Magistratura yerləri niyə boş qalıb? - ÖZƏL
21:29 Sosial3843 boş qalan magistratura yeri - bu, təsadüf deyil, DİM-in yanlış qəbul siyasətinin nəticəsidir. Olaylar xəbər verir ki, bunu təhsil eksperti Məzahir Məmmədli deyib:
"Magistraturaya qəbul imtahanlarının nəticələri elan olundu və gözlənildiyi kimi minlərlə plan yeri boş qaldı. Ümumilikdə 3843 yer, o cümlədən dövlət sifarişli yerlər belə dolmadı. Bu rəqəm artıq təkcə statistika deyil bu, qəbul sisteminin böhranının göstəricisidir.
İllərdir hamı eyni sualı verir: Magistratura imtahanı nəyi ölçür?
Əgər məqsəd ali təhsil almış məzunun ixtisas biliklərini və elmi potensialını qiymətləndirməkdirsə, niyə imtahanın əsas yükü məntiq suallarının üzərinə qurulub? Məntiq fənni nə orta məktəblərdə bu səviyyədə tədris edilir, nə də universitetlərin əksəriyyətində magistraturaya qəbul üçün tələb olunan həcmdə öyrədilir.
Deməli, DİM namizədlərdən təhsil aldıqları müddətdə sistemli şəkildə öyrədilməyən bacarıqları tələb edir. Bu isə qiymətləndirmənin obyektivliyi və ədalətliliyi barədə ciddi suallar yaradır.
Əgər hər il minlərlə yer boş qalırsa, problem gənclərin hazırlığında deyil, qəbul modelində axtarılmalıdır. Dövlət büdcəsi hesabına maliyyələşən yerlərin belə boş qalması təhsil siyasətinin səmərəliliyinə zərbə vurur. Bu vəziyyət nə dövlətin, nə universitetlərin, nə də gənclərin maraqlarına xidmət edir.
İmtahan elə qurulmamalıdır ki, tələbələr universitetdə öyrəndiklərindən çox, kənar hazırlıq kurslarında qazandıqları bacarıqlarla yarışsınlar.
3843 boş yer bir xəbər deyil. Bu, DİM üçün ciddi xəbərdarlıqdır.
Artıq qəbul modelinə kosmetik deyil, fundamental dəyişikliklər lazımdır. Çünki məqsəd imtahanı çətinləşdirmək yox, ölkənin elmi və akademik potensialını düzgün seçmək olmalıdır".