Avropanın enerji nəbzi Bakıda döyüldü -TƏHLİL
2 Mart 2020 13:08 İqtisadiyyatÖtən həftə Avropanın enerji nəbzi yenidən Bakıda döyünürdü desək yanılmarıq. Söhbət Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısından gedir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi toplantı iştirakçılarının hər il artması və bu layihəyə olan maraq Cənub Qaz Dəhlizinin perspektivi və gələcəkdə daha geniş coörafiyanı əhatə edə biləcəyi reallığını ortaya qoyurdu. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, İtaliya, Yunanıstan, Rumıniya, Türkmənistan, Xorvatiya, Monteneqro və Macarıstan, Boyük Britaniya və ABŞ-ın energetika nazirləri, nazir müavinləri və müxtəlif dövlət qurumlarının təmsilçiləri, o cümlədən Avropa Komissiyasının Enerji Direktorluğunun Baş Direktorunun müavini Klaus-Dieter Borchardt iştirak ediblər. Tədbir iştirakçıları arasında BP, SGC, BOTAŞ, TPAO, TANAP, TAP, SNAM, Fluxys, İCGB AD, Transgaz, SNGN Romgaz SA, UNİPER Global, Bulgargaz EAD, SACE, Plinacro şirkətləri, eləcə də Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı kimi beynəlxalq maliyyə qurumları da təmsil olunurdu.
Məlumat üçün qeyd edək ki, Cənub Qaz Dəhlizi - Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirmək, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və Avropada TAP qaz kəmərini genişləndirilməsi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq. Cənub Qaz Dəhlizi layihəsinin əsas məqsədi "Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK) və yeni tikiləcək TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Layihənin əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır.
Qeyd etdiyimiz kimi hər ötən il Cənub Qaz Dəhlizinə olan beynəlxalq maraq artır və bu maraq layihəyə qoşulmaq istəyində olan dövlətlər və şirkətlərin sayında özünü açıq şəkildə büruzə verir. Əgər layihəyə ilk ildə İsveçrənin Axpo, Türkiyənin BOTAŞ, Böyük Britaniyanın BP, İspaniyanın Enagás, Belçikanın Fluxys, Rusiyanın LUKoyl, İranın Naftiran Intertrade, Malayziyanın Petronas, Azərbaycanın SOCAR, Norveçin Statoil, Fransanın Total və Türkiyənin TPAO şirkəti qoşulmuşdusa, indi layihəyə qoşulan şirkətlərin sayı qat-qat artıb. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev toplantıda çıxışı zamanı bu məqama xüsusi diqqət çəkib. İlham Əliyev bu layihəni icra etməyə kömək göstərmiş beynəlxalq maliyyə institutlarının - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər banklarıın dəstəyini də yüksək qiymətləndirib. "Biz çox nadir əməkdaşlıq formatını müəyyən etdik. Əlbəttə ki, Azərbaycan layihənin təşəbbüskarı, investoru və ev sahibi olaraq bu təşəbbüsə start verdi. Bu təşəbbüs bizim qonşularımız Türkiyə və Gürcüstan tərəfindən dəstəklənmişdir. Bu ölkələrlə biz əvvəllər enerji resurslarının nəqli və infrastrukturu üzrə mühüm layihələr icra etmişik. Sonra bu təşəbbüs yeni tərəfdaşlar - onlardan üçü Avropa İttifaqının üzvü olan İtaliya, Yunanıstan və Bolqarıstan, həmçinin Albaniya tərəfindən dəstəklənmişdir. Sonra isə yeni və potensial tərəfdaşlar - anlaşma memorandumlarını imzaladığımız ölkələr olan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro bu təşəbbüsə qoşulmuşdur. Həmçinin bu gün bu masada biz Macarıstan, Rumıniya, Serbiya və Türkmənistanın nümayəndələrini görürük və onların burada iştirakı bu layihəyə maraqlarının olduğunu nümayiş etdirir. Hesab edirəm ki, qarşıdan gələn illərdə biz əməkdaşlığımızı gücləndirəcəyik və ola bilsin, bütün ölkələr arasında daha geniş əməkdaşlıq formatını yaradacağıq və hətta, ola bilsin, burada iştirak etməyən ölkələr gələn ilin fevral ayında bizə qoşulacaq".
Dövlət başçısı iştirakçıları gələn ilin fevralında qonaq olaraq Bakıya dəvət etdiyini deyib: "Çünki hesab edirəm ki, TAP-ın tikintisinin tamamlanması bizim komanda işimizin sonu demək deyil. Düşünürəm ki, gələn ilin fevral ayında burada - Bakıda bir çox məsələləri nəzərdən keçirmək lazımdır. Sonra da biz gələcək üçün strategiyamızı hazırlayacağıq. Keçən ilin fevral ayında biz 2018-ci ilin iyununda Türkiyə bazarına çatan TANAP-ın hissəsinin uğurla tamamlanması barədə məlumat verdik. Bu dəfə isə biz qürur hissi ilə artıq Türkiyə-Yunanıstan sərhədinə çatmış TANAP-ın tamamlandığını bildiririk. Bu, bizim meqalayihəmizin icrasında çox mühüm mərhələdir. Bu gün Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması vəziyyətinin çox yüksək olduğu və sizə də yaxşı məlum olduğu kimi, TAP layihəsinin təqribən 92 faiz tamamlandığı bir vaxtda ümid edirəm ki, bu ilin sonuna kimi biz Cənub Qaz Dəhlizi layihəsinin açılışını qeyd edəcəyik".
Dövlət başçısı vurğulayıb ki, bütün səylər konkret nəticələr verdikdən sonra geriyə baxdıqda Azərbaycanın qarşısında müstəqillik illərinin əvvəlində hansı çağırışların olduğunu, bir gün, 30 ildən daha az müddətdə ölkənin beynəlxalq tərəfdaşları ilə birlikdə belə böyük uğura nail olacağını və dünya ölkələrini maraqlandıran, dünya miqyasında layihələrin təşəbbüskarı olacağını, tərəfdaşları ilə birlikdə onları uğurla icra edəcəyini təsəvvür etmək mümkün deyildi. Bu layihələrin hər biri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", digər kəşfiyyat və hasilat layihələri, Cənub Qaz Dəhlizi, həmçinin Bakı-Tbilisi-Qars kimi nəqliyyat layihəsini də strateji əhəmiyyətə malikdir. Onların hər biri ölkəmiz və xalqımız, bu layihədə iştirak edən bütün ölkələr üçün dayanıqlı, uğurlu və əminəm ki, çiçəklənən inkişafı təmin edəcəkdir.
Azərbaycanın bu gün enerji sahəsində əldə etdiyi nailiyyətlər, uğurların arxasında ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası durur desək yanılmarıq. Məhz ulu öndərin gərgin əməyi sayəsində 1994-cü imzalanmış "Əsrin müqaviləsi"nin nəticəsidir ki, bu gün Azərbaycan Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli layihənin iştirakçılarından birinə çevrilib. "Əsrin müqaviləsi" ilə əsası qoyulan və Bakı-Tbilisi-Ceyhanla ilk əməkdaşlıq formatına start verilən layihəyə sonradan Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TAP, TANAP kimi layihələr əlavə edildi. İrəli sürülən hər bir təşəbbüs və layihə Azərbaycanın mühüm enetji təchizatçısı olduğunu, Avropanın enerji ilə təminatında önəmli rol oynadığını sübuta yetirməklə yanaşı, həm də ölkəmizin enerji strategiyasının təməlinin sağlam əsaslar üzərində qurulduğunu bir daha təsdiq etdi. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bütün bu qazanılan nailiyyətlərin arxasında məhz ümummilli lider Heydər Əliyevin uğurlu neft strategiyası və bu strategiyanın tərkib hissəsi olan "Əsrin müqaviləsi" dayanır. Toplantıda çıxışı zamanı dövlət başçısı deyib ki, 1990-cı illərdə Azərbaycanda hökm sürən siyasi vəziyyəti yada salaraq 1993-cü ilin oktyabrında Heydər Əliyevin prezident seçilməsindən sonra Azərbaycanın sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoyduğunu diqqətə çatdırıb. Bildirib ki, o zaman dövləti qurmaq üçün əsas yollardan biri güclü iqtisadiyyatın yaradılması idi və xarici investisiyalar olmadan bu mümkün deyildi. Ona görə də investisiya yatırmaq üçün xarici şirkətləri cəlb etmək çox aydın idi, lakin haraya investisiya yatırılmalı idi? "Xarici şirkətlərin maraq göstərə biləcəyi yeganə sahə neft sahəsi idi. Lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu, burada xarici şirkətlərin nümayəndələri özlərini çox narahat hiss edirdilər, onlar üçün hətta qala biləcəkləri normal otellər mövcud deyildi. Əlbəttə ki, bu vəziyyətdə investisiyaları cəlb etmək asan vəzifə deyildi. Lakin biz bunu edə bildik və 1994-cü ilin sentyabr ayında "Azəri-Çıraq-Günəşli" yataqları üzrə müqavilə Azərbaycan və xarici şirkətlərdən ibarət konsorsium tərəfindən imzalandı. Bu, bizim tərəqqiyə, çiçəklənməyə və inkişafa doğru yolumuzun əvvəli idi".
Prezident qeyd edib ki, Azərbaycanın müasir tarixində neft amili həlledici rol oynayıb. Keçmişdə - Azərbaycan müstəqil olmadığı zaman, ilk dəfə neft Bakıda çıxarılıb və dünyadakı ilk quyu qazılıb. Azərbaycanın müstəqil olmadığı zamanlarda 1 milyard tondan çox neft hasil edilib. "Əgər həmin vaxt Azərbaycan müstəqil olsa idi, biz bu gün dünyada ən varlı və çiçəklənən ölkələrdən biri ola bilərdik. Lakin həmin təbii sərvətlər Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Yalnız biz müstəqil olduqdan sonra bu, baş verdi". Dövlət başçısı deyib ki, 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması təkcə kommersiya layihəsi deyildi. "Bu, bizim üçün həyatda qalmaq layihəsi idi. Bu, bizim üçün dövlətçiliyimizi, iqtisadiyyatımızı gücləndirmək, insanlarımızın daha yaxşı həyatını təmin etmək layihəsi idi. Bunlar hamısı baş verdi. Bizim nümunəmizdə neft lənət deyildi. Neft uğur qazanmaq, güclü ölkə qurmaq, insanlara normal həyat vermək, sabitlik, təhlükəsizlik, qonşularımızla harmoniyada yaşamaq üçün vasitələrdən, ən vacib vasitələrdən biri idi".
Burada diqqət çəkən vacib məqamlardan biri də neft sektoru ilə yanaşı qeyri-neft sektorunun da inkişafına nail olmaqdır. Bu baxımdan ötən illər kifayət qədər işlər görülüb deyə bilərik. Ölkədə qeyri-neft sektorunun nəzərə çarpacaq dərəcədə inkişaf etməsi fonunda bunu aydın görmək mümkündür. Qarşıda duran digər vacib məsələ isə "qara qızıl"ı, nefti insan kapitalına çevirməkdir. Etiraf edək ki, bu istiqamətdə də ölkədə kifayət qədər işlər görülür və dövlət başçısı toplantıda çıxışı zamanı bunun nə qədər vacib olduğunu dilə gətirib: "Əsas məqsədimiz nefti - "qara qızıl"ı insan kapitalına çevirmək olub. Son 16 ildə Azərbaycanda yoxsulluq səviyyəsinin təxminən 50 faizdən 4,8 faizə düşməsi faktı onu göstərir ki, iqtisadi inkişaf və neft-qaz layihələri insanlara daha yaxşı həyat sürməyə kömək edib. Bu müddət ərzində bizim iqtisadiyyatımız 3,4 dəfə artıb. Bu, dünya rekordudur. Son 16 ildə xarici ticarətimiz 6,4 dəfə artıb. Bizim birbaşa xarici borcumuz ümumi daxili məhsulun yalnız 17 faizini təşkil edir. Sərbəst konvertasiya olunan valyuta ehtiyatlarımız xarici borcdan 6 dəfə çoxdur. Başqa sözlə, biz xarici borcu istədiyimiz vaxt bağlaya bilərik".
Süleyman
Olaylar.az