Dövlət proqramlarının icrası nəticəsində bütün sahələrdə uğurlar əldə edilib
14 Avqust 2018 16:28 İqtisadiyyatAzərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları bir sıra sahələrdə uğurların əldə eilməsində əhəmiyyətli rol oynayıb. "Azərbaycan Respublikası regionlarının2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın da əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusi ilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarətdir. Dövlət Proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün regionlarda infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusi ilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur.
Ölkənin sosial-iqtisadi inkişaf strategiyasında prioritet kimi müəyyən edilmiş və neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə regional tarazlığın təmin edilməsi istiqamətində müstəsna rol oynayan regional inkişaf üzrə Dövlət Proqramları konkret olaraq əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olmuş, vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Ölkədə həyata keçirilən regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurla icrası bir çıx sahələin inkişafına səbəb olub. Belə ki, sözügedən proqramların uğurla icrası nəticəsində bölgələrdə turizm komplekslərinin, otellərin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına, əhalinin istirahətinə geniş imkanlar yaratmışdır. Son illər ərzində 14-ü regionlarda olmaqla, 35 beş ulduzlu otel istifadəyə verilmiş və bu istiqamətdə işlər uğurla davam etdirilir.
Sözügedən proqramlar çərçivəsində inkişaf edən infrastruktur sahələrindən biri də nəqliyyat sektorudur ki, bu sahəyə davamlı və iri həcmli investisiyaların yönəldilməsi nəticəsində nəqliyyatın hərəkət heyətinin yeniləşməsi, körpülərin tikilməsi, yeni avtomobil yollarının çəkilişi, yenidən qurulması və s. işlər davam etdirilmiş, strateji əhəmiyyətli layihələrin səmərəli fəaliyyəti sahənin inkişafına öz müsbət təsirini göstərmiş, ümumilikdə bu sahədə 2,5 dəfə artıma nail olunmuşdur. Dünya ölkələri, xüsusilə Avropa İttifaqına üzv ölkələrlə birbaşa nəqliyyat əlaqələri genişlənmiş, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri dünyada enerji təhlükəsizliyinin təmin olunmasına layiqli töhfələr vermişdir. Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan TANAP və TAP layihələri, həmçinin "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması ölkə iqtisadiyyatının inkişafında səmərəli olmaqla əhalinin sosial rifahının və ölkəmizin sosial-iqtisadi inkişafının daha da yaxşılaşmasında müstəsna əhəmiyyət kəsb edir. Bununla yanaşı, ölkənin tranzit potensialının reallaşdırılması istiqamətində tədbirlər, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti, Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilmişdir. Regional İnkişaf Dövlət Proqramlarının icrası çərçivəsində son illər ərzində 8,3 min kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilmiş və ya təmir olunmuş, regionlarda 307 yeni körpü və yol ötürücüsü tikilmiş və ya təmir edilmiş, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ və Yevlax şəhərlərində hava limanları istifadəyə verilmişdir.
Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə sahəsinin inkişafında 8,2 dəfə artıma nail olunmuşdur. Mövcud informasiya və rabitə sahələrinin intensiv və yüksək səviyyədə inkişafı, yeni xidmət növlərinin, o cümlədən mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması və genişlənməsi ilə səciyyələnir. XXI əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökumətin formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritet sahələrdən biri hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi həyatına son illər daha ciddi nüfuz etmişdir. Son 10 ildə regionlarda 1400 - dək ATS, 1000-ə yaxın poçt binası tikilmiş və ya əsaslı təmir edilmişdir. Hər 100 ailəyə düşən telefon aparatlarının sayı 1,6 dəfə, mobil telefon abunəçilərinin sayı 9,6 dəfə artmış, hər 100 nəfərdən 70-i internet istifadəçisi olmuşdur.
İnsanların sağlam təbii mühitdə yaşamaları və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşması naminə istifadəsi məsələləri ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir. Ekologiyanın və təbii mühitin tarazlığının qorunması, əhalinin təmiz suya və havaya olan ehtiyaclarını təmin etmək məqsədilə son illər ərzində bir sıra tədbirlər həyata keçirilmişdir. Ölkədə xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və ekoturizmin inkişaf etdirilməsi məqsədilə 2003-cü ildən başlayaraq Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu, Eldar şamı, Korçay dövlət təbiət qoruqları, eləcə də Abşeron, Ağgöl, Göygöl, Şahdağ, Şirvan, Akademik Həsən Əliyev adına Zəngəzur, Hirkan, Altıağac və Samur-Yalama milli parkları yaradılmış, xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 478 min hektardan 893 min hektaradək artırılmışdır. Bu dövrdə yaşıllıqların salınması sahəsində 20 milyon ağac və kol əkilmiş, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması üçün 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır.
Dövlət Proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir. Əhalinin elektrik enerjisinə olan tələbatını təmin etmək istiqamətində son illərdə regionlarda ümumi gücü 2000 meqavatta yaxın 17 elektrik stansiyası tikilmiş,10 min km-dən çox elektrik verilişi xətləri və 1500-dən çox yarımstansiya tikilmiş və ya yenidən qurulmuş, təbii qazla təchizatın yaxşılaşdırılması sahəsində isə 40 min kilometrədək qaz xətləri çəkilmiş və ya təmir edilmiş, yaşayış evlərinin qazlaşma səviyyəsi 34%-dən 83,4%-ə çatmışdır.
Əhalinin su təminatının yaxşılaşdırılması üçün yeni su və kanalizasiya xətləri çəkilmiş, yeni su anbarları istifadəyə verilmiş, əhəmiyyətli meliorasiya tədbirləri həyata keçirilmişdir. Bu dövrdə regionlarda 3,4 min kilometrdən çox su, 1,2 min kilometrdən çox kanalizasiya xətti çəkilmiş, 96 su anbarı tikilmişdir. Regionların inkişafında sosial məsələlərin həlli ilə bağlı zəruri tədbirlər davam etdirilmiş, insan amili daim diqqət mərkəzində saxlanılmış, bu sahəyə xidmət edən sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür.
Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında mühüm rolu olmuş. Fondun, təşəbbüsü ilə həyata keçirilən layihələrin miqyası minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar açmışdır. Təhsil infrastrukturunun inkişafı sahəsində 2708 məktəb tikilmiş və ya əsaslı təmir olunmuş, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində 500-dən çox səhiyyə müəssisəsi istifadəyə verilmişdir. Ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə 2007-ci ildən başlayaraq hər il yaşa görə əmək pensiyasının baza hissəsi və sosial müavinətlərin məbləği artırılır.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları qaçqın və məcburi köçkünləri də sosial məsələlərinin həllində əhəmiyyətli rol oynayıb. Həyata keçirilən tədbirlər nəticəsində bütün çadır düşərgələri ləğv olunmuş, qaçqın və məcburi köçkünlər üçün 77 müasir qəsəbə salınmış, 37 min ailə - 166 min məcburi köçkün mənzillə təmin edilmişdir. Eyni zamanda əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işləri davam etdirilmiş, 2788, o cümlədən regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilmişdir. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 10 il ərzində ölkənin müxtəlif bölgələrində 41 olimpiya idman kompleksləri istifadəyə verilmiş, ümumilikdə 250-dən çox idman və gənclər obyekti tikilmiş və ya yenidən qurulmuşdur.
Sadalanan faktlar deməyə əsas verir ki, ümumilikdə dövlət proqramlarının icrası nəticəsində bütün sahələrdə böyük uğurlar qazanılmış, Azərbaycanın maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olmuşdur. Ölkə bölgələrinin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir