Çindən gətirilmiş laboratoriya avadanlığının təqdimatı keçirilib
28 Avqust 2018 15:51 İqtisadiyyatKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində Çin Xalq Respublikası Hökumətinin texniki yardımı hesabına həyata keçirilən "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rayon baytarlıq diaqnostika kabinetlərinin maddi-texniki bazasının gücləndirilməsi layihəsi" çərçivəsində alınmış avadanlıqların təhvil-təslim aktının imzalanma və təqdimatı mərasimi keçirilib.
Nazirlikdən "Olaylar"a bildirilib ki, mərasimindən öncə Xidmətin foyesində sərgilənən ayrı-ayrı laboratoriya avadanlıqlarına baxış keçirilib və həmin avadanlıqların istifadə qaydaları və texniki parametrləri barədə məlumat verilib. Bu avadanlıqlarla qanın, patoloji materialların və müəyyən heyvan xəstəliklərinin müayinəsi aparılır. Laboratoriya avadanlıqları Çin və Azərbaycan hökumətləri arasında ötən il, mayın 13-də mübadilə edilmiş notaya uyğun olaraq Çin hökuməti tərəfindən Azərbaycan hökumətinə Dövlət Baytarlıq Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə təqdim edilib. Mübadilə notasına əsasən Çin tərəfi qeyd olunan avadanlığı bu il yanvarın 13-də Bakıya çatdırıb. Avadanlıqların quraşdırılması, sistemə qoşulması və istismar üçün hazır vəziyyətə gətirilməsi, eyni zamanda çinli mütəxəssislər tərəfindən azərbaycanlı texniki heyətə təlimlərin keçirilməsi başa çatdırılıb. Bundan sonra avadanlıqların təhvil-təslim aktının imzalanması mərasimi keçirilib. Aktı Azərbaycan tərəfinin səlahiyyətli nümayəndəsi, kənd təsərrüfatı nazirini müavini Seyfəddin Talıbov və Çin tərəfinin səlahiyyətli nümayəndəsi, Çin Xalq Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Vey Cinxua imzalayıblar.