Azərbaycanın iqtisadi inkişaf strategiyası dövrün çağırışlarına cavab verir
30 Avqust 2018 13:33 İqtisadiyyatDövlət başçısının iqtisadi siyasəti uğurlu nəticələrə yol açıb
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən ölkənin iqtisadi inkişafına xüsusi diqqətlə yanaşır. İqtisadiyyatın inkişafı ilə bağlı bütün vədlərini biri-birindən əhəmiyyətli addımları, islahatları ilə doğruldan ölkə başçısı İlham Əliyevin iqtisadiyyatın inkişafı üçün başlıca şərt olan neft strategiyasının davamı nəticəsində qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqət bu gün beynəlxalq səviyyədə etiraf olunmaqla Azərbaycana marağı artırır. Dövlət başçısı bütün proqram xarakterli çıxışlarında inkişafın yeni mərhələ üzrə istiqamətlərini göstərməklə vurğulayır ki, yalnız düşünülmüş siyasət, qətiyyətli siyasi iradə, xalqla birliyin möhkəmlənməsi sayəsində ölkəmizdə qarşıya qoyulan möhtəşəm vəzifələrə nail olmaq mümkündür. Qeyri-neft sektorunun inkişafını neft siyasətinin məntiqi davamı kimi dəyərləndirən prezident İlham Əliyev bu istiqamətdə davamlı tədbirləri həyata keçirməklə uğurlu nəticələrə yol açdı. Regionların malik olduğu imkanlardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramlarının uğurlu icrası qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa əsas yaradır. Son 15 ilin uğurlarının təhlili Azərbaycanın iqtisadi inkişaf modelinin öyrənilməsinin vacibliyini təsdiqləyir. Belə ki, ölkəmizin ev sahbiliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərdə də bu fikir xüsusi qeyd edilir ki, inkişafın Azərbaycan modeli mövcuddur və onun öyrənilməsi vacibdir. Bu günümüzün əsas çağırışı olan yoxsulluqla mübarizə sahəsində qazanılan uğurlarımız təqdir edilir. Ölkəmizin yeni iqtisadi və sosial cağırışların müzakirəsi üçün ideal məkan kimi seçilməsində də inkişaf modelinin cəlbediciliyi əsas rol oynayır. Təbii ki, hər bir beynəlxalq tədbir iştirakçı ölkələrin malik olduğu imkanların, inkişaf strategiyasının təqdimatında və təcrübələrin bölüşməsində mühüm rol oynayır. Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi siyasəti təqdir edilərək, uğurların davamlılığında əsas rol oynadığı diqqətə çatdırılır. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə hər ilin konkret bir sahəyə aid edilməsi də hərtərəfli inkişafı sürətləndirir. "Sənaye ili", "Kənd təsərrüfatı ili" elan edilməsi ilə həyata keçirilən tədbirlərin qarşıya prioritet məsələ kimi qoyulan sahibkarlığın inkişafına öz töhfəsini verir.
Millət vəkili Kamilə Əliyeva deyib ki, ölkəmizin iqtisadi inkişaf göstəriciləri olduqca pozitivdir və müxtəlif beynəlxalq reytinq institutları, araşdırma mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. K.Əliyeva bildirib ki, Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, Azərbaycanın iqtisadi qüdrətinin artmasını təmin edib: "Həyata keçirilən iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar davam etdirilib. İqtisadiyyatın diversifikasiyasına nail olmaq üçün həyata keçirilən tədbirlər və əldə edilən nailiyyətlər yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib. Əminliklə demək olar ki, dövlətimizin başçısının rəhbərliyi ilə hazırda həyata keçirilən islahatlar bundan sonra da uğurla davam etdiriləcək və qarşıya qoyulan bütün məqsədlərə çatmaq mümkün olacaq. Bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadi və maliyyə sisteminin sabitliyinin təmin olunması, biznes mühitinin daha da yaxşılaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi və digər istiqamətlərdə əhəmiyyətli tədbirlər həyata keçirilir və bu da özünün müsbət nəticələrini göstərir. Şübhəsiz ki, xalqımız bütün bunları görür və yüksək dəyərləndirir. Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti birmənalı olaraq dəstəkləyir".
Milli Məclisin deputatı Azər Badamovun qənaətinə görə, Azərbaycanda sosial-iqtisadi inkişafın dinamikliyi, biznes mühitində normal şəraitin yaradılması və rəqabət qabiliyyətinin artması iş adamlarının Azərbaycana olan marağını artırır. Deputat bildirib ki, Azərbaycanda həyata keçirilən layihələr iş adamları üçün də yeni imkanlar açır. Onun sözlərinə görə, bunun nəticəsində sahibkarlar müxtəlif sahələrə sərmayələr yatıra bilirlər: "Azərbaycanda sahibkarlığın inkişafı üçün lazımi şərait yaradılıb. Eyni zamanda, bu sahədə qanunvericilik də xeyli təkmilləşdirilib. Məqsəd sahibkarların normal fəaliyyəti üçün geniş imkanların yaradılmasıdır. Qanunlarımız həmçinin, sahibkarların fəaliyyətinə kənar müdaxilələrin də qarşısını alır. Nəzərə alsaq ki, gələcəkdə yeni-yeni layihələr həyata keçiriləcək, bütün bunlar da iş adamları üçün yaxşı imkanlar yaratmaqdadır".
Bir daha xatırladaq ki, bu gün Azərbaycan iqtisadi baxımdan tam müstəqil dövlətdir. Ölkəmiz heç kimdən asılı deyil və buna görə də inamla müstəqil siyasətini həyata keçirir. Məhz bu siyasətin nəticəsidir ki, 2018-ci ilin arxada qalan dövrü böyük iqtisadi fəallıqla müşahidə olunur. Belə ki, bir müddət öncə Cənub Qaz Dəhlizi, TANAP kimi irimiqyaslı layihələr istifadəyə verilib. Bakı Dəniz Limanının istifadəyə verilməsi də Azərbaycanın tranzit ölkə kimi nüfuzunu daha da artıracaq.Ümumulikdə, son 15 il ərzində Azərbaycanın iqtisadi inkişafı dünya miqyasında rekord həddə çatıb. Ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb və bu dünya miqyasında analoqu olmayan inkişafdır. Azərbaycan valyuta ehtiyatlarını yaradıb, ölkənin valyuta ehtiyatları ümumi daxili məhsula bərabər səviyyədədir. Yəni, əgər dünyanın iqtisadi xəritəsinə baxsaq görərik ki, belə göstəricilər çox nadir hallarda baş verir. Hazırda Azərbaycanın inkişaf strategiyasında hər dövrün çağırışlarına yüksək səviyyədə cavab verməsi, yeni-yeni hədəflərin gerçəkləşdirilməsinə səy göstərməsi iqtisadi inkişaf modelinin dünya üçün cəlbediciliyini daha da artırır. Qətiyyətlə demək olar ki, əldə olunan uğurlar ölkə rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir.
Nurlan