Azərbaycançılığı yalnız etnik mənsubiyyətlə bağlamaq düzgün olmazdı-Özəl
14:02 Siyasət"Azərbaycançılıq ideyası Azərbaycan xalqının tarixi yaddaşından, milli-mənəvi dəyərlərindən, dilindən, mədəniyyətindən və dövlətçilik ənənələrindən qaynaqlanır. Bu ideyanın siyasi məzmun qazanması, sistemli milli ideologiya və dövlət təliminə çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zəmanəmizin dühası olan Heydər Əliyevin tarxi xidmətlərindən biri də ondan ibarətdir ki, o, azərbaycançılığı yalnız milli mənsubiyyət və etnik kimlik çərçivəsində deyil, müstəqil dövlətə bağlılıq, ümumi həmrəylik və ortaq gələcək naminə birləşdirici ideologiya kimi təqdim etdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib: "2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında səsləndirdiyi " Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamı sadəcə emosional vətənpərvərlik ifadəsi deyildi. Bu, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlıya ünvanlanmış milli həmrəylik çağırışı idi.
Bu gün Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə, o cümlədən azərbaycançılıq ideologiyasının daha da möhkəmləndirilməsi istiqamətində uğurla davam etdirir. Prezident İlham Əliyev Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında çox mühüm ideoloji tezis irəli sürdü: "Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır." Dövlət başçısının bu fikri yalnız milli kimlik haqqında nəzəri mülahizə deyildir. Bu, Azərbaycanın dövlətçilik modelinin, ictimai sabitliyinin və milli təhlükəsizliyinin ideoloji əsaslarından birinə verilən siyasi qiymətdir.
Bu baxımdan Heydər Əliyevin yaratdığı ideoloji irslə İlham Əliyevin Bakı Forumunda səsləndirdiyi fikirlər arasında mühüm varislik əlaqəsi mövcuddur. Azərbaycançılığı dar mənada yalnız etnik mənsubiyyətlə bağlamaq düzgün olmazdı. Bu dövlət təliminin əsas fəlsəfəsi belə ifadə edilə bilər: Fərqli etnik, dini və mədəni mənsubiyyətlər - vahid Vətən, vahid dövlət və ortaq gələcək. Məhz bu xüsusiyyət azərbaycançılığı müasir dövlətçilik baxımından xüsusi əhəmiyyətli edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu ideya Azərbaycanda yaşayan bütün xalqları bir araya gətirən ümumi ideoloji platformadır".