Türkiyə–Azərbaycan münasibətləri: Səbəb və nəticə-Özəl
13:25 Siyasət"Təhlilə başlamazdan əvvəl qeyd etmək lazımdır ki, Azərbaycan və Türkiyə arasında müşahidə olunan çəkişmə müttəfiqlik və qardaşlıq prinsiplərinə təsir edən proses deyil. Ancaq vəziyyəti bir neçə amillə izah etmək olar". Bunu "Olaylar"a hüquqşünas Vüqar Dadaşov deyib: "Əvvəla, iki əsas şərt daha ciddi təsirə malikdir. Birincisi İsraillə münasibətlər, ikincisi isə türk-islam dünyasında liderlik və subordinasiya məsələsidir. Söz yox ki, Türkiyə-Azərbaycan münasibətlərində İran və Rusiyanın təsiri, Zəngəzur dəhlizinin (TRIPP) açılması şərtləri də əhəmiyyətli çəkiyə malikdir.
Azərbaycan İsraillə hərbi-texniki, müdafiə və təhlükəsizlik sahələrində strateji əməkdaşlığını davam etdirir, Türkiyə isə İsrailin nəinki Fələstin, ümumən regional siyasətinə qarşı sərt mövqedədir. Hansı ki, həmin Fələstin bütün dövrlərdə antitürk və antiazərbaycan mövqeyində olub. Elə Mahmud Abbasın 29 oktyabr 2026-cı il tarixində Türkiyənin Müstəqillik Günündə Yunan Kiprinə səfəri buna sübutdur.
Eyni zamanda, İsrailin İrana hərbi-siyasi təzyiqləri, Tehranın regional təsir imkanlarının zəiflədilməsi və İranda etnik və yerli xalqların milli dirçəliş istiqamətindəki fəaliyyəti də Bakı ilə Ankara arasında fərqli geosiyasi baxışda özünü göstərir. Hətta İranın Türkiyəyə qarşı faktiki düşmən və rəqabət mövqeyində olduğu ABŞ-İsrailin İrana qarşı müharibəsi zamanı Türkiyə birmənalı olaraq İranın ərazi bütövlüyünün ciddi tərəfdarı kimi çıxış edərək kürd silahlı qruplaşmalarının İraqdan İrana daxil olaraq müharibəyə cəlb edilməsinin qarşısını alıb. Faktı və Vaşinqton-Ankara arasında danışıqların aparıldığı da ABŞ təsdiqləyib. İranın XİN rəhbəri Abbas Əraqçi də Türkiyənin prosesdəki rolunu qeyd edib.
Yəni Türkiyənin İranın bütövlüyünə və hakimiyyətinə dəstəyi, Azərbaycanın isə İsraillə strateji təhlükəsizlik əməkdaşlığını davam etdirməsi Bakı və Ankaranın regional təhlükəsizlik maraqlarında müəyyən fərqlərin mövcudluğunu göstərir.
İkincisi, Türkiyənin türk-islam dünyasında hegemonluq və Azərbaycanın müəyyən mənada özünə tabeçiliyini təmin etmək istəyidir. 29-30 oktyabr tarixlərində Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev iştirak etməsə də, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovun tədbirdə iştirakı, Prezident Ərdoğanla, XİN və MİT başçıları Hakan Fidan, İbrahim Kalın və digər rəsmi şəxslərlə görüşləri strateji müttəfiqlik münasibətlərinə sadiqliyinin göstəricisidir.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl Hakan Fidan Bakıya səfər edərək Azərbaycan Prezidenti İlham Əliyevlə və digər rəsmi şəxslərlə görüşmüşdü. Prezident Ərdoğan da İlham Əliyevə zəng edərək TDT-nin toplantısına dəvət etmişdi.
Macarıstanın da TDT-nin Ankarada zirvə görüşündə iştirak etməməsi və Rusiyanın təşkilata üzvlüyünün gündəmə gətirilməsi heç də təsadüfi deyil və daha geniş geosiyasi proseslə əlaqəlidir. Regionda xüsusi təhlükə mənbəyi hesab olunan Rusiya və İran faktoru və Rusiyanın TDT-yə inteqrasiyası Azərbaycanın milli təhlükəsizlik və strateji maraqlarına risklər yarada bilər. Ona görə də Türkiyənin təşkilatın, xüsusən də Rusiya hesabına genişləndirilməsinə dair belə yanaşması Azərbaycanın geosiyasi maraqları ilə müəyyən mənada uzlaşmır. Qısa desək, Türk-İslam dünyasında siyasi təsir balansı Azərbaycanın müstəqil regional mövqeyi və gələcək təhlükəsizlik arxitekturası ilə bağlıdır.
Digər bir yanaşmaya görə, Türkiyə hər şərtlə Zəngəzur dəhlizinin hətta Ermənistanın və ya Avropanın maraqlarına uyğun şəkildə belə açılmasının tərəfdarıdır. Azərbaycan isə bu məsələdə öz maraqlarının, eyni zamanda, tarixi baxımdan Azərbaycana məxsus olmuş Mehri dəmir yolunun Azərbaycan mülkiyyətində olan dəmir yolu kimi bərpasını və üçtərəfli bəyanatda razılaşdırıldığı kimi maneəsiz keçidin təmin edilməsini tələb edir.
Bütün bunlar Azərbaycanın Türkiyə ilə strateji müttəfiqlik münasibətlərini qorumaqla yanaşı, Avropa, İsrail və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığını davam etdirmək niyyətini də izah edir. Azərbaycanın xarici siyasətinin əsas prioriteti milli maraqların, dövlət suverenliyinin və müstəqil geosiyasi mövqeyinin qorunmasıdır.
Əslində də, iki müttəfiq arasında mövcud narazılığı məhz milli maraqların ciddi müdafiəsi doğurub, tərəflərin strateji-ideoloji baxışları isə heç bir deformasiyaya uğramayıb".