İlham Əliyevin iqtisadi islahatları uzun müddət inkişafı təmin edəcək

Hər bir ölkədə onun inkişaf səviyyəsindən və dövrün tələbindən asılı olaraq daim iqtisadi islahatlar həyata keçirilir. İqtisadi islahatlar isə iqtisadi sistemləri və formaları səmərəli dəyişməyə yönəlmiş mürəkkəb və çoxmərhələli bir prosesdir. İstənilən iqtisadi islahatın əsas məğzi onun innovasiyalı xarakter daşımasıdır. Çünki hər bir islahat başqasını təkrar etmir, onun həyata keçirilməsinin özünəməxsus xüsusiyyəti və şərtləri olur. SSRİ dönəmində də müxtəlif vaxtlarda müəyyən islahatlar aparılırdı. Lakin 1991-ci ildə suverenliyini bərpa edən Azərbaycanın qarşısında demokratik dövlət quruculuğu və sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil milli iqtisadiyyatın formalaşdırılması kimi vəzifə dururdu. Millət vəkili, Milli Məslisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, bu vəzifələrin öhdəsindən gəlmək üçün ölkədə iqtisadi islahatlara ilk növbədə qiymətlərin və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasından başlandı.Həmin dövrdə aparılmış sistemsiz və elmi əsaslara söykənməyən zəif iqtisadi islahatlar və tədbirlər, habelə 1991-ci ildən 1993-cü ilin ikinci yarısına kimi ölkədə səriştəsiz idarəetmə nəticəsində müstəqilliyin ilk ilindən başlayan iqtisadi tənəzzül nəinki aradan qaldırılmadı, hətta 1995-ci ilə kimi davam etdi. O dövrdə ümumi daxili məhsul istehsalı hər il 13-20 faiz azalmış, əhalinin pul gəlirləri real ifadədə 3,6 dəfə aşağı düşmüşdü. 1994-cü ildə inflyasiya səviyyəsi 1763,5 faiz olmuşdu. Bu da onunla əlaqədar idi ki, iqtisadi islahatlara sosial-psixoloji, normativ hüquqi, kadr, təşkilati, texniki, informasiya və iqtisadi-metroloji fəaliyyət komponentlərini özündə cəmləşdirən və iqtisadi islahatın nəzəri əsaslarını əxz edən layihə hazırlanmadan başlanmışdı. Digər tərəfdən, ölkədə mövcud olan siyasi qeyri-sabitlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, düşünülməmiş pul-kredit, vergi-büdcə, maliyyə-bank və xarici ticarət siyasəti tədbirləri dövlətin real iqtisadi imkanları ilə uzlaşmadığından istehsalın kəskin azalmasına və inflyasiyanın sürətlənməsinə təkan verirdi. Heç də təsadüfi deyil ki, həmin dövrü, sözün həqiqi mənasında, müstəqil Azərbaycan Respublikası iqtisadiyyatının tənəzzül dövrü adlandırırlar.

Belə bir ağır siyasi, iqtisadi və sosial şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü ilin 15 iyununda Azərbaycan Respublikasının Ali Sovetinin Sədri seçilməklə hakimiyyətə qayıdan ümummulli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla müharibədə atəşkəsə nail olundu və 20 sentyabr 1994-cü ildə bir çox tanınmış xarici neft şirkətləri ilə "Əsrin müqaviləsi" bağlandı. Bununla da iqtisadi inkişafa zəmin yaradan siyasi sabitlik bərqərar oldu və 1995-ci ildən başlayaraq iqtisadi tənəzzülün qarşısı alındı və ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən böyük nailiyyət isə ondan ibarət oldu ki, həmin dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu modelin, başqalarından fərqli olaraq, əsas xüsusiyyətlərini iqtisadi siyasətin sahələrarası əlaqələndirilmiş proqramlar üzrə həyata keçirilməsi, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarının və milli mentalitetin nəzərə alınması, gələcəyə hesablanan qərarların qəbul edilməsi, sosialyönümlüyün gözlənilməsi və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil edirdi.

İqtisadi sahədə islahatların bu model üzrə ardıcıl və sistemli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun olaraq ilk növbədə müvafiq qanunvericilik bazasının yaradılması üçün əsaslı işlər gördü. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahənin bazar münasibətlərinə uyğun tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edildi, 100-dən çox fərman və sərəncam imzalandı, 30-dan yuxarı dövlət proqramı təsdiq olundu. Görülən tədbirlər nəticəsində çox qısa bir müddət ərzində Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf modelinin həyatqabiliyyətli və səmərəli olması öz təsdiqini tapdı. Belə ki, müstəqilliyinin ilk dövrlərindən başlayaraq dərin iqtisadi böhran keçirən respublikamızda 1996-cı ildən etibarən inflyasiyanın səviyyəsi 2-3 faizə kimi endi, ölkədə makroiqtisadi sabitliyə nail olunaraq dinamik iqtisadi inkişafı təmin etmək mümkün oldu. Bununla da kompleks və məqsədli xarakter daşıyan dərin iqtisadi islahatların aparılması üçün möhkəm və əlverişli zəmin yaradıldı.

İqtisadi islahatların gecikmədən həyata keçirilməsinin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayan ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə 1995-ci ildən islahatların ən mühüm istiqamətlərindən olan özəlləşdirilmə prosesi başladı. 1995-1996-cı illərdə qəbul edilmiş "Aqrar islahatın əsasları haqqında", "Sovxoz və kolxozların islahatı haqqında" və "Torpaq islahatı haqqında" qanunlar əsasında sovxoz və kolxozların daimi istifadəsinə verilmiş dövlət mülkiyyətində olan torpaqlar və bu təsərrüfatlara məxsus əmlak özəlləşdirilməyə başlandı və proses qısa müddətdə başa çatdırıldı.

Torpaq islahatı nəticəsində 3,4 milyon nəfər və ya 873,6 min ailə torpaq payı aldı. Eyni zamanda ölkənin vahid torpaq fondunun (8,6 milyon hektar) 56,9 faizi (4,9 milyon hektarı) dövlət mülkiyyətində saxlanıldı, 23,4 faizi (2 milyon hektarı) bələdiyyə mülkiyyətinə, 19,7 faizi (1,7 milyon hektarı) xüsusi mülkiyyətə verildi. Bununla da daşınar və daşınmaz əmlak üzərində Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri bərqərar oldu və sahibkarlığın inkişafı üçün əlverişli şərait yarandı. Torpaq üzərində bu mülkiyyət münasibətlərindən asılı olaraq ailə-kəndli, kooperativ, səhmdar və məhdud məsuliyyətli cəmiyyətlər və digər formalı müxtəlifnövlü təsərrüfatlar fəaliyyətə başladı. Hazırda ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının 99 faizi torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsalanan təsərrüfatların payına düşür.

2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev ulu öndərin ölkəmizin hərtərəfli inkişafı üçün başladığı siyasəti keçən dövr ərzində uğurla davam etdirdi. Həmin tarixdən ötən 15 il ərzində Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan, özünün enerji təhlükəsizliyini təmin etməklə bir çox ölkələrin bu sahədə təhlükəsizliyinə töhfə verən və siyasi sabitliyə malik demokratik bir ölkə kimi tanınır. 1993-2017-ci illərdə ölkə iqtisadiyyatının inkişafı üçün əsas kapitala bütün mənbələrdən 217,3 milyard manat investisiya yatırılmışdır. Bu vəsaitin 55 faizindən çoxu istehsal təyinatlı obyektlərin tikintisinə sərf edilmişdir. Bunun nəticəsidir ki, məhsul istehsalı durmadan artır. Təkcə 2017-ci ildə 70,1 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 1995-ci ilin göstəricisindən 32,9 dəfə çoxdur.

Bu illər ərzində milli iqtisadiyyatın bazar prinsipləri əsasında qurulması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət, regionların və ayrı-ayrı iqtisadi və sosial sahələrin inkişafına dair dövlət proqramlarının uğurla icra olunması və müntəzəm olaraq aparılan zəruri islahatlar sayəsində ölkə əhalisinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Əhalinin sosial rifah halının yaxşılaşması yoxsulluğun azalmasına müsbət təsir göstərmiş və müqayisə olunan müddətdə yoxsulluq səviyyəsi 49 faizdən 5,4 faizə enmişdir. Həmin dövrdə məşğul əhalinin sayında da kəskin artım müşahidə olunmuşdur. İşsizliyin səviyyəsinin 2017-ci ildə cəmi 5 faiz təşkil etməsi bunun təsdiqidir.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31