Bələdiyyələr niyə büdcə gəlirlərini artıra bilmirlər?

Yerli özünüidarə orqanının fəaliyyətinə kimlər maneə olur?

Azərbaycanda yerli özünüidarə orqanı kimi tanınan bələdiyyələr uzun müddətdən bəri fəaliyyət göstərmələrinə baxmayaraq də hələ də müstəqil qurum kimi formalaşa bilməyiblər. Müstəqil fəaliyyəti üçün mükəmməl qanunvericilik bazasına malik olan bələdiyyələr çox təəssüf ki, icra strukturlarının yaratdıqları baryeri aşmaqda çətinlik çəkirlər. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr hətta öz vəzifələrini yerinə yetirmək məqsədilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Çox təəssüf ki, hazırda bələdiyyələr üzərlərinə düşən funksiyaları tam şəkildə həyata keçirə bilmirlər. "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyin sədri Vüqar Tofiqli qeyd edib ki, diqqəti çəkən məqam ondadır ki, bir çox hallarda bələdiyyələrin fəaliyyətinə problem yaradan orqanlar öz addımlarına elə don geyindirirlər ki, istər-istəməz adam növbəti sualı verməkdə çətinlik çəkir. Buna baxmayaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan mövcud problemi aradan qaldırmaq istiqamətində səylərini artırır: "Ötən ilin dekabr ayında Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının hesabat yığıncaqlarında iştirak edərək genişməzmunlu çıxış edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Rəhman Məmmədov tərəfindən  bələdiyyə sisteminin inkişafına söykənən fikir və mülahizələrin səsləndirilməsi hər bir bələdiyyə üzv və qulluqçularının müəyyən mənada ümidlərini bir xeyli artırmış oldu. Etiraf edək ki, bu gün Bələdiyyələrlə iş Mərkəzinin, o cümlədən  bir sıra regional ədliyyə idarəsinin, xüsusən də Şəmkir, Göyçay, Gəncə və Bərdə regional ədliyyə idarələrinin fəaliyyətinin əvvəlki illərdən fərqli olaraq bələdiyyələr tərəfindən müsbət qarşılanması da təqdirəlayiq haldır. Məhz inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyəti nəticəsində bələdiyyələrin büdcə gəlirlərində ötən il ərzində 20 faizədək artım müşahidə olunub. Son üç il ərzində Bələdiyyələrlə iş Mərkəzinin, o cümlədən regional ədliyyə idarələrinin fəaliyyəti nəticəsində yerli büdcə gəlirlərində nəzərə çarpan artımın olması heç də təsadüfü deyil. Bu artım əsasən icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması ilə yanaşı, həm də vergi ödəyicilərinin ucota alınması, vergilərin, həm də əvvəlki illər üzrə vergi və icarə haqqı borclarının yığılması sahəsində irəliləyişlə bağlı olub. Bu müddətdə bələdiyyələr tərəfindən 300 min nəfərə yaxın vergi ödəyicisnin əlavə olaraq qeydiyyata alınması ciddi məsələdir. Onu da əlavə edək ki, bələdiyyələrin DSMF borclarının azaldılmasında və bütovlükdə silinməsində  adıçəkilən orqanların xüsusi rolu olması da danılmazdır. Ötən il Ağdaş bələdiyyəsinin 63 min manat, Göyçay bələdiyyəsinin 37 min manat DSMF borclarının  silinməsində, o cümlədən onlarca bələdiyyənin DSMF və digər orqanlara olan borclarının azaldılması məhz inzibati nəzarəti həyata keçirən orqanın da müstəsna rolu olub. Hesabat yığıncaqlarında mərkəz rəisinin çıxışı bugünkü reallıqda qanunvericiliyin yaratdığı imkandan bələdiyyə sədrlərinin necə və hansı formada istifadə etmələrinə həm də bir münasibət bildirməsi ilə seçildi. Üstəlik dəqiq statistik rəqəmlərin səsləndirilməsi, hətta ən xırda bir bələdiyyənin büdcə gəlirlərindəki artım barəsində məlumatın fərq qoymadan səsləndirilməsi təqdirəlayiq hal hesab edilməlidir. Bu arada əlavə edim ki, Xətai rayonunda formalaşan Əhmədli bələdiyyəsində yaranmış acınacaqlı vəziyyət barəsində bizdə yazılarımızda dəfələrlə toxunmuşduq. Bu vəziyyətin belə davam edə bilməyəcyini də qeyd etmişdik. Bələdiyyə üzvləri nəhayət ki, iclas keçirərək sədri istefaya göndərməklə daha bacarıqlı gənci sədr seçməsi sözsüz ki, bələdiyyəyə yeni nəfəs gətirmiş oldu. Bu gün il ərzində 19 min manat yığa bilməyən bələdiyyə ötən ilin 11 ayı ərzində 72 min manata yaxın maliyyə vəsaiti əldə edib. Bununla da özlərinin DSMF-yə olan borclarını da xeyli azalda biliblər. Az müddət ərzində belə bir nəticənin alınmasında etiraf edilməlidir ki, Bələdiyyələrlə iş Mərkəzinin əməkdaşlarının xidməti böyükdür". Birlik sədrinin sözlərinə görə, sözsüz ki, səmərəli yerli özünüidarəetmənin təşkili, bələdiyyələrin qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətlərinin həyata keçirilməsi üçün kifayət qədər maliyyə imkanlarının olması vacib şərtlərdəndir: "Ölkəmizdə bir sıra obyektiv və subyektiv səbəblərdən bələdiyyələrin maliyyə vəziyyətində mövcud olan problemlər sirr olmadığnı qeyd edən mərkəz rəisi bir sıra bələdiyyələr yerli büdcənin gəlir mənbələrindən tam və səmərəli istifadə etmədiklərini qeyd etməsi diqqətimdən qacmadı. Mərkəz rəisinin  "Hesab edirəm ki, yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin rolunun artırılması üçün qanunvericiliklə müəyyənləşdirilmiş gəlir mənbələri üzrə yerli büdcələrə daxil olmaların təmini, eləcə də büdcə vəsaitlərindən səmərəli istifadə edilməsi zəruridir" fikri bələdiyyələr üçün növbəti illər üçün həm də metodik tövsiyə kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2021-ci il üzrə bələdiyyə orqanının büdcəsinin icrası barədə məlumatına əsasən ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 6,6 milyon manat (19,1%) artaraq 41,6 milyon manat təşkil etmişdir. Bələdiyyələrin büdcə gəlirlərində ötən ildə də kifayət qədər artım müşahidə edilib. Diqqətəlayiq haldır ki, həmin artım yerli vergilərdən daxil olmaların artması hesabına olmuşdur. Belə ki, 2021-ci il üzrə yerli büdcələrə əvvəlki illə müqayisədə vergilərdən daxil olmalar 4,6 milyon manat (31,7%) çox olmuşdur. O cümlədən torpaq vergisindən daxil olmalar 20%, əmlak vergisindən daxil olmalar isə 40% artmışdır.

Bakı bələdiyyələri üzrə isə yerli büdcə gəlirləri 2,5 milyon (27,3%) artmışdır. Yerli vergilərdən daxil olmalar 2,6 milyon manat (42%), o cümlədən torpaq vergisindən 349 min manat (29%), əmlak vergisindən daxil olmalar 2,2 milyon manat (45%) çox olmuşdur. Bələdiyyələrin əldə etdiyi bu irəliləyiş əsasən Ədliyyə Nazirliyi tərəfindən yerli vergilər üzrə vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotununun dəqiqləşdirilməsi, vergilərin düzgün hesablanması və yerli büdcələrə ödətdirilməsi sahəsində həyata keçirilmiş tədbirlərin nəticəsidir. Bakı şəhəri üzrə  bələdiyyələrin topladıqları vergilərin bir il ərzində 42% artırılmasına nail olmaq heç də adi məsələ deyil. 2022-ci ildə isə yerli büdcə gəlirlərindəki əsaslı artım vergilərin toplanması, debitor borcların yığılması və s. mənbələr hesabına əldə edilmişdir. İnanıram ki, Ədliyyə Nazirliyi cari ildə də bələdiyyələrə qeyd olunan sahələrdə hərtərəfli metodik köməklik göstərməkdə davam edəcək və hər birimiz "Heydər Əliyev" ilində  bələdiyyələrin maliyyə vəziyyətinin daha da yaxşılaşmasının şahidi olacağıq".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31