Azərbaycan iqtisadiyyatının dinamik inkişafı beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrində

Azərbaycanın həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət ölkədə bütün istiqamətlərdə inkişafı şərtləndirir. İstər iqtisadi, istər mədəni, istərsə də sosial sahədə ölkəmiz hər il aktivinə yeni-yeni uğurlar yazır, nailiyyətlər əldə edir. Məhz həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir ki, dünyanın aparıcı reytinq agentlikləri, beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan bütün istiqamətlərdə ilk yerlərdə qərarlaşır. Bu günlərdə  Müstəqil Dövlətlər Birliyinə üzv ölkələr arasında aparılan araşdırma və onun nəticələri də belə deməyə əsas verir. Belə ki, Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutu MDB ölkələri arasında əməkhaqqı reytinqini açıqlayıb. Reytinqin nəticələrinə əsasən, Azərbaycan MDB üzrə əməkhaqqının səviyyəsinə görə ilk beşlikdə yer alıb. Araşdırmalara görə, 2017-ci ildə əməkhaqqı səviyyəsi Tacikistanda 137 dollar, Qırğızıstanda 216,3 dollar olub. Bu, MDB və keçmiş sovet ölkələri arasında orta aylıq əməkhaqqı səviyyəsinə görə ən aşağı göstəricidir. Əməkhaqqının ən yüksək olduğu ölkə Rusiya Federasiyasıdır. Burada orta aylıq əməkhaqqı 670,9 dollar təşkil edir. İkinci yerdə 459,1 dollarla Qazaxıstan, üçüncüdə 421,9 dollarla Belarus, 4-cü yerdə 306,7 dollarla Azərbaycan, 5-ci yerdə 308,4 dollar əməkhaqqı ilə Moldova, 6-cı yerdə isə 272,9 dollarla Ukrayna qərarlaşıb.

Reytinqdə Azərbaycanın adının ilk beşlikdə qərarlaşması kifayət qədər əsaslıdır. Bu əsaslandırma isə bir sıra amillərlə bağlıdır.

Birinci növbədə onu qeyd etmək lazımdır ki, ölkənin iqtisadi qüdrətinin artması, Azərbaycanın yeni-yeni qlobal əhəmiyyətli layihələr reallaşdırması ölkəyə əlavə gəlirlərin gəlməsinə, büdəcəyə vəsaitlərin daxil olmasına gətirib çıxarır. Dövlət büdcəsinə daxil olan əlavə vəsaitlər isə ilk növbədə əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönəldilir. Əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamıətində atılan addımlar sırasında isə təbii ki, ilk növbədə dövlət başçısının imzaladığı sərəncamlar əsasında əmək haqqı və pensiyaların artırılmasını qeyd etmək lazımdır. Təkcə ötən il dövlət başçısının imzaladığı sərəncamlar əsasında bütün dövlət qurumlarında çalışanların əmək haqqları bir neçə dəfə artırılıb ki, heç şübhəsiz ki, bu da sözügedən reytinqdə əsas götürülüb və bundan dolayı Azərbaycan MDB məkanında əmək haqqı səviyyəsinə görə ilk beşlikdə qərarlaşıb.

Azərbaycan daha bir reytinq agentliyində müsbət dinamika ilə qeyd olunub ki. bu da "Standard & Poor's" reytinq agentliyinin hesabatıdır. Hesabatda bildirilib ki,  Azərbaycan iqtisadiyyatı 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacaq. Belə ki, "Standard & Poor's" reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini yerli və xarici valyutalarda "VV+/V" səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz müsbət qeyd edilib.

Azərbaycan ən çox islahat aparan ölkələr siyahısına daxil edilib

Əslində Agentliyin belə bir qənaətə gəlməsi də başadüşüləndir və demək olar ki, düzgün proqnozdur. Belə ki, Azərbaycanın son bir neçə ildə həyata keçirdiyi qlobal əhəmiyyətli enerji və nəqliyyat tranzit layihələri sözügedən nəticələrin əldə ediləcəyinə əminlik yaradır. Təkcə "Şahdəniz" qaz kondensat yatağı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi, həmçinin Şimal-Cənub dəhlizi layihələrini qeyd etmək kifayət edər ki, Agentliyin gəldiyi nəticələrə şübhə yaranmasın. Adlarını qeyd etdiyimiz layihələrin hər birindən ölkəmiz külli miqdarda vəsait əldə edəcək ki, bu da Agentliyin gəldiyi qənaətə uyğun olaraq iqtisadiyyatımızın daha 3 faiz artmasına gətirib çıxaracaq. Təsadüfi deyil ki,  elə Agentlik hesabatında da "Şahdəniz" layihəsini xüsusi qeyd edib.   Bildirilib ki, Azərbaycan qazının Türkiyə və Avropaya tədarükünü nəzərdə tutan "Şah Dəniz" qaz kondensat yatağının hazırlamasının ikinci mərhələsi iyulun əvvəlində tamamlanıb ki, bu da öncədən planlaşdırılmış qrafikə uyğun olub. Hesabatda qeyd edilir: "Növbəti 4 ildə qaz ixracının tədricən artmasını gözləyirik. Belə ki, layihə tam miqyası ilə işə düşəcək və bu, daha geniş iqtisadi fəallığı özündə ehtiva edəcək.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31