Hansı amillər icbari tibbi sığortanın genişlənməsinə imkan vermir?

Dövlət başçısının sərəncamı mövcud problemləri aradan qaldıracaq

Prezident İlham Əliyev Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında  Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon (bir milyon üç yüz min) manat ayrılıb. Xatırladaq ki, 1999-cu ildə Milli Məclisdə "İcbari tibbi sığorta haqqında" qanun qəbul olunub. 2007-ci ildə isə ona əlavə və dəyişikliklər edilib. Qanuna uyğun olaraq prezidentin sərəncamı ilə Dövlət İcbari Tibbi Sığorta Agentliyi yaradılıb. İcbari tibbi sığortanın həyata keçirilməsi üçün hər il büdcədən maliyyə vəsaiti ayrılır. Hazırda respublikanın bir neçə rayonunda icbari tibbi sığorta ilə bağlı pilot laihə həyata keçirilir. Qarşıda isə sözügedən layihənin bütövlükdə ölkə ərazisində şamil edilməsi nəzərdə tutulur. Amma hər il də icbari tibbi sığorta tətbiq edilmədiyi üçün həmin vəsait büdcəyə qayıdır. Dövlət rəsmiləri hər dəfə gələn ildən icbari tibbi sığortanın həyata keçiriləcəyini, bununla bağlı qurumun yaradıldığını, qanunvericiliyin təkmilləşdirildiyini dilə gətirsələr də fakt ondan ibarətdir ki, hələlik əhalinin mütləq əksəriyyəti bi mexanizmdən yaralana bilmir. Maraqlıdır, görəsən hansı ciddi arqumentlər icbari tibbi sığortanın genişlənməsinə imkan vermir?

Məlumat üçün qeyd edək ki, sözügedən mexanizmin reallaşmasına mane olan amillərdən birinin özəl klinikalar olduğu bildirilir. Əldə olunan məlumata görə, klinikalar üçün hazırda tətbiq olunan mexanizm daha sərfəlidir. Çünki hazırki şəraitdə heç bir məsuliyyət daşımayan özəl klinikalar göstərdikləri xidmətlərə görə istədikləri qiyməti müəyyən edirlər ki, buna görə, onlara "gözün üstə qaşın var" deyən yoxdur. Daha dəqiq, müalicə və müayinənin keyfiyyətinin fərqində olmayan klinikalar tanınmış yerli və xarici həkim-mütəxəssisləri dəvət edərək şərikinə işləyirlər. Axtarsan belə əməkdaşların böyük əksəriyyəti ilə heç əmək müqaviləsi də bağlanmır.  Milli Məclisinin sosial siyasət komitəsindən bildirilib ki, icbari tibbi sığortanın reallaşdırıla bilməməsinin səbəbləri çoxdur, əsas da obyektiv səbəblərdir. Lakin görülmüş tədbirlər nəticəsində sistemin həyata keçirilə bilməsi üçün demək olar bütün maneələr aradan qaldırılıb. Birinci növbədə o səbəblər səhiyyə sisteminin yenidən qurulması ilə bağlı idi. Artıq yeni, modern səhiyyə sistemi qurulub, əmək bazarının formalaşması, sığorta sisteminin inkişafı ilə də bağlı problemlər həllini tapır. Azərbaycanda icbari tibbi sığorta tətbiq olunmasına heç bir maneə yoxdur. Komitədən onu da bildiriblər ki, icbari tibbi sığortaya keçid xidmətin keyfiyyətinin yaxşılaşmasına və israfçılığın qarşısını almağa kömək edəcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, artıq icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə dəstək məqsədilə keçid planının hazırlanmasına başlanılır. İcbari tibbi sığortanın 2019-cu ildən etibarən bütün ölkəyə tətbiqi ilə əlaqədar hazırlıq işlərinin sürətləndirilməsi və keçid dövründə rast gəlinə biləcək maneələrin öncədən proqnozlaşdırılaraq aradan qaldırılması məqsədilə fəaliyyət planının tərtibinə dəstək üçün məsləhətçi şirkət cəlb edilib. Bu məqsədlə, Azərbaycan Prezidentinin 19 iyul 2018-ci il tarixli sərəncamına əsasən vəsait ayrılıb. Sərəncamın icrası üçün məsləhətçi şirkət qismində "McKinsey & Company" şirkəti seçilib. Məqsəd əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi, səhiyyə sisteminin effektivliyinin artırılması üçün islahatların aparılması, bu sahəyə ayrılan vəsaitlərin səmərəli istifadəsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Səhiyyə Nazirliyi ilə birgə keçid planının və yol xəritəsinin hazırlanmasıdır. Məlumatda qeyd edilib ki, beynəlxalq miqyasda tanınan və böyük nüfuza malik olan şirkət dünyanın 60 ölkəsində fəaliyyət göstərməkdədir, son 5 ildə səhiyyə sahəsində 2000-dən çox layihənin reallaşmasında iştirak edib. Şirkətin əsas fəaliyyət istiqamətləri sosial islahatların aparılması üçün strateji plan və maliyyə modellərinin hazırlanmasıdır. ""McKinsey & Company" şirkəti Agentliyin icbari tibbi sığortanın pilot layihəsi müddətində topladığı təcrübəsindən yararlanaraq sistemin ölkə üzrə keçidinin inkişaf mərhələləri əks olunmuş strateji yol xəritəsinin hazırlanmasında iştirak edəcəkdir. Şirkətin əsas dəstəyi icbari tibbi sığortaya ölkə üzrə keçid zamanı yaranacaq məsələlərin həlli yollarının təklif edilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə səhiyyə infrastrukturunda islahatların aparılması, habelə dayanıqlı sistemin yaradılmasına, tibb müəssisələrinin effektiv idarəçiliyinə, maliyyə vəsaitlərinin toplanması və xərclənməsində səmərəliliyin artırılmasına dair məsləhətlərin verilməsidir.  Strateji yol xəritəsinə əsasən səhiyyə sahəsində islahatların aparılması, səhiyyə xərclərinin hesablanması, əhalinin səhiyyə ilə bağlı maliyyə yükünün azaldılması və 2019-cu ildən ölkədə icbari tibbi sığortanın geniş tətbiqinə rahat keçid təmin ediləcək".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31