Tovuzun 5 kəndində içməli su layihəsi həyata keçirilir
2 Avqust 2018 16:01 İqtisadiyyatTovuz rayonunun 5 kəndində içməli su layihələri həyata keçirilir. "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, icra olunan içməli su layihələri rayonun Qədirli, Xatınlı, Çilovdarlı, Əlimərdanlı və Qaraxanlı kəndlərini əhatə edir. Bu kəndlərin içməli su problemini həll etmək məqsədilə cari ilin iyun ayında yeni layihənin icrasına başlanılıb. Layihəyə əsasən, kəndləri keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 2 ədəd subartezian quyusu qazılacaq. Buradan götürülən su həcmi 250 kubmetr olan mövcud su anbarına ötürüləcək. Layihə çərçivəsində həmin su anbarı əsaslı təmir olunacaq və suyun kəndlərə təzyiqlə ötürülməsini təmin etmək üçün nasos stansiyası quraşdırılacaq.
Ümumilikdə Tovuz rayonunun 5 kəndində 40 km su xətlərinin tikintisi və əhalinin ümumi istifadəsi üçün 175 ədəd bulağın quraşdırılması nəzərdə tutulub. Artıq kəndlərdə su xətlərinin tikintisi intensiv qaydada davam etdirilir və indiyədək 20 km su xətti çəkilib.
Layihənin icrası tam başa çatdıqdan sonra Tovuz rayonunun Qədirli, Xatınlı, Çilovdarlı, Əlimərdanlı və Qaraxanlı kəndlərinin 12 mindən çox sakini keyfiyyətli içməli su ilə təmin ediləcək. Qeyd edək ki, indiyədək bu kəndlərdə içməli su şəbəkəsi mövcud olmayıb və əhali suya olan tələbatını uzaq məsafələrdən daşıyaraq ödəyir. Xüsusilə yay aylarında kəndlərin su təminatında çətinliklər yaranır.