İşğaldan azad olunmuş Böyük Qayıdış gerçəkləşir- ÖZƏL
13:06 Siyasət"Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun şücaəti sayəsində işğaldan azad edilmiş ərazilərin bərpası və məskunlaşdırılması sürətlə davam edir. Erməni vandalizmi nəticəsində dağıdılmış Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Azərbaycan dövləti ərazilərin bərpasına və "Böyük Qayıdış" Proqramının icrasına xüsusi həssaslıqla yanaşır. Prezident İlham Əliyev görülən işləri şəxsi nəzarətində saxlayır. Dövlətimizin başçısı birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad olunmuş ərazilərə tez-tez səfərlər edərək yeni təməlqoyma, açılış mərasimlərini, eləcə də Böyük Qayıdışı gerçəkləşdirir. Mayın 9-da və 10-da dövlətimizin başçısının və birinci xanımın iştirakı ilə Cəbrayıl və Zəngilanda yeni belə tədbirlər reallaşıb". "Olaylar" xəbər verir ki, bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində işğaldan azad edilmiş ərazilərə səfər etmələri ənənə halını alıb və rəmzi məna daşıyır. İşğala son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası Ulu Öndərin ən böyük arzusu idi. Artıq Ulu Öndərin ruhu şaddır. Dövlətimizin başçısı bu ərazilərdən dünyaya mütləq və tam Qələbə mesajlarını çatdırıb.
Millət vəkilinin sözlərinə görə, mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndi doğma sakinlərini qarşılayıb: "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndinin açılışında iştirak ediblər. Şükürbəyli 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Prezident İlham Əliyev 2023-cü ildə kəndin təməlini qoymuşdu. Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə 2522 nəfərin (615 ailə) köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçündür.
Səfər çərçivəsində Prezident İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında da iştirak edib. Dövlətimizin başçısı ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib. Xatırladaq ki, 2022-ci ildə bu kompleksin təməli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən atılmışdı. Dövlətimizin başçısı 2024-cü və 2025-ci illərdə yaşayış kompleksinin tikintisi ilə tanış olmuşdular. Kompleksdə 12 bina inşa olunub. O cümlədən 4 ədəd (60 mənzilli) üçmərtəbəli, 8 ədəd (44 mənzilli) ikimərtəbəli "townhouse" tipli evlər tikilib".