur. Tural Balabəylinin son şeirlərini oxudum. Bir daha əmin oldum ki, Tural artıq sadəcə şeir yazan bir gənc deyil. O, özünəməxsus duyumu, poetik baxışı və səmimi qələmi ilə diqqət çəkən gənc şairlərdəndir.
Tural dostum Faiq Balabəylinin oğludur. Onun ilk şeirlərini də elə bu doğmalığın, dostluq münasibətinin gətirdiyi hisslərlə oxumuşdum. İlk vaxtlar düşüncəm sadəcə gənc bir qələm sahibinə dəstək olmaq, onu ruhlandırmaq idi. Amma zaman keçdikcə bu münasibət dəyişdi. Artıq onun şeirlərini kiminsə xətrinə deyil, yaratdığı duyğuya görə oxumağa başladım.
Çünki yaxşı şeir oxucusunu özü tapır. O, insanda bir hiss oyadır, yadda qalır və yenidən həmin misralara qayıtmaq istəyi yaradır. Turalın bəzi şeirlərində mən məhz bu təsiri hiss etdim.
Şeir var ki, müəllifindən əvvəl oxucunun qəlbinə yol tapır. Sanki səssizcə deyir: "Məni oxu." Turalın yaradıcılığı haqqında düşünəndə məndə yaranan ilk təəssürat da bu oldu.
Onun poeziyasında diqqət çəkən əsas xüsusiyyət səmimiyyətdir. Tural mürəkkəb ifadələrin, süni bənzətmələrin arxasında gizlənmir. O, hisslərini olduğu kimi təqdim edir. Bəzən bir neçə misra ilə böyük bir duyğunu, insanın daxili vəziyyətini ifadə edə bilir.
"Məndən olsaydı..." şeirində yazır:
"Çünki gecikən ayrılıqlar
sevgini yox,
adamı öldürür."
Bu misralarda sadəcə ayrılıq ağrısı yoxdur. Burada insanın gecikmiş qərarları, içində böyütdüyü ağrılar və zamanla yorulan ruhu haqqında düşüncə var. Müəllif uzun izahlara ehtiyac duymur. Bir neçə sözlə böyük bir hiss yaradır.
Başqa bir misrada isə sevginin və insan münasibətlərinin incə tərəfini göstərir:
"İnsan hər dəfə bağışlayanda
bir az da uzaqlaşır."
Bu, sadəcə sevgi haqqında deyil, insan xarakteri haqqında müşahidədir. Belə misralar həyatı diqqətlə izləyən və insanları anlamağa çalışan qələmdən doğur.
Turalın şeirlərində məni təsirləndirən başqa bir cəhət də daxili sükutu ifadə edə bilməsidir:
"Bəzi insanlar üçün
ən ağır cəza
tərk edilmək deyil...
Bir daha heç vaxt
xatırlanmamaqdır."
Bu misralarda böyük bir səssizlik var. Burada nə hayqırtı, nə də süni dramatizm görünür. Sadəcə insanın içində yaşadığı bir ağrı var. Yaxşı poeziyanın gücü də elə bundadır. Səsini yüksəltmədən oxucunun daxilində böyük bir duyğu yaratmaq.
Turalın yaradıcılığı yalnız şəxsi hisslərlə məhdudlaşmır. Onun "Şuşa" şeiri göstərir ki, müəllif milli yaddaşa da həssas yanaşır.
Şuşa onun poeziyasında sadəcə bir məkan deyil. O, tariximizin, musiqimizin, poeziyamızın və milli ruhumuzun simvoluna çevrilir. Burada Vaqif də var, Natəvan da, Üzeyir Hacıbəyov da, muğam da, Xarıbülbül də...
Tural tarixi sadəcə sadalamaqla kifayətlənmir, onu poetik obrazlara çevirir. Şuşanı bir duyğu, bir yaddaş və bir qürur mənbəyi kimi təqdim edir.
Əlbəttə, Tural yaradıcılıq yolunun hələ başlanğıcındadır. Qarşıda onu çoxlu oxu, axtarış, yeni təcrübələr və daha böyük yaradıcılıq imkanları gözləyir. Amma istedadın əsas xüsusiyyəti odur ki, özünü ilk addımlardan hiss etdirir. Onun şeirlərində də bu işıq görünür.
Şeir yalnız sözlərin düzülüşü deyil. Şeir hissin, düşüncənin və həyat müşahidəsinin birliyidir. Turalın son şeirlərini oxuyarkən hiss etdim ki, o, artıq yalnız yaşanan hadisələri deyil, insanın daxilində baş verənləri yazmağa başlayıb. Poeziyada ən çətin və ən qiymətli mərhələlərdən biri də budur.
Şairi fərqləndirən yalnız gözəl misralar deyil. Əsas məsələ oxucunu inandıra bilməkdir. Turalın şeirlərində bu səmimiyyət və inandırıcılıq var. O, hiss etmədiyini yazmır, yazdığını isə oxucuya hiss etdirə bilir.
Ədəbiyyatda yadda qalan şairlər öz səsinə sahib olanlardır. Onlar başqalarını təkrarlamaq yox, öz daxili dünyalarını ifadə etmək yolu ilə tanınırlar. İnanıram ki, Tural Balabəyli də bu yolda inamla irəliləyəcək. Daha çox oxuyacaq, daha çox düşünəcək, yaşadıqlarını və duyduqlarını sözə çevirəcək.
Çünki yaxşı şeir sadəcə yazılmır, yaşanır.
Mən Turalın ilk şeirlərini dostumun xətrinə oxumuşdum. Bu yazını isə onun son şeirlərini oxuduqdan sonra, artıq şeirin öz yaratdığı təsirlə yazıram.
Bu dəfə dostumun oğluna görə deyil, şeirin özünə görə qələmə aldım.
Çünki bəzən şeir müəllifini tanıdır, bəzən isə müəllifini oxucuya sevdirir.
Mən inanıram ki, Tural Balabəyli öz poetik səsini tapmaq yolunda addımlayan istedadlı gənc şairlərdəndir. Onun qələminin gələcəyinə inamım var. Çünki həqiqi istedad özünü göstərmək üçün səs-küyə ehtiyac duymur.
Bir gün öz dili ilə özü haqqında danışır.
Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, "Beynəlxalq Rəsul Rza mükafatı" laureatı