ÖZÜNƏMƏXSUSLUQ

Baxırsan ki, bir dəstə uşaq futbol oynamağa gedir, top birinin əlindədir.
Oyun qaydalarını da, komandaların bölgüsünü də o edir 
Qalanlarından cüzi bir hissə nəsə təkliflər edir, az da olsa " mən də varam,  mənim də fikirim var" deyir.
Çox hissə deyilən bütün qaydalara razı olur.
Daha bir hissə isə onları da oyuna alacaqlarını, harada oynayacaqlarını arzu edir, bu səbəbdən də birinci uşağa yarınmaq üçün yalançı təbəssümlər, təriflər edir.

Zaman keçir o uşaqlar elə bu cür bölgü ilə böyüyürlər, hərəsi bir peşə sahibi olurlar.

O əlində top tutub qaydalar müəyyən edən, özünü yalnız həmişə öz qaydalarına, öz liderliyinə inandıran, belə olduğunu təbii hesab edən uşaqdan Özünəməxsus bir şəxsiyyət formalaşır.

O uşaq bunu düşünülmüş etmir. Fitrətində olan zəka, liderlik, qürur, cəsarət, fiziki, əqli və ruhi keyfiyyətlərin birgə yaratdığı effekt ortaya çıxır.
Beləliklə özünəməxsusluq yaranır.

Özünəməxsus şəxs sabah çoban olanda çoban yoldaşları onu qəbul edir, müəllim olanda müdiriyyət onu qəbul edir, uşaqlar ona xüsusi baxır, hansı təşkilatda, müəsissədə işləsə vəzifəsindən asılı olmayaraq qəbul edilir.
O özü isə yenə də top əlində ən azından özü öz qaydaları ilə oynayır. 
Kimlərisə təqlid etmir, qruplara qoşulmur, əlaltı olmur.

Təbiətdə də belədir. Meşədə eyni növdən olan çoxlu ağacların içində bəziləri daha uca, qollu- budaqlı möhtəşəm, özünə məxsus olur. İşığı, kölgəni,  torpağı, suyu o "bölür", diktə edir.
Ya çəkilib meşədən aralı, təkcə, öz qanunları ilə möhtəşəm formada, uca, yüz illərlə özünəməxsus yaşayır.

Aslanlar "top əlində" qaydaları müəyyən edir, ayılar, canavarlar az da olsa " mən də varam" deyir. Sırtdanlar, tülkülər fürsət gözləyir, hiyləgərlik edir, yalandan gülümsəyir.

Xalqların, bəşəriyyətin həyatını, tarixin gedişini dəyişən insanlar birmənalı olaraq özünəməxsus olmuşlar.
"Top" həmişə öz əllərində olmuşdur.
İstər alimlər, sərkdələr, idmançılar, mədəniyyət, ədəbiyyat nümayəndələri olsun, istərsə də siyasətçilər, prezidentlər, dövlət adamları olsun, özünəməxsus insanlardır.
Yamsılayan, öz "topu" olmayan heç vaxt heç bir sahədə 1- ci ola bilməz.

Heydər Əliyevin gənclikdən ömürünün son anlarına qədər şəkillərini, videogörüntülərini, çıxışlarını, ümumi fəaliyyətini izlədikcə özünəməxsusluğu, əlindən buraxmadığı öz "topu" aydın görünür.

Onun səsi, hərəkətləri, davranışları, zəkası, cəsarəti, xarakteri, bütün əqli, fiziki, ruhi parametrləri özünəməxsus idi.

Heydər Əliyev ömrü boyu, heç kimin təkrar yaşaya bilməyəciyi həyat və vəzifələrdə öz "topunu" əlində saxlamışdır.

Onun "topu" Azərbaycançılıq məfkurəsi, Azərbaycan xalqının elmi, mədəni, milli düşüncə inkişafı, müstəqil dövlətçiliyi, Azərbaycan təbiəti, bir sözlə AZƏRBAYCAN mahiyyətli, özünəməxsus idi.

Sadıq Qarayev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31