Elektron ticarət nə dərəcədə risklidir?

Alıcı sifariş verməzdən əvvəl nələrə diqqət yetirməlidir?

Hazırda dünyada geniş yayılmış elektron ticarət Azərbaycanda inkişaf dövrünü yaşayır. Baxmayaraq ki, ölkədə bu ticarət növünün hüquqi bazası yaradılıb, ancaq ümumilikdə rəqəmsal iqtisadiyyat nəzarətdən kənarda qalıb. Xatırladaq ki, "Elektron ticarət haqqında" qanun layihəsi elektron ticarətin əhatə dairəsinin genişləndirilməsini, elektron ticarətin əsas iştirakçılarından olan kart təşkilatının, təcrübədə geniş tətbiq edilən pul kisəsinin anlayışını, habelə elektron ticarətin iştirakçısı olan satıcıya dair tələbləri müəyyən edən normaları özündə ehtiva edir. Artıq  uzun müddət nəzarətdən kənarda qalan bu ticarət növünün artıq vergiyə cəlb edilməsi nəzərdə tutulub. Daha dəqiq, Vergi Məcəlləsinə də rəqəmsal iqtisadiyyat çərçivəsində aparılan əməliyyatların vergiyə cəlb edilməsinin işlək mexanizmini müəyyən edən müddəalar əlavə olunub. Həmin müddəalara əsasən vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən yerli bank, xarici bankın Azərbaycandakı filialları və ya poçt rabitəsinin milli operatoru tərəfindən qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı, alıcının vəsaiti hesabına tutulmalı və büdcəyə ödənilməlidir. Beləliklə qeyd edilən dəyişikliklə elektron ticarət aparan vergi ödəyicilərinə şəffaf nəzarətin təmin edilməsinə, rezident və qeyri-rezident elektron ticarət iştirakçıları arasında diskriminasiyanın aradan qaldırılmasına nail olunacaq. Lakin bütün cəhdlərə baxmayaraq hələ də elektron ticarətdə qanunsuz əməllər davam etməkdədir ki, bunun da ziyanını sadə vətəndaşlar çəkməli olurlar. Daha doğrusu ən müxtəlif yollarla aldadılmış vətəndaşlar öz hüquqlarının bərpasında çətinlik çəkirlər. Elə isə vətəndaşlar elektron ticarət zamanı nələrə diqqət yetirilməlidirlər?

Hüquqşünas Alim Hüseynli qeyd edib ki, istehlakçılara ticarət xidməti göstərilməsinin əsas mülki-hüquqi forması pərakəndə alqı-satqı müqaviləsidir. Pərakəndə alqı-satqı müqaviləsinin hüquqi məqsədi mal üzərində mülkiyyət hüququnu satıcıdan alıcıya keçirməkdir. Bu müqavilə nəticəsində satıcı mala olan mülkiyyət hüququnu itirir, alıcı isə həmin mal üzərində mülkiyyət hüququ qazanır. Alıcının əldə etdiyi mal üzərində mülkiyyət hüququnun yaranması vaxtı onun malın əvəzini ödədiyi anla şərtlənir. Mülki qanunvericilik pərakəndə alqı-satqı müqaviləsinin bir sıra formalarını nəzərdə tutur və hər bir formanın mülki-hüquqi tənzimlənməsi müəyyən xüsusiyyətlərə malikdir.  Pərakəndə alqı-satqı formalarından biri də elektron ticarətdir ki, son zamanlar bu sahənin dinamik artımı müşahidə olunur. Onun sözlərinə görə, elektron ticarət informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət növüdür. Elektron ticarətin iştirakçıları bu fəaliyyətin həyata keçirilməsi zamanı satıcı, alıcı və elektron sənəd dövriyyəsi vasitəçisi kimi çıxış edən hüquqi və fiziki şəxslər olur. Elektron ticarətdə satıcı ilə alıcı arasında müqavilələr elektron sənəd formasında bağlanır. Müqavilə bağlamaq təklifi, o cümlədən qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış təklif (ümumi oferta) təklif edənin özü və ya bu təkliflə bağlı onun adından hərəkət etmək səlahiyyəti verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər. Müqavilənin şərtləri xüsusi biliyə malik olmayan alıcı tərəfindən dəqiq və birmənalı başa düşülən şəkildə tərtib edilməlidir, həmçinin müqavilə onunla tanış olmağa və onu saxlamağa imkan verən formada hazırlanmalıdır. Müqavilənin bəzi şərtləri digər elektron sənədə istinadən verilə bilər və bu səbəbdən müqavilə etibarsız sayıla bilməz. Bu halda satıcı müqavilənin qüvvədə olduğu müddətdə istinad olunan elektron sənədə çıxış imkanı təmin etməlidir. Müqavilə satıcının qarşı tərəfin təklifi qəbul etməsinin təsdiqi anından bağlanmış hesab olunur. Əgər tərəflər arasındakı razılığa əsasən digər hallar nəzərdə tutulmamışdırsa, elektron sənədin qəbul edilməsinin təsdiqi təklifin qəbulu hesab olunmur.

Hüquqşünas bildirib ki, Azərbaycanda elektron ticarət vasitəsilə əhali əsasən restoranlardan yemək, ərzaq, parfümeriya məhsulları, kiçik elektron cihazlar, az sayda turizm şirkətlərindən isə bilet sifariş edirlər. Lakin son illər elektron ticarət getdikcə vüsət alır və bu sahədə müqavilə öhtəliklərinə əməl edilməsi aktuallaşır. Ödənişlərin heç yerə getmədən edilməsi və sifarışin qapınıza çatdırılması rahatlığı, əməliyyatların şəffaflığı, dünyanın istənilən yerindən məhsul və xidmətlərə çıxış imkanları bu növ ticarətin üstünlüklərindəndir. Elektron qaydada xidmət və ya məhsul almaq istəyən hər hansı istehlakçı satıcının vebsaytından almaq istədiyi məhsul və ya xidməti seçir, öz kredit kartı barədə məlumatları daxil edir və ödəniş məbləği satıcının bank hesabına köçürülür. Ödəniş etdikdən sonra qəbz çap etmək mümkündür. Alınan  qəbz tamamilə qanunidir və satıcılarla yaranan mübahisələr zamanı ödənişin edildiyinin sübutu kimi istifadə oluna bilər: "Məlum olduğu kimi, bu ticarət forması xüsusi qanunla, "Elektron ticarrət haqqında" AR qanunu ilə tənzimlənir. Bu Qanun Azərbaycan Respublikasında elektron ticarətin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını, onun iştirakçılarının hüquq və vəzifələrini, habelə elektron ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən edir. Maliyyə bazarı, o cümlədən sığorta və qiymətli kağızlar bazarı istisna olmaqla, bu Qanun bütün digər sahələrdə həyata keçirilən elektron ticarətə şamil olunur. Eelektron ticarətin hüquqi tənzimlənməsi iştirakçıların hüquq bərabərliyi, iradə sərbəstliyi, əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, müqavilə azadlığı, malların, xidmətlərin və maliyyə vəsaitlərinin sərbəst hərəkəti, hüquqların məhkəmədə müdafiəsinə təminat verilməsi prinsiplərinə əsaslanır. Elektron ticarətin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) tələb olunmur. Xüsusi razılıq tələb olunan fəaliyyət sahələrində elektron ticarət aparıldıqda, satıcı qanunvericilikdə müəyyən edilmiş qaydada həmin fəaliyyətə lisenziya almalıdır. Elektron ticarət həyata keçirən satıcı özü barədə aşağıdakı zəruri məlumatlarla alıcıların (sifarişçilərin) və səlahiyyətli dövlət orqanlarının tanış olmasına imkan yaratmalıdır: hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı və ya fiziki şəxsin soyadı, adı və atasının adı, ünvanı; əlaqə məlumatları (telefon, faks, İnternet və elektron poçt ünvanları); satıcının ticarət reyestrində və ya digər reyestrdə qeydiyyatı olduğu halda, reyestrin adı, qeydiyyat nömrəsi və ya digər identikləşdirmə məlumatı; sahibkarlıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) tətbiq olunan halda xüsusi razılıq (lisenziya) və onu vermiş dövlət orqanı barədə məlumat; vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN); malların, xidmətlərin və işlərin qiymətinə verginin və malın (xidmətin, işin) çatdırılma haqqının daxil olub-olmaması və onların məbləği barədə məlumat. Satıcının alıcılara təqdim etdiyi bütün məlumatlar Azərbaycan dilində və ya tərəflərin razılaşdırdığı digər dildə, xüsusi biliyə malik olmayan alıcı (sifarişçi) tərəfindən aydın və birmənalı başa düşülən şəkildə ifadə olunmalıdır. Elektron ticarətin təşviq edilməsi məqsədi ilə satıcı kommersiya bildirişindən istifadə edə bilər. Kommersiya bildirişinin  kommersiya xarakterli olması aydın bildirilməli, onu göndərənin adı və ünvanı dəqiq göstərilməlidir. Satışı stimullaşdırmaq məqsədi ilə qanunvericiliklə icazə verilmiş güzəştlər, mükafatlar və hədiyyələr kimi təkliflər aydın göstərilməli, onların əldə edilmə şərtləri açıq, birmənalı ifadə olunmalı və bu təkliflərlə asanlıqla tanış olmağa imkan yaradılmalıdır. Qeyd olunan məlumatları təqdim etməyən satıcı və təchizatçılardan mal və xidmətlər sifariş etmək risklidir".

Hüquqşünas qeyd edib ki, elektron ticarət zamanı alıcı sifariş verməzdən əvvəl satıcı tərəfindən aşağıdakı məlumatla təmin olunmalıdır: təchizatçının adı, ünvanı; malların (xidmətlərin, işlərin) xüsusiyyətləri barədə əsas məlumatlar; vergilər nəzərə alınmaqla malların (xidmətlərin, işlərin) qiymətləri; çatdırılma nəzərdə tutulduqda, onun xərci və digər şərtləri; ödəniş və sifarişin icra olunma şərtləri; imtina hüququndan istifadə imkanı; müqavilə bağlamaq təklifinin və ya qiymətin qüvvədə olduğu müddət; ehtiyac olarsa, malların, işlərin və xidmətlərin daimi və ya mütəmadi təchiz edilməsinin minimal müddəti; müqavilənin bağlanma üsulu və mərhələləri; satıcı (təchizatçı) tərəfindən müqavilənin qeydiyyatının aparılması və ona çıxış imkanı; sifarişin verilməsi zamanı buraxılan səhvlərin müəyyənləşdirilməsi və onların düzəldilməsi üçün mövcud olan texniki imkanlar. Bu məlumatları təqdim etməyən satıcıdan (təchizatçıdan) mal almaqdan çəkinin. Sifariş verilərkən satıcı alıcıya sifarişi aldığını dərhal bildirməlidir. Alıcı sifarişin təsdiqlənməsi barədə məlumatı əldə etdiyi halda sifariş qəbul olunmuş sayılır. Alıcı malın (işin, xidmətin) ödəniş qaydasından asılı olmayaraq 7 iş günü ərzində cəriməsiz olaraq və səbəb göstərmədən bağlanmış müqavilənin icrasından imtina edə bilər: "Tərəflər arasında digər razılaşma olmadıqda, alıcı aşağıdakı müqavilələrin icrasından imtina edə bilməz: nəzərdə tutulmuş 7 günlük müddət ərzində alıcının (sifarişçinin) razılığı ilə müqavilənin icrasına başlanıldıqda; alıcının (sifarişçinin) xüsusi tələbi əsasında istehsal və ya uyğunlaşdırma səbəbindən geri qaytarılması mümkün olmayan, tez korlanan və ya məhdud istifadə müddəti olan malların təchizatı üzrə müqavilələrdə;  audio, video yazılar və ya kompüter proqram təminatının, həmçinin digər malların qablaşdırma materialı alıcı tərəfindən açıldıqda və ya digər qaydada pozulduqda; qəzet, jurnal və digər dövri mətbuat təchiz edildikdə. Tərəflər arasında digər razılaşma olmadıqda, sifariş alıcı tərəfindən göndərilən gündən başlayaraq ən geci 30 gün ərzində satıcı tərəfindən yerinə yetirilməlidir. Satıcı sifariş verilmiş malları onların olmaması səbəbindən təmin edə bilmədikdə alıcıya bu barədə məlumat verməlidir və onun ödədiyi məbləği 7 gün ərzində geri qaytarmalıdır. Malların və xidmətlərin çatdırılması xərc tələb edərsə, alıcının sifarişi olmadan onların təmin edilməsi qadağandır. Satıcı öz təşəbbüsü ilə ödəniş əsasında malların və xidmətlərin çatdırılmasını həyata keçirərsə, alıcının belə təklifə cavab verməməsi razılıq sayılmamalıdır. Nəzərə almaq lazımdır ki, elektron ticarət haqqında qanunvericiliyin pozulmasında təqsirli olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31