Torpaq sahələrinin qanunsuz zəbt olunmasına kim şərait yaradır?

Hasarların sökülməsi ərazinin hüququ statusunu bərpa edəcəkmi?

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlardan daxil olmuş çoxsaylı müraciətlər əsasında yaradılmış xüsusi Komissiya tərəfindən Binəqədi rayonu 6-cı mikrorayon ərazisindəki "Zeytunluq" adlanan ərazidə, Heydər Məscidinin yaxınlığında araşdırmalar aparıb və yaşıllıq ərazisində bəzi işbazlar tərəfindən qeyri-qanuni olaraq ərazinin zəbt olunaraq hasarlanması, müxtəlif şəxslərə satılması və bəzi yerlərdə mövcud zeytun ağaclarının kəsilməsı, yaşıllıqların məhv edilməsi faktları üzə çıxarılib. Belə ki, Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə texnika və işçi qüvvəsi cəlb olunmaqla ümumilikdə 3 ha sahədə müxtəlif şəxslər tərəfindən qanunsuz zəbt olunmuş 16 torpaq sahəsinin hasarları sökülüb, ərazi tikinti materialları və tullantılardan təmizlənib. Bu ərazidə yeni ağacların əkilərək yaşıllıqların bərpa olunması ilə bağlı işlərə başlanıb. Park ərazisinin qanunsuz olaraq hasarlanması və yaşıllıqların məhv edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Qeyd edək ki, torpaq sahələrindən təyinatı üzrə istifadə edilməməsi ilə bağlı məlumatlar gündəmi zəbt etnəkdədir. Bəs, torpaqların məqsədli təyinatı və hüquqi rejimi dedikdə nə başa düşülür?

Qeyd edək ki, torpaq sahəsi dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, torpaq sahələri və onların üzərində hüquqlar, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (torpaq qatı, sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) dövriyyədə ayrılmaz şəkildə iştirak edirlər.

Onu da qeyd edək ki, torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər. Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər.Torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədilə dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

Qanunvericliklə torpaq sahəsi üzərində mülkiyyət və onun növləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.Torpaqların məqsədli təyinatı-torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsində və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.Torpaqların hüquqi rejimi-torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir.

Torpaq sahələrinin məhdudiyyətli istifadəsi də mümkündür. Bu zaman torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadə edilir.Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir.Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31