Regionların sosial-iqtisadi inkişaf proqramları sahibkarlığın inkişafına təkan verib
23 İyul 2018 13:29 İqtisadiyyatÖlkədə uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası nəticəsində iqtisadiyyatın bütün sahələrdə böyük uğurlar qazanılmış, Azərbaycanın maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olmuşdur. Qətiyyətlə demək olar ki, ölkə bölgələrinin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində son on beş ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olaraq "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" hazırlanmışdır. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynamaqdadır.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə bağlı ölkə iqtisadiyyatının inkişafı, makroiqtisadi sabitliyin təmin olunması, sahibkarlıq fəaliyyətinin genişlənməsi, yeni müəssisə və iş yerlərinin yaranması və s. istiqamətlərdə bir sıra mühüm tədbirlər görülmüşdür. Ölkə Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun artırılması və rayonların dotasiyadan asılılığının aradan qaldırılması istiqamətindəki tapşırıqlarının icrası sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilib. Son illərdə uğurla həyata keçirilmiş dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan vermişdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər qeyri-neft sahələrinin, xüsusilə kənd təsərrüfatının sabit inkişafına zəmin yaratmış, yeni iş yerləri açılmışdır. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə milli iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinə uyğun surətdə biznes mühitinin əlverişliliyinin artırılması ilə bağlı geniş tədbirlər planı hazırlanmış, biznes mühitin təkmilləşdirilməsi, təşviq və imtiyaz mexanizmlərinin tətbiqi, sosial rifahın yaxşılaşdırılması, maliyyə-bank sisteminin sağlamlaşdırılması ilə bağlı onlarca islahat həyata keçirilmışdir. Qeyd edilən rəsmi sənədlərin hər birinin hazırlanması zamanı regionlarda sahibkarların fikirləri, təklifləri öyrənilmişdir. Qeyri-neft sektorunun inkişaf etdirilməsində sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafı dövlətin ən çox önəm verdiyi məsələlərdən hesab olunur. Xüsusilə, fermerlər üçün bir sıra güzəştlərin müəyyən edilməsi, onların torpaq vergisi istisna olmaqla, digər bütün vergilərdən azad edilməsi, güzəştli şərtlərlə kreditlərin verilməsi, ayrı-ayrı sahələr üzrə dövlət subsidiyalarının ayrılması kənd təsərrüfatının, bununla yanaşı, regionların inkişafına təkan verməkdədir. Məlum olduğu kimi, regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində bölgələrin inkişafının sürətləndirilməsi nəzərdə tutulur. Elə bu məqsədlə bölgələrdə hər bir rayon üçün spesifik istehsal sahələri yaradılır. Məsələn, təkcə 2017-ci ilin 9 ayı ərzində Qazaxda 10 yeni müəssəsisə yaradılıb, 1350 daimi olmaqla, 1391 yeni iş yeri açılmışdır. Cari il ərzində rayonda əsas kapitala yönləndirilən investisiyanın həcmi 46 milyon 570 min 979 manat olub. Bunun 28 milyon 168 min 423 manatı sənaye müəssisələri,17 milyon 237 min 556 manatı kənd təsərrüfatının, qalanı isə digər sahələrin payına düşür. Kənd təsərrüfatı və tikinti sektoru üzrə sahibkarlıq fəaliyyəti üzrə daha çox inkişaf etmişdir. Ölkənin iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliyevin iqtisadi siyasətinin ana xəttini təşkil edir. Azərbaycan Respublikasında 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verməkdədir.
2018-ci ilin yanvarın 29-da keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın dördüncü ilinin yekunlarına həsr olunan konfransda ölkə Prezidenti cənab İlham Əliyev son 14 il ərzində görülən işlər barədə ətraflı danışdı və post-neft dövründə iqtisadiyyatın diversifikasiyası ilə bağlı prioritetləri müəyyənləşdirdi. Konfransda, dövlət başçısı Azərbaycanda biznes mühiti ilə bağlı öz fikirlərini bildirərək qeyd etdi ki, "...Ümumiyyətlə, mən biznesin sosial məsuliyyəti məsələləri ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Dövlət iş adamlarına bu qədər şərait yaradır, həm siyasi dəstək, həm də maliyyə dəstəyi göstərir. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, islahatların aparılması istiqamətində bu qədər işlər görülür və beynəlxalq qurumlar da bunu qeyd edirlər. Bunun müqabilində iri biznes qurumları gərək öz sosial məsuliyyətini dərk etsinlər. Sosial məsuliyyət təkcə hansısa xeyriyyəçiliklə məşğul olmaq deyil. Sosial məsuliyyət, eyni zamanda, kiçik biznesə, ailə biznesinə dəstək göstərməkdir. Ona görə mən Prezident Administrasiyasına, müvafiq nazirliklərə, İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, digər aidiyyəti qurumlara tapşırıram ki, bu məsələ ilə bağlı təkliflər hazırlasınlar. Bəlkə böyük biznes şirkətləri ilə bir görüş keçirsinlər və onları ailə biznesinə dəstək üçün bu proqrama cəlb etsinlər. Bu, ədalətli olar. Böyük şirkətlər, xüsusilə dövlətdən, dövlət siyasətindən yararlanıb böyük vəsait əldə edən şirkətlər kiçik sahibkarlara dəstək verməlidir".
Qeyd etmək lazımdır ki, regionların proqram təminatlı inkişafa keçidi tarixi hadisə idi və 2004-cü ilin əvvəllərində qəbul edilmiş ilk proqram Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı istiqamətində əsl dönüş yaratdı. Regionların tarazlı və sürətli inkişafı ilə bağlı qəbul edilmiş üç dövlət proqramının icrası nəticəsində ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artmış, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Ölkəmizdə ardıcıl və düşünülmüş şəkildə həyata keçirilən layihə və proqramların nəticəsidir ki, son 14 il ərzində iqtisadiyyatımız 3,2 dəfə, o cümlədən qeyri-neft iqtisadiyyatımız 2,8 dəfə artmışdır. Konkret sahələrə gəldikdə isə sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə, qeyri-neft ixracında 4,1 dəfə artım qeydə alınmışdır. 2004-cü ildə valyuta ehtiyatlarımız cəmi 1,8 milyard dollar olduğu halda, hazırda 42 milyard dollara çatdırılmışdır. Bu da 14 il ərzində valyuta ehtiyatlarının 23 dəfə artması deməkdir. Ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, valyuta ehtiyatları həm böyük sərvətdir, həm də iqtisadi müstəqillik üçün müəyyən bir qarantdır.
Regional inkişafın prioritet kimi seçilməsi və ölkədə əlverişli sosial-iqtisadi sabitliyin təmin olunması sayəsində 2004-cü ildən bəri ölkə iqtisadiyyatına 231 milyard dollar həcmində sərmayə qoyulmuşdur. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan hazırda dünya miqyasında aparıcı dövlətlər sırasındadır. İnvestisiyaların 50 faizdən çoxu xarici investisiyaların payına düşür. Bu da hər şeydən əvvəl müstəqil Azərbaycan dövlətinin gələcəyinə olan inam və ümidin göstəricisidir. Çünki gələcəyi qaranlıq olan ölkələrə, təbii ki, heç bir sahibkar, heç bir dövlət, heç bir şirkət investisiya qoymaz. Məhz Azərbaycanda aparılan məqsədyönlü iqtisadi siyasət sayəsində ölkəmizdə 2017-cı ildə 171 mini daimi olmaqla 226 min yeni iş yeri açılmışdır. Son 14 il ərzində ölkədə 1,9 milyon yeni iş yeri yaradılıb ki, onlardan 1,4 milyonu daimi iş yeridir. Yeni yaradılmış iş yerlərinin əsas hissəsi, yəni 65 faizi qeyri-dövlət sektorunun payına düşür. Ölkə rəhbərliyinin yüksək dəqiqliklə seçdiyi və uğurla həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət kursu nəticəsində əlverişli biznes və investisiya mühiti investisiya axınının sürətlənməsinə şərait yaratmış, ölkəmizdə orta illik iqtisadi artım 12,2 faiz təşkil etmiş, son on dörd ildə daxili mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 3,6 dəfə, o cümlədən qeyri-neft sektoruna yönəldilən investisiyalar 9,6 dəfə, minimum əməkhaqqının səviyyəsi 3,5 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 3,3 dəfə, orta aylıq pensiya isə 4,7 dəfə artmışdır. Nəticə etibarilə ölkədə yoxsulluğun səviyyəsi 5.4 faizdən, işsizlik səviyyəsi isə 5 faizdən aşağı enmişdir. Həyata keçirilmiş sosialyönümlü siyasətin nəticəsi olaraq, orta aylıq əməkhaqqı 2003-cü ildəki 77,4 manatdan 2017-ci ildə 525 manatadək, son bir ildə isə əməkhaqqı 6,4 faiz artmışdır. Müstəqil Azərbaycanın inkişaf strategiyasında biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. Dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" kursuna uyğun olaraq, bu istiqamətdə sistemli və ardıcıl tədbirlər həyata keçirilmiş, qanunvericilik bazası təkmilləşdirilmiş, inzibati prosedurlar sadələşdirilmiş, vergi yükü azaldılmış, sahibkarlığa sistemli dövlət dəstəyi tədbirləri həyata keçirilmişdir. Təkcə son 14 ildə layihələrinin ümumi dəyəri 4 milyard manatdan çox olan 34 mindən çox sahibkara 2 milyard manatdan çox güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 154 minə yaxın yeni iş yerinin açılması imkanı yaratmışdır. Verilmiş güzəştli kreditlərin bir milyard manatı büdcə, bir milyard manatı geri qaytarılan vəsaitlər hesabına olmuşdur. Güzəştli kreditlərin 70 faizi aqrar sektorun, 30%-i müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilmişdir. Verilmiş kreditlərin 75.4%-i regionların, 24.6 faizi isə Bakı qəsəbələrinin payına düşür.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir