İnhisarçılıq, yoxsa təbii qiymət artımı?- Rəsmi qurumlar bir-birini təkzib edir
18 Noyabr 2021 12:54 İqtisadiyyatDünyada baş verən iqlim dəyişkənliyi, bütün ölkələri cənginə almış pandemiya və demoqrafik artım yarana biləcək ərzaq təhlükəsizyliyi ehtimalını artırır. Hətta elm adamlarının baş sındıraraq icad etdikləri genetik modifikasiya olunmuş məhsulların (GMO) istehsalı belə dünya əhalisinin tələbatını ödəmək iqtidarında deyil. Bunun üzərinə subyektiv amilləri, daha dəqiq, inhisarçılığı da əlavə etsək, ərzaq məhsullarının insanlar üçün bir o qədər də əlçatan olmadığı mənzərəsinə aydınlıq gəlmiş olur. Məhz bu kimi amillər səbəbindən dünya bazarında ərzaq və qeyri-ərzaq məhsullarının və hətta xidmət sahələrinin qiymətində artım baş verib. Təbii ki, Azərbaycan da iqtisadi baxımdan dünyaya inteqrasiya olunduğundan bu prosesdən kənarda qala bilməz.
Aparılan müşahidələr deməyə əsas verir ki, ölkənin bütün satış mərkəzlərində, eləcə də kənd təsərrüfatı yarmarkalarında qiymət artımı baş verib. Etiraf edək ki, hazırda dünyanın elə bir neməti yoxdur ki, Azərbaycan bazarlarında olmasın. Vaxtilə əlçatmaz görünən sitrus meyvələri indı təkcə bayram günləri deyil, elə adi günlərdə də dükan-bazarlarmızı bəzəyir. Bazardakı piştaxtalarda səliqə ilə düzülən müxtəlif çeşidli ərzaq məhsulları, meyvələr insanının zövqünü oxşayır. Amma onlara yaxınlaşmaq hər kəsin görə biləcəyi iş deyil. Çünki bu növ məhsulların qiymətləri "od tutub yanır". Araşdırmalar zamanı bəlli oldu ki, bütün növ məhsulun qiymətində artım baş verib. Çox təəssüf ki, ayrı-ayrı dövlət qurumları, həmin qurumlara rəhbərlik edən şəxslər ölkədə baş verən qiymət artımının qarşısını almaq əvəzinə, insanların heysiyyatına toxunan açıqlamalar verirlər. Əhalinin sosial rifahının yüksəlməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və ən nəhayət süni qiymət artımının qarşısını almaq məqsədilə müvafiq tədbirlər görmək əvəzinə, inhisarçılıq mövqelərini qorumağa çalışırlar. Dövlət başçısının həyata keçirdiyi sosial siyasətinə zidd gedərək bazarda qiymət diqtə etməkdən belə çəkinmirlər. Maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı kənd təsərrüfatı və ərzaq məhsulları ilə bağlı dövlət rüsumunun artırılmasına münasibət bildirərkən qeyd edib ki, heç bir ərzaq məhsulunun rüsumunda bir qəpik də olsun, artım yoxdur: "Ərzaq məhsullarının qiymətinə təsir edəcək dövlət rüsumlarında artım yoxdur. Bu, tamamilə əsası olmayan uydurmalardır". Bir daha xatırladaq ki, bu ölkənin maliyyə nazirinin bahalaşmaya olan münasibətidir. İndi isə Dövlət Statistika Komitəsinin ötən ay üçün istehlak mallarında baş verən qiymət artımı ilə bağlı məlumatı təqdim edirəm.
"Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, peçenyenin, makaron məmulatlarının, unun, düyünün, kolbasa məmulatlarının, toyuq, mal və qoyun ətinin, təzə balığın, kəsmiyin, xamanın, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, üzümün, bananın, armudun, pomidorun, xiyarın, badımcanın, bibərin, kələmin, kartofun, soğanın, sarımsağın, mərcinin, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, təbii balın, çay, qəhvə və kakao tozunun, kola içkisinin, arağın qiymətlərində müşahidə olunmuşdur. Cari ilin oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma dəftərxana ləvazimatlarının, xalçaların, zərgərlik məmulatlarının, inşaat materiallarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, geyim və ayaqqabıların, mebellərin, məişət cihazlarının qiymətlərində müşahidə olunmuşdur.
Cari ilin oktyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltar, ayaqqabı, mebel, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində müşahidə olunmuşdur". Rəsmi statistik məlumatdan aydın olur ki, nəinki ərzaq, hətta qeyri-ərzaq və xidmət sahələrində belə nəzərəçarpacaq dərəcədə başalaşma baş verib. Elə isə nədən maliyyə naziri əhalinin gözünün içinə başa-başaxa yalan danışır? Səbəbini elə Samir Şərifovla bir hökumətdə təmsil olunan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun açıqlamasında axtarmağa çalışaq: "Süni qiymət artımının qarşısının alınması üçün azad rəqabət prinsipləri genişləndirilməlidir. Hesab edirəm ki, dövlət başçısı süni qiymət artımından danışan zaman bunu nəzərdə tutur. Ona görə biz də düşünürük ki, bu istiqamətdə işlər diqqət mərkəzində olmalıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında hazırlanmış antiböhran proqramı 2020-ci ildə iqtisadi tənəzzülün qarşısını alıb və 2021-ci ildə iqtisadi artıma səbəb olub. Tikinti sahəsi istisna olmaqla, cari ildə bütün sahələrdə artım müşahidə edilib. Qlobal ticarətdə qırılmalar, pandemiya ilə əlaqədar işçi qüvvəsinin çatışmazlığı yaşanır. Proqnozlara görə, qlobal əmək bazarı pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq. Qlobal işsizlik səviyyəsinin 2021-ci ilin sonuna kimi 206 milyon nəfərə yüksəlməsi gözlənilir. Bitki yağı, taxıl məhsullarının qiyməti sürətlə yüksəlib. Buna qlobal tələbatın, yanacaq, gübrə və loqistika xərclərinin artması təsir edib". Baş bankir deyib ki, ərzaq inflyasiyasına diqqət artırılmalıdır: "Ərzaq inflyasiyası daha uzun xarakter daşıya bilər. Bunun əsas səbəbinə quraqlıq və təlabatın böyüməsi daxildir. Ölkənin ərzaq təhülkəsizliyi səviyyəsi yüksəldilməlidir. Bütün istiqamətlərdə azad rəqabət prinsipləri diqqət mərkəzində olmalıdır".
Bunda başqa, baş bankir deyib ki, Azərbaycanın milli valyutasının məzənnəsi sabitdir: "Cari ilin əvvəlindən pul bazası artıb. Bütövlükdə iqtisadi artımın bərpası və inflyasiyanın sürətlənməsi baş verir. Gələn ilin ortalarından inflyasiya səviyyəsi aşağı düşməyə başlayacaq". Baş bankir bununla demək istəyir ki, ölkədə baş verən qiymət artımının ona birbaşa aidiyyatı yoxdur. O, üzərinə düşən vəzifəni-manatın məzənnəsinin sabit saxlanmasını əlavə vəsait hesabına olsa da təmin edir. Aidiyyatı qurumlar isə zəhmət çəkib inhisarçılıq siyasətinə son qoysunlar, azad rəqabət mühitini genişləndirsinlər. Əks halda gələn ilin ortalarına qədər infilyasiya səviyyəsi aşağı düşməyəcək. Başqa sözlə, gələn ilin ortalarına qədər ucuzlaşmadan danışmağa dəyməz. İqtisadçı ekspertlərin qənaətinə görə, ölkədə qiymət artımının qarşısını almaq üçün ilk növbədə Rəqabət Məcəlləsi qəbul edilməlidir ki, inhisarçılığın qismən də olsa aradan qaldırılması mümkün olsun. Paralel olaraq ölkənin ərzaq təhlükəsizliyinin səviyyəsi yüksəldilməlidir. Çünki, əhalinin ərzaq təhlükəsizliyini təmin etmək üçün əsas şərtlədən biri azad rəqabəti təmin etməkdir. Baxmayaraq ki, qiymət artımına təsir edən təbii amillər var, amma süni qiymət artımı rəqabət rejimində olan problemlərlə bağlıdır. Məhz bu səbəbdən ölkədə azad rəqabət təmin edilməlidir ki, süni qiymət artımının qarşısını almaq mümkün olsun.
Alim