Liberal iqtisadiyyatın Azərbaycan modeli: Strategiyadan reallığa
25 İyul 10:11 İqtisadiyyatİSTİQAMƏT: Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Müstəqillik qazandıqdan sonra Azərbaycan iqtisadiyyatında başlıca məqsədlərdən biri azad sahibkarlığın inkişaf etdirilməsi və bazar iqtisadiyyatı mexanizmlərinin formalaşdırılması olmuşdur. Keçid iqtisadiyyatı mərhələsindən başlayaraq, son onilliklər ərzində ölkədə liberal iqtisadiyyatın əsaslarının yaradılması, dövlət müdaxiləsinin azaldılması, özəl sektorun stimullaşdırılması və rəqabət mühitinin təşviqi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.
Bu istiqamətdə həyata keçirilən siyasətin əsas hədəfi dayanıqlı iqtisadi inkişafı təmin etmək, qeyri-neft sektorunu genişləndirmək, yeni iş yerləri yaratmaq və sahibkarlığı iqtisadiyyatın lokomotivinə çevirməkdir.
Prezident İlham Əliyev ölkənin iqtisadi inkişaf modelində sahibkarlığın rolunu hər zaman ön plana çəkmişdir. Onun 2004-cü ildən etibarən ardıcıl olaraq verdiyi bəyanatlar, qəbul olunan dövlət proqramları və praktiki tədbirlər sahibkarların hüquqlarının qorunması və təşviqi ilə bağlı ciddi siyasi iradəni nümayiş etdirir.
Prezidentin 2023-cü ilin dekabrında keçirilən iqtisadi müşavirədə səsləndirdiyi bu fikri xüsusilə qeyd edilməlidir: "Azad sahibkarlıq Azərbaycanda iqtisadi inkişafın təməlidir. Dövlət olaraq bizim işimiz şərait yaratmaqdır. Sahibkar isə bu şəraiti düzgün dəyərləndirib ölkəyə sərmayə qoymalı, iş yeri açmalı, innovasiyaya meyil etməlidir."
Bu baxış tərzi Prezidentin iqtisadi fəlsəfəsinin əsasını təşkil edir: dövlət tənzimləyici və dəstəkləyici rolda çıxış edir, iqtisadiyyatda əsas fəallıq isə özəl sektorun payına düşür.
Azərbaycanda sahibkarlığın təşviqi istiqamətində bir çox mühüm qanunvericilik aktları qəbul edilmişdir: "Sahibkarlıq fəaliyyəti haqqında" Qanun (1992) - sahibkarlıq hüquqlarını və dövlətin vəzifələrini müəyyən edir; "İnvestisiya fəaliyyəti haqqında" Qanun (1995) - investorlara hüquqi təminatlar verir; "Antimonopoliya haqqında" Qanun - rəqabətli mühitin qorunmasına yönəlib; "Lisenziyalar və icazələr haqqında" Qanun (2016) - sahibkarlığın dövlət tənzimlənməsində şəffaflıq və sadəlik təmin olunub.
2021-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədi qəbul edildi. Bu strategiyanın əsas hədəflərindən biri "dinamik, inklüziv və dayanıqlı iqtisadiyyat" yaratmaqdır. Burada da sahibkarlığın stimullaşdırılması xüsusi yer tutur.
Azad sahibkarlığın təşviqi üçün vergi və gömrük sahəsində də islahatlar keçirilir. Sadələşdirilmiş vergi rejimləri tətbiq olunur, elektron vergi ödəmə sistemləri yaradılıb, gömrük prosedurları elektronlaşdırılıb, "yaşıl dəhliz" sistemi tətbiq olunur. Prezident İlham Əliyev bu islahatların mahiyyətini belə izah edir: "Biz sahibkarı yoxlamaq üçün yox, ona kömək etmək üçün yaxınlaşmalıyıq. Dövlət orqanlarının işi sahibkara təzyiq yox, şərait yaratmaq olmalıdır."
2002-ci ildə yaradılan Sahibkarlığın İnkişafı Fondu (əvvəlki adı Sahibkarlığa Kömək Milli Fondu) vasitəsilə minlərlə sahibkara güzəştli kreditlər verilib. Təkcə 2004-2023-cü illər ərzində bu fond tərəfindən 2 milyard manatdan çox vəsait sahibkarlara yönəldilib. Ən çox kreditlər kənd təsərrüfatı, sənaye, xidmət və tikinti sahələrinə verilib.
Azərbaycanda biznesin qeydiyyatında sadəlik prinsipi önə çıxarılır. "Bir pəncərə" sisteminin tətbiqi sayəsində hüquqi şəxslərin dövlət qeydiyyatı artıq onlayn formada və bir neçə saat ərzində aparılır. Bu sistem 2008-ci ildən fəaliyyət göstərir və Dünya Bankının "Doing Business" hesabatlarında Azərbaycan bu sahədə böyük irəliləyiş əldə edib.
Prezident İlham Əliyev dəfələrlə bildirib ki, sahibkarın hüququ toxunulmaz olmalıdır. Onun sözləri ilə desək: "Sahibkara qarşı əsassız yoxlamalar, müdaxilələr qətiyyən yolverilməzdir. Kim bu prinsipi pozursa, cəzalandırılacaq."
Bu çərçivədə "Açıq hökumət", "Elektron məhkəmə", "ASAN xidmət" kimi layihələr də şəffaflığın artırılması və hüquqi müdafiənin gücləndirilməsinə yönəlib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları (2004, 2009, 2014, 2019) qəbul edilmişdir. Bu proqramlar çərçivəsində: Kəndlərdə və rayonlarda minlərlə yeni sahibkarlıq obyekti yaradılıb, güzəştli kreditlər bölgələrə yönəldilib, yerli məhsulların bazara çıxışı və ixrac potensialı gücləndirilib.Bunların nəticəsi olaraq, regionlarda sahibkarlığın payı 30%-dən yuxarı qalxıb.
44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərdə yeni iqtisadi modelin qurulması dövlətin başlıca vəzifələrindən biridir. Prezident İlham Əliyev bu barədə qeyd edib: "Azad edilmiş torpaqlarda iqtisadiyyat tamamilə özəl sektorun əsasında qurulacaq. Dövlət infrastruktur yaradır, amma biznes təşəbbüslərini sahibkarlar həyata keçirməlidir."
Bu istiqamətdə "Araz Vadisi İqtisadi Zonası", "Ağdam Sənaye Parkı", "Zəngilan Ağıllı Kənd", "Şərqi Zəngəzur Yaşıl Enerji Zonası" kimi layihələrdə yüzlərlə sahibkar üçün imkanlar yaradılıb.
Azərbaycanın azad iqtisadiyyat sahəsində irəliləyişi beynəlxalq hesabatlarda da əks olunur: Dünya Bankının "Doing Business 2020" hesabatında Azərbaycan 190 ölkə arasında 34-cü yerdədir, Heritage Foundation-un "İqtisadi Azadlıq İndeksi"ndə Azərbaycan "mötədil azad iqtisadiyyat" kateqoriyasına daxildir, WEF-in Qlobal Rəqabətlilik Hesabatında isə Azərbaycan 37-ci yerdə qərarlaşıb.
Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi son 20 ildə məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biri olmuşdur. Prezident İlham Əliyevin "sahibkarlara azad meydan verilməlidir" çağırışı artıq dövlət siyasətində öz əksini tapır.
Əlbəttə, hələ də həllini gözləyən məsələlər var, amma ümumi mənzərə müsbətdir: Azərbaycanda sahibkarlığın inkişafı artıq sadəcə niyyət yox, praktik nəticələr doğuran dövlət strategiyasıdır.
Səidə Ramazanova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.