İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın sürətlə inkişaf edən dövlətinə çevrilib

Sevinc Cəfərova: "Əsas məqsəd paytaxtla yanaşı bütün bölgələrin hərtərəfli inkişafının təmin edilməsidir"

Müsahibimiz "Dəyər" Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Cəfərovadır.

"Bu gün Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın sürətlə inkişaf edən dövlətinə çevrilib. Qazanılan uğurlar, əldə olunan nəaliyyətlər, sabitlik, ölkədə bütün sahələr üzrə gedən sürətli inkişaf Azərbaycanın beynəlxalq aləmdəki mövcud mövqeyini də xeyli gücləndirib. Siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanın beynəlxalq ictimaiyyətə daha yaxşı tanınmasına şərait yaradıb. Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır. Hazırda ölkə dünya birliyi və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dinamik inkişaf edən iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan bir dövlət kimi tanınır". Bu fikirləri Olaylar.az Dəyər İctimai Birliyinin rəhbəri Sevinc Cəfərova bildirib.

Seninc Cəfərova qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyev tərəfindən davam etdirilən xarici və daxili siyasət, gerçəkləşən iqtisadi doktrina belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də bu siyasətin davamı sayəsində hərtərəfli inkişaf sürətini daha da artıracaq. Həm regional, həm də qlobal səviyyədə öz mövqelərini daha da möhkəmləndirəcəkdir.

"Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq olunan regionların davamlı iqtisadi yüksəlişi strategiyası prezident İlham Əliyev tərəfindən inamla və ardıcıllıqla davam etdirilir. Bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində prezident İlham Əliyev tərəfindən təsdiqlənən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin dediyi kimi: "Azərbaycanın hər bir yerində quruculuq-abadlıq işləri aparılır, regionların sosial-iqtisadi inkişafı proqramı icra edilir. Əlbəttə, bu proqram həm yeni iş yerlərinin açılmasına xidmət edir, eyni zamanda, bölgələrin sosial problemlərinin aradan qaldırılmasına kömək göstərir. Ölkəmiz məhz bu istiqamətdə inkişaf etməlidir. Güclü iqtisadiyyatla yanaşı, insanlara qayğı və diqqət də ən yüksək səviyyədə olmalıdır"".

İlham Əliyevin regionların sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxladığını bildirən QHT rəhbəri qeyd etdi ki,  regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritetinə çevrilib.

"Əsas məqsəd isə paytaxtla yanaşı bütün bölgələrin də hərtərəfli inkişafının təmin edilməsidir. Prezident İlham Əliyev tərəfindən regionların sosial-iqtisadi inkişafı sahəsində qəbul edilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası nəticəsində ölkənin regionları yeni inkişaf mərhələsinə qədəm qoyub. Yeni infrastrukturlar qurulur, yollar çəkilir, körpülər tikilir, ən ucqar kəndlər belə qazlaşdırılır.

Prezident İlham Əliyev mütəmadi olaraq bölgələrə səfər edib, infrastruktur obyektlərinin və yeni müəssisələrin, xəstəxana, məktəblərin açılış və təməlqoyma mərasimlərinə qatılıb, fəaliyyətdə olan müəssisələrin fəaliyyəti ilə yaxından tanış olub, tapşırıq və tövsiyələrini verib. Bütün bunlar da müvafiq dövlət proqramlarının icrası ilə məşğul olan qurumların işə məsuliyyətini daha da artırmış, qazanılan nailiyyətlərin sırasını genişləndirmişdir. Regionların inkişafı ilə bağlı dövlət proqramlarının icrası ilə əlaqədar ortaya çıxan müxtəlif məsələlərin həlliylə bağlı 240 sərəncam imzalanıb, ümumilikdə proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib.

Bölgələrin sürətli inkişafında, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, əhalinin məşğulluğunun yaxşılaşdırılmasında bu dövlət proqramlarının icrası mühüm əhəmiyyət kəsb edir".

Sevinc Cəfərova Dövlət Proqramı sayəsində kənd təsərrüfatı sahəsində aparılan dəyişiklik və inkişafına nəzər salaraq vurğulayır ki, kənd təsərrüfatının inkişafı daim dövlət tərəfindən diqqət mərkəzində saxlanılır: "Həyata keçirilən aqrar islahatlar, dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatında mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artmasına, fəallığın yüksəlməsinə səbəb olub. İqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində qeyri-neft sektorunun inkişafının təmin edilməsi dövlətimizin əsas iqtisadi prioritetlərindəndir. Bu məqsədlə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyyatın diversifikasiyasına nail olunması ilə yanaşı, qeyri-neft sektorunun da ümumi daxili məhsulda xüsusi çəkisi nəzərə çarpacaq dərəcədə artıb. Ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilib və görülən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün əlverişli şərait yaradılıb. Kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın, tütünçülüyün, baramaçılığın sürətli inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayesinin genişlənməsi istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar bir sıra hüquqi aktlar, o cümlədən dövlət proqramları qəbul edilib. Eləcə də, ölkənin ixrac potensialının yüksəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların innovativ qabiliyyətlərinin artırılması istiqamətində lazımi tədbirlər görülüb. Yüksək məhsuldarlığın əldə olunması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı prosesində intensiv metodların geniş tətbiqində istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiyanın formalaşmasında önəmli rolu olan aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılıb. Dünya Bankının 2016-2018-ci illər üçün proqnozlaşdırılan inkişaf göstəricilərində də Azərbaycanda kənd təsərrüfatının inkişaf tempi qeyd olunub. Bildirilir ki, bu sahə üzrə 2016-cı ildə 4,2 faiz, 2017 və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla yüksəliş gözlənilir. Proqnoza görə, Azərbaycan bu sahədə inkişafda Cənubi Qafqaz ölkələri arasında birinci yerdə olacaq. Kənd təsərrüfatının artım faizi proqnozu ilə ölkəmiz hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdədir".

Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafını qeyrineft sektorunun əsas istiqamətlərindən biri elan etdiyini və bu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verdiyini qeyd edən Sevinc Cəfərova bildirir ki, son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, daxili sabitlik ölkəyə turist axınını daha da sürətləndirib: "Dövlət tərəfindən göstərilən diqqət və qayğı sayəsində son illər bütün sektorlarda olduğu kimi , turizm sektoru da inkişaf etməyə və xeyli genişlənməyə başlayıb. Bu gün ilin bütün dövrlərində Azərbaycanın turizm obyektlərində yerli və xarici turistlərə yüksək səviyyədə xidmətlər göstərilir. Hazırda Azərbaycanda turizmin ən müxtəlif növləri, o cümlədən mədəni turizm, rekreasiya turizmi, dağ-xizək, idman turizmi, işgüzar turizm, ekoloji turizm, ov və çimərlik turizmi üzrə xidmətlər tətbiq edilir. Azərbaycanda kifayət qədər tarixi və mədəni abidələr, tarixi məkanlar var. Belə tarixi məkanlar həm paytaxt, həm də bölgələrdə mövcuddur. Bu da mədəni turizm çərçivəsində ölkəyə səyahət edən turistlərin diqqətini xüsusilə cəlb edir. Azərbaycan qədim tarixi, zəngin mədəniyyəti və ənənəvi qonaqpərvərliyi ilə turizm sahəsinin inkişafı üçün böyük potensiala malikdir. Bölgələrdə aparılan yenidənqurma işləri isə turizmin inkişafına daha böyük təkan verdi. Belə ki, bölgələrdə mövcud olan tarixi məkanlar turistlərin ziyarəti əlverişli şərait yaradılıb. Bunun nəticəsində ölkədə turizm sənayesi yeni mərhələyə qədəm qoyub və ölkəmiz dünyada turizm istiqaməti kimi tanınmağa başlayıb. Ölkədə həyata keçirilən uğurlu turizm siyasətinin nəticəsidir ki, dünya miqyasında Azərbaycanın turizm reytinqi əhəmiyyətli dərəcədə yüksəlib".

Sevinc Cəfərova son illər ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət sayəsində bu sahədə çox mühüm nəaliyyətlər qazanıldığını, Azərbaycanda müntəzəm və düşünülmüş şəkildə həyata keçirilən layihə və proqramların nəticəsində son 14 il ərzində ölkə iqtisadiyyatı 3,2 dəfə, o cümlədən qeyri-neft iqtisadiyyatı 2,8 dəfə artıb. Konkret sahələrə gəldikdə isə sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə, qeyri-neft ixracında 4,1 dəfə artım qeydə alındığını bildirdi. "2004-cü ildə valyuta ehtiyatlarımız cəmi 1,8 milyard dollar olduğu halda, hazırda 42 milyard dollara çatdırılıb. Bu da 14 il ərzində valyuta ehtiyatlarının 23 dəfə artması deməkdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, valyuta ehtiyatları həm böyük sərvətdir, həm də iqtisadi müstəqillik üçün müəyyən bir qarantdır.

Sevindirici haldır ki, son 15 ildə Azərbaycanın bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirir".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31