Azərbaycan dünyanın maraqlarına böyük töfvə verir
26 Oktyabr 2018 13:20 İqtisadiyyatÖlkədə yoxsulluğun həddi 10 dəfəyə qədər azalıb
VI Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi" mövzusunda keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumu oktyabrın 26-da işini davam etdirib. Forumun "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclər, qadınlar, parlament, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin rolu barədə interaktiv müzakirə" mövzusuna həsr olunan ikinci sessiyasında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində heç kimin geridə qalmaması prinsipinə əsaslanaraq maraqlı tərəflərin prosesə cəlb edilməsi və bütün səviyyələrdə səmərəli iştirakının təmin olunmasına dair müzakirələr aparılıb. Sessiyaya moderatorluq edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova müzakirəyə çıxarılan mövzuların DİM-ə nail olunması baxımından əhəmiyyətini qeyd edib. Hicran Hüseynova deyib ki, Azərbaycanda dyanıqlı inkişafın təmin olunması istiqamətində xeyli işlər görülüb: "Biz Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmalıyıq. Hər bir dövlət bu istiqamətdə addım atmalıdır. Azərbaycan bu sahədə bir sıra uğurlara imza atıb". Komitə sədri qeyd edib ki, ölkədə əhalinin məşğulluğunun artırılması ilə bağlı işlər görülür: "Bütün sahələrdə qadınların təmsil olunması üçün geniş imkanlar yaradılıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələri xüsusi qeyd etmək lazımdır. Burada vətəndaş cəmiyyətinin nümayəndələrinin də əməyini də qeyd etməliyəm. Azərbaycanda qadınlara yaradılan imkan ildən-ilə artırılır". Onun sözlərinə görə, Azərbaycanın ərazilərinin bir hissəsi işğal edilib, 1 milyondan çox qaçqın və məcburi köçkün var, buna baxmayaraq, ölkə inkişaf edir, qaçqın və məcburi köçkünlərin məişət problemləri həll edilir. Tədbirdə iştirak edən Belarus parlamentinin sədr müavini Marianna Şyotkina deyib ki, Belarus iqtisadiyyatın müxtəlif sektorlarında və sosial sahədə dayanıqlı inkişafa nail olmaq üçün məqsədyönlü şəkildə işləyir. Onun sözlərinə görə, dövlət tərəfindən qəbul edilən proqram sənədləri var və hazırda ölkədə dayanıqlı inkişaf üzrə strategiya hazırlanıb. Vitse-spiker əlavə edib ki, bu, yeni iş yerlərinin yaradılmasını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını nəzərdə tutur. M.Şyotkina əlavə edib ki, Belarusda gender bərabərliyinin təmin olunması məsələsini dövlətin milli strategiya hədəflərinə nail olmasını sürətləndirən amil kimi nəzərdən keçirmək olar.
Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, Azərbaycan bu cür forumlara ev sahibliyi etməklə yalnız öz milli maraqlarına deyil, bütövlükdə dünyanın maraqlarına nə qədər böyük töhfə vermək imkanına malik olduğunu sübuta yetirir.Vitse-spiker deyib ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün bir sıra addımlar atıb. Onun sözlərinə görə, Dayanıqlı İnkişaf Məqsədləri rakursundan baxdıqda Azərbaycanda bir çox problemlər həll olunub: "Azərbaycanda qanun yaradıcılığı prosesində Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsinə daha tez çatmaq üçün qanunda müddəalar təsbit olunur. Azərbaycanın dövlət büdcəsinin sosial yönümlü olması bu məqsədlərə çatmaq prosesini sürətləndirir. Hesab edirəm ki, Azərbaycan parlamenti bu istiqamətdə öz vəzifəsini layiqincə yerinə yetirməkdədir". B.Muradova Azərbaycan ərazisinin 20 faizi erməni işğalı altında olduğunu xatırladıb, bir milyondan artıq qaçqın və məcburi köçkün olduğunu deyib: "Amma Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi işlər görür və parlament də bu istiqamətdə vacib qanunlar qəbul edib". O, qeyd edib ki, hər il büdcədən əhalinin həssas qruplarının hüquqlarının qorunması ilə bağlı maliyyənin ayrılmasına xüsusi diqqət yetirilir. B.Muradova deyib ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bütün addımları atır: "Uğurlu nailiyyət əldə etmək üçün vətəndaş cəmiyyəti və dövlət birgə çalışmalıdır. Ölkədə bütün dövlət qurumlarında İctimai Şuralar fəaliyyət göstərir. Azərbaycan müharibə vəziyyətindədir, ölkədəki qaçqın və məcburi köçkünlərin vəziyyəti digər ölkələrdə olan qaçqınlardan üstün şəraitə malikdir".
Milli Məclisinin deputatı Tahir Mirkişili deyib ki, Azərbaycan Milli Məclisinin qəbul etdiyi qanunların mərkəzində insan amili dayanır. Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı bir sıra hədəflər var ki, ölkəmiz o hədəflərə çatıb. Aclığa son qoyulması ilə bağlı hədəfə çatmışıq, hətta bunu keçmişik. Azərbaycanda son 15 ildə yoxsulluğun həddi 10 dəfəyə qədər azalıb. Deputatın fikrincə, ölkənin növbəti ümumi daxili məhsulunun inkişafı konteksində yanaşsaq, qeyd olunmalıdır ki, yoxsulluğu tamamilə yox etmək mümkündür: "Azərbaycanın iqtisadi inkişafı, hər il ümumi daxili məhsulun 2,8-3 faiz artması ölkədə 2030-cu ilə qədər yoxsulluğun ləğv edilməsinə real imkanlar yaradır. Ümumilikdə isə qarşıya qoyulan hədəflər kifayət qədər aktivdir. Ola bilər ki, bəzi hədəflərə çatmayan ölkələr var, amma buna çalışmaq fayda verir. Bunun üçün də əməkdaşlıq çox önəmlidir".
Forum çərçivəsində həmçinin "2030-cu ilədək dayanıqlı inkişaf üçün sülhsevər və inklüziv cəmiyyətləri təşviq etmək, hamı üçün ədalət məhkəməsinə çıxış imkanını təmin etmək və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və inklüziv təşkilatlar qurmaq", "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında BMT-nin İnkişaf Proqramının Aktuallaşdırma, Sürətləndirmə və Siyasətə Dəstək Missiyasının rolu" və "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün təmiz su təchizatı, o cümlədən iqlim dəyişikliyi və onun təsirləri ilə mübarizə aparmaq üçün əməkdaşlığın gücləndirilməsi" mövzularında sessiyalar keçirilib. "2030-cu ilədək Dayanıqlı inkişaf üçün sülhsevər və inklüziv cəmiyyətləri təşviq etmək, hamı üçün ədalətl məhkəməsinə çıxış imkanını təmin etmək və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və inküliziv təşkilatlar qurmaq" mövzusunda keçirilən sessiyada çıxış edən İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirib ki, Azərbaycanda dayanıqlı inkişaf məqsədləri üzrə uğurlar əldə edilib, lakin problemlər də var: "Dünən ölkə prezidentinin mənalı və analitik çıxışını dinlədik. Eyni zamanda Bakıya gələn xarici qonaqları, BMT mütəxəssislərini dinlədik. Dayanıqlı inkişafa sosial, maliyyə və digər asspektlərdən baxıldı. Mən istərdim ki, dayanıqlı inkişafa insan hüquqları prizmasından baxaq. II Dünya müharibəsindən sonra yaranan BMT üç istiqaməti priroritet kimi qoyub: sülh, bərabərlik və əməkdaşlıq. 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti bərabərlik prinsipini əsas götürərək qadınlara və kişilərə bərabər seçmək hüququ verib. 2017-ci ildə Azərbaycanın ilk könüllü hesabatı BMT-yə təqdim edilib. 2019-cu il üçün ikinci hesabat hazırlanır. Ölkəmizdə dayanıqlı inkişaf üçün həyata keçirilən işlər effektivdir və yeni təşəbbüslər ortaya qoyulur. Asan Xidmət, tolerantlıq və multikultralizmin dövlət siyasəti halına gəlməsi, strateji yol xəritələri buna misaldır". Elmira Süleymanova çıxışı zamanı Azərbaycanın işğal edilən 20 faiz əraziləri, habelə bunun nəticəsində 1 milyon insanın məcburi köçkün düşdüyünü xatırladıb. O bildirib ki, bununla baağlı BMT-nin müvafiq qətnamələri var: "Müharibə olduqda kütləvi olaraq bütün insanların hüquqları kütləvi pozulmuş olur. Əminəm ki, 2015-ci illər üçün yüzilliyin məqsədlərinə nail omaq üçün Azərbaycan ön yerlər tutubsa, dayanıqlı inkişaf məqsədlərinə də çatacaq, uğurlara nail olacaq".
Alim