Dövlət borcunun idarə edilməsinə dair strategiyanın hədəfləri hansılardır?
29 Avqust 2018 12:40 İqtisadiyyatVüqar Bayramov: "Strategiya borcların idarə edilməsi üçün hazırlanmış mühüm sənəddir"
Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanı təsdiqləyib.Məlumat üçün qeyd edək ki, bu Strategiya qlobal iqtisadiyyatda və maliyyə bazarlarında baş verən proseslər fonunda ölkənin maliyyə dayanıqlığının daha da gücləndirilməsi, dövlət borcalmalarında səmərəliliyin artırılması, qarşıda duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla bu sahədə risklərin effektiv idarə edilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə dövlətin maliyyə ehtiyaclarının ən az xərclə təmin edilməsi məqsədilə hazırlanmışdır. Sənəd ortamüddətli və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək dövlət borcalmaları sahəsində yeni strategiya və tədbirlər planından, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışdan ibarətdir. Strategiyada müəyyən edilmiş hədəflərə nail olmaq üçün 3 strateji məqsədin və 5 prioritet tədbirin həyata keçirilməsi planlaşdırılır. Ötən dövr ərzində effektiv maliyyə sisteminin formalaşması və institusional inkişafı məqsədilə davamlı islahatlar aparılmış, dövlət borcu sahəsində sistemliliyin təmin edilməsi istiqamətində tədbirlər görülmüşdür. 7 Dövlət borcları ilə bağlı normativ hüquqi bazanın hazırlanması və onun beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində işlər daim diqqət mərkəzində saxlanılmışdır. 2014-cü ilin ikinci yarısından başlayaraq dünya bazarında neftin qiymətinin ucuzlaşması və əsas ticarət tərəfdaşlarında iqtisadi tənəzzül meyillərinin dərinləşməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməmişdir. Tədiyə balansının tarazlaşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən 2015-ci ilin dekabr ayında tənzimlənən üzən məzənnə rejiminə keçid təmin olunmuş və milli valyuta ABŞ dollarına nisbətdə ucuzlaşmışdır. Tədiyə balansında və iqtisadi aktivlikdə müşahidə edilən geriləmələr, habelə maliyyə sabitliyinin zəifləməsi borc dayanıqlığı sferasında bir sıra risklər yaratmış, borc məbləğinin manat ekvivalenti və bununla da borcun ÜDM-ə nisbəti artmış, milli valyutanın ucuzlaşması fonunda 2015-2016-cı illərdə ölkə iqtisadiyyatının nisbətən daralması və cəlb edilmiş xarici borclara xidmət xərclərinin artması dövlət büdcəsi üzərində əlavə təzyiqə gətirib çıxarmışdır. "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin sağlamlaşdırılması məqsədilə, bir tərəfdən, Cəmiyyətin qeyri-işlək aktivlərinin onun balansından çıxarılaraq "Aqrarkredit" Bank Olmayan Kredit Təşkilatına ötürülməsi və bununla əlaqədar dövlət zəmanətli qiymətli kağızların buraxılması, digər tərəfdən isə onun xarici öhdəliklərinin dövlətin üzərinə keçməsi, habelə ölkə üçün strateji əhəmiyyət kəsb edən sferalardan biri olan təbii qazın hasilatı və nəqli üzrə müəyyən edilmiş işlərin vaxtında yerinə yetirilməsini təmin etməkdən ötrü "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) 8 genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrində Cəmiyyətin payına düşən hissənin maliyyələşdirilməsi üçün bir sıra kredit qurumlarından dövlət zəmanəti ilə kredit vəsaitinin cəlb edilməsi borcun səviyyəsinin artmasına səbəb olmuşdur. Nəticə etibarilə, dövlət borcunun ÜDM-də xüsusi çəkisi və dövlət borcuna xidmət xərcləri artmışdır. Ölkədə aparılmış dərin iqtisadi islahat tədbirləri nəticəsində ötən bir neçə il ərzində ölkə iqtisadiyyatındakı durğunluq aradan qalxmış, 2016-cı ildə ÜDM-in 3,1 faiz enməsinə baxmayaraq, 2017-ci ilin yekunları üzrə artım qeydə alınmışdır. 2015-ci ilin sonundan etibarən həyata keçirilən makroiqtisadi manevrlər və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar, eləcə də dünya bazarında neftin qiymətinin qismən yüksəlməsi Azərbaycanın tədiyə balansının möhkəmlənməsini təmin etmiş, həmçinin ölkədə fəaliyyət göstərən makroiqtisadi institutların sıx koordinasiyalı fəaliyyəti iqtisadiyyatın çevik tarazlaşmasını təmin edərək ölkənin makroiqtisadi dayanıqlığını gücləndirmişdir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib deyib ki, Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"sı ölkədə xarici borcun tənzimlənməsi və idarə edilməsi baxımından ciddi bir baza formalaşdırır. Onun sözlərinə görə, strategiya borcların idarə edilməsi üçün hazırlanmış mühüm sənəddir. Strategiyada 3 istiqamət üzrə hədəflər müəyyənləşdirilib: dayanıqlı və idarəolunan dövlət borcunun səviyyəsinin müəyyənləşdirilməsi; risklərin idarəedilməsi sisteminin təkmilləşdirilməsi; dövlət borcalmaları üzrə infrastrukturun və nəzarət mexanizminin gücləndirilməsinə nail olunması. İndiki dövrdə və xarici şokların hər zaman aktiv olduğu vaxtda dövlət borcu səviyyəsinin dayanıqlı və idarəedilən səviyyədə olması çox vacibdir: "Strategiyaya uyğun olaraq Azərbaycanda xarici borc səviyyəsinin tənzimlənməsi və 2025-ci ilədək xarici borc səviyyəsinin məhz tənzimlənən həddə qədər azaldılması nəzərdə tutulur. Həmçinin ümumi dövlət borcunun, həm də xarici borcun səviyyəsi proqnozlaşdırılır. Belə ki, 2025-ci ildə Azərbaycanda xarici dövlət borcunun məbləğinin 2018-ci illə müqayisədə 9,7 milyard dollardan 6,5 milyard dollaradək azalması nəzərdə tutulur. Bu, ÜDM-də borc səviyyəsinin 22,5 faizdən 12 faizədək azalması deməkdir. Bu isə ondan xəbər verir ki, xarici borcun ÜDM-də səviyyəsi 2025-ci ildə indiki səviyyə ilə müqayisədə faiz nisbətində 2 dəfəyə yaxın azalacaq. Bu da dayanıqlı xarici borca nail olunması baxımından əhəmiyyətlidir. Eyni zamanda, xarici dövlət borcunun xidmət xərclərinin azaldılması əsas hədəflərdən biridir. Nəzərə alsaq ki, bu il xarici dövlət borcunun xidmət xərclərinin məbləği 1 milyard 241,7 milyon dollar təşkil edirsə, 2025-ci ildə bu məbləğin 820,3 milyon dollaradək azalması proqnozlaşdırılır. Eləcə də, bunun büdcə xərclərində payı 10,1 faizdən 6,2 faizə qədər azalacaq".
Ekspert qeyd edib ki, daxili dövlət borcunun tənzimlənməsi və bu istiqamətdə proqnozlar birmənalı şəkildə təqdim olunur. Daxili dövlət borcları xarici dövlət borclarına nisbətən, xüsusən milli valyutada olduğuna görə, onların dayanıqlılığını təmin etmək daha asandır, lakin xarici borcların tənzimlənməsi daha vacibdir. Xarici borcların tərkibində valyuta strukturunun tənzimlənməsi də əsas hədəflərdəndir. Bu hədəflərə nail olunması üçün xüsusən dönərli valyutaya cəlb edilən xarici borcların məbləğinin də azaldılması əsas hədəflərdən biri kimi proqnozlaşdırılır. Həmçinin Strategiya riskləri müəyyənləşdirilir və həmin risklərin aradan qaldırılması ilə bağlı strateji hədəflərin həyata keçirilməsini təqdim edir: "Bütövlükdə strategiya Azərbaycanda xarici borcun tənzimlənməsi və idarə edilməsi baxımından ciddi bir baza formalaşdırır. Strategiyanın qəbul edilməsi və icrası imkan verəcək ki, Azərbaycan növbəti illərdə xarici borcun tənzimlənməsi və xarici borcun idarəolunan səviyyədə qorunub saxlanmasına nail ola bilsin. Bu da təbii ki, dayanıqlı inkişafın qorunub saxlanması baxımından vacibdir. Bu, xüsusən də ortamüddətli dövrdə Azərbaycana dayanıqlı idarəolunan xarici borca sahib olmaqla xarici riskləri ciddə şəkildə minimumlaşdıra bilməsinə imkan verəcək".
Alim