Banklar şəffaflığa nə dərəcədə əməl edir? İqtisadçı ekspert

Banklar şəffaflığa nə dərəcədə əməl edir?

Məlum maliyyə və neft böhranından sonra ən ciddi problemlərin yarandığı sahələrdən biri də bank sektoru oldu. O zaman yaranmış vəziyyət acı bir həqiqəti ortaya çıxardı ki, bu sektor heç bir fövqəladə vəziyyətə hazır deyil. Ona görə də xırda təlatümlərə belə tab gəirməyərək qısa zamanda bir çox banklar bazarı tərk etdi. Düzdür, sonrakı mərhələdə dövlət bankların vəziyyətdən çıxması üçün təqdiredici addımlar atıb, onlara dəstək dursa da, lakin hələ də bu sektorda çoxsaylı problemlər qalmaqda davam edir. Hətta bir çox banklar dövlətin dəstəyindən istifadə edib mövcud problemləri aradan qaldırmağa maraqlı görünmədi. Elə iqtisadçı ekspert Əkrəm Həsənov da belə düşünür. O, bildirib ki, bankların mütləq əksəriyyəti qanunu kobud şəkildə pozur.  Ekspertin sözlərinə görə,  Cənab Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nə əsasən 2017-2018-ci illər Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə sektorunda şəffaflığın artırılmasını təmin etməli, o cümlədən məlumatların effektiv şəkildə ictimaiyyətə çatdırılması mexanizmini müəyyən etməli idi: "Lakin Palata nəinki bunu həyata keçirməyib, hətta maliyyə təşkilatları tərəfindən şəffaflıq üzrə mövcud tələblərə riayət olunmasını da təmin etməyib. Belə ki, məsələn, hazırda banklarımızın mütləq əksəriyyəti 11 iyun 2013-cü il tarixindən qüvvədə olan "Banklarda korporativ idarəetmə standartları"nın ("Standartlar") "Məlumatların açıqlanması" adlı 14-cü bəndinə demək olar ki, riayət etmirlər. Həmin bənddə açıqlanmalı olan məlumatlar konkret sadalanır və onların bankın saytında yerləşdirilməsi tələb olunur. Tərəfimdən mövcud 30 bankın saytının monitorinqi həyata keçirilib.  Heç bir bank açıqlamalı olduğu məlumatları tam açıqlamır. Yalnız 6 bank (XalqBank, Bank Avrasiya, Azərbaycan Sənaye Bankı, Paşa Bank, Turanbank və AGBank) məlumatların azı üçdə iki hissəsini açıqlayır. 13 bank məlumatların yarıdan çoxunu, 8 bank isə yarıdan azını  açıqlayır. Nəhayət, 3 bank (Accessbank, Naxçıvanbank və AtaBank) ən yaxşı halda məlumatların üçdə bir hissəsini açıqlayır. Bütün banklar üzrə açıqlanan məlumatların orta göstəricisi cəmi 59,2 faizdir.
Açıqlanmalı olan məlumatlar standartların müvafiq bəndlərinə uyğun olaraq 5 qrupa bölünüb. Birincisi, bank və onun fəaliyyəti barədə ümumi məlumat. Ən çox açıqlanmalı olan məlumat bu qrupa daxildir. Açıqlanan məlumatların orta göstəricisi 48,6 faizdir. Əsasən aşağıdakı məlumatlar açıqlanmır: idarəetmə orqanları və daxili komitələr, mükafatlandırma siyasətinin əsas prinsipləri, əlaqədar şəxslərlə bağlanmış əqdlərin ümumi məbləği və bu məbləğin bankın məcmu kapitalına olan nisbəti və dividend siyasəti. İkincisi, illik maliyyə hesabatları. Açıqlamanın orta göstəricisi 91 faizdir. Beləliklə, ən şəffaf qrup budur. Bu da başa düşüləndir: illik maliyyə hesabatı nəinki Standartlara, həmçinin bir sıra qanuna görə də hər bir halda mövcud olmalı və müvafiq dövlət qurumlarına da təqdim olunmalıdır. Üçüncüsü, rüblük maliyyə hesabatları. Açıqlamanın orta göstəricisi 82,6 faizdir. Sözügedən hesabatlar hər bir halda Palataya da təqdim olunmalı olduğu üçün burada da şəffaflığın yüksək olması gözləniləndir. Dördüncüsü, kapitalın strukturu və adekvatlığı barədə məlumat. Açıqlamanın orta göstəricisi 82,6 faizdir. Sözügedən məlumat rüblük hesabatın tərkib hissəsi olduğu üçün əvvəlki qrupla uyğunluq müşahidə olunur. Bununla belə, bir sıra bank leverec əmsallarını açıqlamır. Nəhayət, beşinci risklərin idarə edilməsi barədə məlumat. Açıqlanan məlumatların orta göstəricisi 19,6 faizdir". İqtisadçı hesab edir ki, ən qeyri-şəffaf qrup budur: "Halbuki, investor və müştəriləri ilk növbədə məhz risklərin idarə edilməsi maraqlandırır. Bankların mütləq əksəriyyəti bu qrup üzrə yalnız ümumi sözlərlə kifayətlənərək konkret məlumatları açıqlamır. Əsasən aşağıdakı məlumatlar açıqlanmır. Vaxtı keçmiş kreditlərin məbləği və kredit portfelində xüsusi çəkisi, qeyri-standart kreditlərin cəmi və bu kreditlərin hər bir alt-kateqoriyası üzrə məbləği və kredit portfelində xüsusi çəkisi, kreditlər üzrə yaradılmış adi və məqsədli ehtiyatların məbləği və kredit portfelinə nisbəti, balansdankənar öhdəliklərin cəmi və növləri üzrə məbləği, kreditlərin, o cümlədən vaxtı keçmiş kreditlərin regionlar üzrə coğrafi bölgüsü, kreditlərin, o cümlədən vaxtı keçmiş kreditlərin iqtisadi sektorlar üzrə bölgüsü, iri kredit borclarının məbləği və məcmu kapitala nisbəti, faiz riskinə həssaslıq üzrə təsnifat, sabit və dəyişkən faizi olan aktiv və öhdəliklərin təsnifatı, fəaliyyətində istifadə edilən əsas xarici valyutalar və açıq valyuta mövqeyi üzrə prudensial normativlər göstərilməklə, bankın hər bir əsas valyuta üzrə ayrılıqda və məcmu açıq valyuta mövqeyi, hər bir valyuta üzrə aktivlərin və öhdəliklərin ödəniş müddətlərinin bölgüsü barədə məlumat. Göründüyü kimi, banklar qeyri-şəffaf fəaliyyət göstərir. Palata da bu sahədə heç bir tədbir görmür. Palatanın açıq-aşkar monitorinq edilə bilən fəaliyyətinin səviyyəsi budursa, digər diskresion səlahiyyətlərinin icrası vəziyyətini heç təsəvvür etmək olmur". Əkrəm Həsənov inu da diqqətə çatdırıb ki, məsələ ilə əlaqədar dövlət başçısına müraciət edib.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31